• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Bakıda “Azərbaycan-İtaliya dialoqu” forumu keçirilir - FOTOLAR

Bakıda “Azərbaycan-İtaliya dialoqu” forumu keçirilir - FOTOLAR

Bu gün ADA Universitetində Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş “Azərbaycan-İtaliya dialoqu” forumu işə başlayıb.

Publika.az xəbər verir ki, forumda Azərbaycanın və İtaliyanın bir sıra dövlət rəsmiləri, diplomatlar, millət vəkilləri, hər iki ölkənin elm və iş adamları iştirak edirlər.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyib ki, sözügedən forum dostluq və dialoq forumudur:

“İtaliya ticarət və siyasət baxımından Azərbaycan üçün vacib tərəfdaşdır. Buna görə də Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının ildönümü əhəmiyyətli hadisədir”.

İtaliyanın Azərbayandaı səfiri Campaolo Kutillo 2013-cü ildən ölkəmizdə səfir kimi fəaliyyətə başladığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İtaliya strateji tərəfdaş olan ölkələrdir:

“Bir neçə il öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev İtaliyada səfrdə olub. İtaliyanın Baş naziri ilə cənab İlham Əliyev arasında çox faydalı görüşlər keçirilib. Bütün bunlar bizim əlaqələrin daha da inkişaf etməsinə zəmin yaradıb”.

Səfir qeyd edib ki, paytaxt Bakı təmiz və təhlükəsiz şəhərdir:

“Azərbaycanla ilk tanışlığım “Əli və Nino” əsərini oxuyan zaman olub. Bu əsər XX əsrin ən gözəl bədii nümunələrindən biridir. İtaliyanın Pozitano şəhərinin dəniz sahillərində sözügedən əsərin müəllifi olan Qurban Səidin adını daşıyan abidə də var”.

İtaliya-Azərbaycan dostluq qrupunun sədri, Milli Məclisin deputatı Azər Kərimli vurğulayıb ki, Avropa ölkələri ilə münasibətlərdə İtaliya xüsusi önəm kəsb edir:

“Bu münasibətlərin inkişafında Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu qeyd etmək istəyirəm. O, Azərbaycanın İtaliyada tanıdılması istiqamətində böyük işlər həyata keçirib”.

A.Kərimli deyib ki, İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biri olub:

"Ötən 25 il ərzində Azərbaycan bölgənin çox qabaqcıl ölkələrindən birinə çevrilib. Bu gün bölgədə heç bir böyük infrastruktur layihəsi Azərbaycanın iştirakı olmadan keçirilmir. Azərbaycan həmçinin qeyri-neft sektorunu da inkişaf etdirir. Ölkədə çoxpartiyalı sistem mövcuddur. 25 illik müstəqillik dövründə biz Avropa təşkilatları ilə sıx əməkdaşlıq etmişik".

Deputat qeyd edib ki, Azərbaycan-İtaliya münasibətləri çoxşaxəlidir:

"İtaliya Cənubi Qaz Dəhlizinin üç əsas investorlarından biridir. Bu münasibətlərimizin əsas göstəricilərindən biri sayılır".

A.Kərimli İtaliyanın Xocalı soyqırımı ilə bağlı öz mövqeyini bildirəcəyinə ümid etdiyini də söyləyib:

"Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinə dünya dövlətləri, o cümlədən İtaliya da biganə qalmamalıdır".

İtaliya Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Fiorella Provera isə qeyd edi ki, Azərbaycan İtaliya üçün vacib tərəfdaş və dost olan ölkədir:

“Azərbaycan və İtaliya arasında çox yaxşı oxşarlıq mövcuddur. İki ölkə arasında mövcud olan münasibətlər həm mədəni, həm iqtisadi, həm də siyasi müstəvidə inkişaf etdirilir. Biz azərbaycanlı deputat Azər Kərimli ilə 2005-ci ildən tanşıq. Onunla öncə birgə işlər görmüşük, sonra isə dostlaşmışıq. Azər Kərimli ilə dostluğumuzun sayəsində Azərrbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupu yaradılıb. Hazırda bu Dostluq Qrupu ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə töhfələr verir”.

Hazırda forum çıxışlarla davam edir.

Qeyd edə ki, aprelin 28-də, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək. Konsertdə hər iki ölkənin tanınmış müsiqiçiləri iştirak edəcəklər.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR