Ərdoğan: “BTQ ilə Londondan Çinə qədər dəmiryolu əlaqəsinin yaradıldığını elan edirik” - - MÜSAHİBƏ
Bizi izləyin

Nida Xəbər

Ərdoğan: “BTQ ilə Londondan Çinə qədər dəmiryolu əlaqəsinin yaradıldığını elan edirik” - - MÜSAHİBƏ

Publika.az Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan agentliklərinə müsahibəsini təqdim edir:

-Türkiyə-Azərbaycan əlaqələri və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının budəfəki iclasının əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

-Azərbaycanla diplomatik əlaqələrimizin yenidən yaradılmasının 25-ci ildönümünü bu ilin yanvar ayında qeyd etdik. 25 il bundan əvvəl Can Azərbaycanla yenidən yaradılan əlaqələrimizin bu gün strateji müttəfiqlik səviyyəsində olması isə bizim xüsusi sevinc və qürur mənbəyimizdir.

Azərbaycan müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi kurs və Prezident İlham Əliyevin səbatlı rəhbərliyi altında regionda sabitlik və əməkdaşlığın, eyni zamanda, mədəniyyətlərarası tolerantlığın alınmaz qalasına çevrilib.

Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyin ruhuna uyğun ikitərəfli əlaqələrimiz iqtisadiyyat, enerji, hərbi, müdafiə sənayesi və təhlükəsizlik məsələləri başda olmaqla bütün sahələrdə artmaqda davam edir. Son olaraq qardaşım İlham Əliyevi D-8 Zirvəsində xüsusi qonaq statusunda İstanbulda qarşıladıq.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında gündəliyimizdəki bu məsələlərə baxacağıq. Şuranın iclasında bir Protokol və bəzi sazişlər də imzalayacağıq. Bu sənədlər şübhəsiz ki, mövcud ikitərəfli əməkdaşlığımızın hüquqi bazasını daha da möhkəmləndirəcək. Şuranın iclaslarının hər il sistemli şəkildə keçirilməsindən böyük məmnunluq duyuruq. Gələn il 7-ci iclası Türkiyədə keçirəcək, əziz qardaşım Prezident İlham Əliyevi bu münasibətlə ölkəmizdə qarşılamaqdan şərəf duyacağıq.

-Cənab Prezident, Türkiyə hər zaman Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Problemin həlli istiqamətində təəssüf ki, ikili standartlar tətbiq olunur. Sizcə, Dağlıq Qarabağ məsələsinin həlli üçün xüsusilə hansı ölkələrə üstünlük verilməlidir və problemin həllinin hələ də uzadılmasının başlıca səbəbləri nələrdir?

-Dağlıq Qarabağ məsələsi Azərbaycanın olduğu kimi, bizim də qanayan yaramızdır. Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymayana qədər əfsuslar olsun ki, bu məsələ həll oluna bilməyəcək. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında işğala dərhal son qoyulmalıdır.

Ermənistanın işğalçı siyasəti ilə yanaşı, son dövrlərdə mülki əhalini hədəf seçən təxribatlarını da lənətləyirik. Belə hərəkətlər regionda sülhün təmin olunmasına heç bir halda kömək edə bilməz.

Minsk qrupu başda olmaqla beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha fəal işləməli olduğu qənaətindəyik. Biz hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanın bu haqq işində onun yanında olmağa davam edəcəyik.

-Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışı Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə nəqliyyat sahəsində yeni başlanğıc kimi qiymətləndirilir. Bu dəmir yolu xəttinin uzun illərdir ki, arzuedilən Yeni İpək Yolu layihəsinin bir hissəsi olması imkanını necə qiymətləndirirsiniz?

-Bu gün Türkiyə, Azərbaycan və Gürcüstan qədər regionumuz üçün də strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttində ilk qatar yola düşür. Bununla artıq Londondan Çinə qədər Orta Dəhliz vasitəsilə birbaşa dəmir yolu əlaqəsi yaradıldığını da elan etmiş oluruq.

Hazırda Cənub dəhlizində və Şimal dəhlizində dəniz də daxil olmaqla Çindən İngiltərə, Fransa, Almaniya kimi Avropa ölkələrinə yükdaşıma müddəti təxminən 45-62 gündür. Eyni yük BTQ-nin istifadəyə başlaması ilə Orta Dəhliz vasitəsilə 12-15 gün arasında Avropa İttifaqı (Aİ) ölkələrinə çatacaq. Başqa sözlə, Çin tərəfindən Aİ-yə göndərilən yüklər BTQ xətti ilə birlikdə əvvəlki dövrdəki müddətin dörddə biri qədər vaxt ərzində təyinat yerinə çatmış olacaq.

Hazırda Çin ərazisindən Avropaya daşınan yükün həcmi 240 milyon tondan çoxdur. Ölkələrimizin ərazisindən keçən Orta Dəhlizdən hətta bu yükün 10 faizi daşınsa, 24 milyon ton əlavə yük daşınmış olacaq. Bu yükün Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınmasının digər dəhlizlərə nisbətən 30-45 gün daha az olması isə yükdaşıyıcılar üçün daha sərfəli hesab ediləcək.

BTQ-nin hətta sadəcə bu səbəblərlə Orta Dəhliz Nəqliyyat Xəttini tarixi İpək Yolunun mühüm əhəmiyyətli xəttinə çevirməyə kifayət edəcəyi qənaətindəyəm. Bununla yanaşı, regionumuzda paralel olaraq üzərində işlənilən nəqliyyat layihələrinin bir-birini tamamlayıcı və gücləndirici xarakterdə olmasına inanırıq.

İqtisadi üstünlükləri ilə yanaşı, siyasi baxımdan da sülh, təhlükəsizlik, sabitlik və sosial rifahı yaxşılaşdıracaq, yük və sərnişin axını ilə bərabər, məlumat axını ilə də ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcək.

-“Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TANAP layihəsinin tikintisi bu gün hansı mərhələdədir? Bəzən TANAP-ın “Türk Axını”na rəqib layihə olması fikirləri səsləndirilir. Bu fikirlərlə razılaşdığınız məqamlar varmı?

-TANAP Türkiyə və Azərbaycanın birlikdə işləyib hazırladığı, həmçinin Avropanın enerji təhlükəsizliyi baxımından da böyük əhəmiyyətə malik strateji layihədir. İnşaat işləri planlı şəkildə davam edir. İnşallah, yaxın vaxtlarda bu layihəmizi də istifadəyə verməyin sevincini yaşayacağıq.

Enerjiyə olan tələbatın artmasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələri arasında Çindən sonra ikinci sıradayıq. Buna görə TANAP Türkiyənin hər il sürətlə artan təbii qaz ehtiyacının ödənilməsi baxımından həlledici əhəmiyyətə malikdir. Eyni zamanda, “Şahdəniz” sahəsindəki qazı Avropaya nəql etməklə Avropanın enerji şaxələndirməsinə də töhfə verəcəyi birmənalıdır. Türkmən qazının da bu layihənin bir hissəsi olması üçün ciddi səylər göstəririk.

TANAP-ın birinci fazasından aldığımız qazın həcmi Türkiyənin qarşıdakı dövr üzrə qaz ehtiyacı hesabatında öz əksini tapıb. Digər tərəfdən, Rusiyanın hazırda Balkan ölkələri ərazisindən keçməklə aldığımız qazı birbaşa Qara dəniz vasitəsilə ölkəmizə istiqamətləndirmək istəyi çərçivəsində formalaşan “Türk Axını” layihəsində də işləri davam etdiririk.

Şərqi Aralıq dənizi və İraq başda olmaqla yeni layihələri də nəzərdən keçirməyə hazırıq. Aparılan araşdırmalarda Şərqi Aralıq dənizi qazı da mənbələri şaxələndirilmə işlərimizdə yeni alternativə çevrilib. Türkiyə bütün bu təchizat layihələri ilə təmin edilən qazın maliyyə baxımından ən sərfəli və qısa məsafədən Avropaya nəql edilə biləcəyi marşrutda iştirak edir. Ölkəmizin təbii qaz və enerji üzrə ticarət mərkəzinə çevrilməsi üçün yeni investisiya qoyuluşlarını davam etdirəcəyik.

-Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək əməkdaşlıq sahələri məsələsi haqqında nə demək olar?

-Türkiyə və Azərbaycan hər şeydən əvvəl qardaş ölkələrdir və bu sahədəki əlaqələrimiz qardaşlıq bünövrəsi üzərində formalaşır. Faktiki olaraq reallaşan qarşılıqlı kapital qoyuluşlarımızın həcmi 2016-cı ilin sonunda 23 milyard ABŞ dolları səviyyəsində olub. İnvestisiyalarımızı beş il ərzində 30 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq imkanımız var.

Təbii ki, qlobal iqtisadiyyatdakı və regionumuzdakı geosiyasi proseslər hamımıza təsir göstərir. Bildiyiniz kimi, Türkiyə son dörd ildir ki, onu zəiflətmə məqsədi güdən müxtəlif istiqamətlərdən gələn çoxsaylı hücumların hədəfinə çevrilib. Lakin yenə də dik dururuq. Azərbaycana isə neftin qiymətinin ucuzlaşmasının təsirləri oldu. Hər çətinliyin özündə müəyyən imkanlar da ehtiva etdiyinə inanırıq.

Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək cəhdlərinin cənab Prezident Əliyevin uzaqgörən rəhbərliyi altında uğurla artdığını müşahidə edirik. Xarici investisiyaların təşviq edilməsi, böyük türk şirkətlərinin Azərbaycana investisiya qoyması və özəlləşdirmə məsələlərində azərbaycanlı qardaşlarımızla yaxın əməkdaşlıq şəraitində işləyəcəyik. Bu məqsədlə qarşıdakı günlərdə Türkiyədə Xarici İqtisadi Əlaqələr Şurasının da əməkdaşlığı ilə “Road Show” tədbirinin keçirilməsi üçün İqtisadiyyat nazirliklərimiz arasında işlər davam etdirilir.

Həmçinin Naxçıvanla ticarət əlaqələrimizin canlandırılması, iş adamlarımızın həvəsləndirilməsi üçün müxtəlif tədbirlər həyata keçirdik. Oktyabrın 28-də iqtisadiyyat nazirlərimiz İğdıra toplaşıb iş adamlarımızla görüşdülər, bu məsələdə görülən işlərlə bağlı iş adamlarımıza məlumat verdilər. Yaxın vaxtlarda Naxçıvanla ticarət həcminin artırılması istiqamətində konkret nəticələr əldə edəcəyimizə inanıram.

-Ölkələrimizin yerləşdiyi coğrafiyada gərginlik və terror təhlükəsi davam edir. Ölkələrimiz arasında bu sahədə əməkdaşlığı dərinləşdirmək və terror təhlükəsinə qarşı səmərəli tədbirlər görmək üçün nə kimi imkanlar var? Həmçinin FETÖ-yə qarşı mübarizə haqqında nə deyə bilərsiniz?

-DAEŞ, PKK, PYD, YPG, DHKP-C və MLKP terror təşkilatlarından birinin digərindən fərqi yoxdur. Onların məqsədi birdir, o da Türkiyəni zəiflətməkdir. Keçən il FETÖ tərəfindən 250 vətəndaşımızın ölümünə, 2 min 193 vətəndaşımızın isə yaralanmasına səbəb olan, tariximizin ən xain çevriliş cəhdini də millət olaraq terror və terror təşkilatları qarşısında bir bədən, bir can olmağımız sayəsində uğursuzluğa düçar etdik. Əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına da bu xain təşkilat qarşısında nümayiş etdirdikləri həmrəyliyə görə xüsusilə təşəkkür etmək istəyirəm. Azərbaycan xalqının 15 iyul gecəsində bizimlə eyni mövqedən çıxış edərək Türkiyədən daxil olan xəbərləri izlədiyini, xain çevrilişin uğursuz olmasını səmimi qəlbdən dilədiyini bilirəm. Bu da Türkiyə-Azərbaycan qardaşlığının nə qədər güclü olduğunu göstərir. FETÖ olduğu bütün ölkələr üçün təhlükə mənbəyidir. Buna görə də Azərbaycanın FETÖ strukturlarına qarşı gördüyü tədbirlərdən razı qaldığımızı bildiririk.

Bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizə sahəsində də Azərbaycanla yaxın əməkdaşlıq edirik. Səlahiyyətli orqanlarımız arasında kəşfiyyat və məlumat mübadiləsi, eyni zamanda, əməliyyat sahəsində əməkdaşlığımız da artan sürətlə davam edir. Azərbaycan xarici terroristlərin Suriyaya keçməsinin qarşısını almaq sahəsində mühüm ölkədir və bu istiqamətdə faydalı işlər görür.

-Türkiyənin regionda baş verən proseslərlə bağlı mövqeyi hər kəs tərəfindən maraqla izlənilir. Suriya və İraqda yaşananlarla bağlı Türkiyənin ümumi mövqeyi haqqında nə deyə bilərsiniz? Xüsusilə DAEŞ-in məğlubiyyətə uğradılmasından sonra Suriya ilə əlaqələr, İraq Kürdüstanı və Kərkükün taleyi ilə bağlı Türkiyənin nə kimi planları var? Bu kontekstdə PKK-ya qarşı mübarizə məsələsində fikirlərinizi bilmək istərdik.

-İraqın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət veririk. Şimali İraqda baş verən hadisələr sadəcə kürdləri deyil, eyni zamanda, ərəbləri, türkmənləri və digər qrupları yaxından maraqlandırır. Yaddan çıxarmayaq ki, İraq təklikdə kürd, ərəb və ya türkmən dövləti olmadığı kimi, Kərkük və Mosul da təklikdə kürdlərin məskəni deyil.

İraq Kürdüstanı Regional Hakimiyyəti keçirdiyi qondarma referendumla beynəlxalq hüququ və İraq Konstitusiyasını pozub. Təəssüf ki, Kürdüstan Regional Hakimiyyəti bizim və beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, qondarma referendum keçirmək yolunu seçdi. Bu yolla yalnız İraqda deyil, bütün regionda sülh və sabitliyi təhlükəyə atdı. Keçən dövr ərzində verdikləri bəyanatlar tədricən də olsa səhvlərini başa düşdüklərini göstərir. Ən qısa müddətdə gözləntilərə cavab verəcək addımlar atmalarını istərdik.

İraq ərazisindəki PKK-nın mövcudluğuna son qoyulması kontekstində İraq hökuməti ilə hər cür əməkdaşlığa hazırıq. Kərkükdə ictimai asayiş və sülhü pozmağa cəhd edə biləcək PKK terror təşkilatının bu regionda sığınacaq tapmasına vasitəçi olanlar buna görə bizim tərəfimizdən cavabdeh hesab olunacaqlar. İraq hökumətinin Kərkükü geri almasını, eləcə də PKK terror təşkilatının hərəkətlərinə göz yumulmayacağına, bunların səfərbər edilməsinin müharibə elan olunması kimi qəbul ediləcəyinə dair bəyanatını razılıqla qarşıladıq.

Türkiyə ölkədə daimi sülh və sabitliyin təmin olunması məqsədilə atacağı addımlarda İraq hökumətinin yanında olacaq.

Suriyada münaqişəyə yalnız siyasi həll yolu ilə son qoyulacağına olan inamımız dəyişməzdir. İstər Astana, istərsə də Cenevrə görüşləri ilə Suriyada inkişaf etdirilməyə çalışılan siyasi keçid prosesinə olan güclü dəstəyimiz də davam edəcək.

İdlib - münaqişəsiz bölgə ilə bağlı müzakirə prosesində biz müxalifətin zəmanətçisi qismində razılıq əldə olunmasında müəyyənedici rol oynadıq. Bu zaman bölgədəki müxtəlif qrupların məsələyə yanaşma tərzi və rəylərini də nəzərə almağa səy göstərdik.

Atəşkəsin davam etməsinə nail olmaq məqsədilə İdlib istiqamətində əməliyyat həyata keçirdik. Bu əməliyyatla, Fərat Qalxanı Əməliyyatı ilə özümüzə bölgəmizdə yaratdığımız sahəni İdlibin təhlükəsizliyini təmin etməyə dair yeni addımla daha da inkişaf etdirdik. Bu yolla təhlükəsizliyimizi təhdid edənlərə qarşı hər cür tədbir görə biləcəyimizi nümayiş etdirdik. Cənub sərhədimizdə terror dəhlizi yaradılmasına qətiyyən imkan verməyəcəyik. Suriyadakı münaqişənin siyasi yolla həll olunması üçün əlimizdən gələni etməyə davam edəcəyik. (azertac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm