Nida Xəbər
Prezidentin köməkçisi Mingəçevir qəzasından və Elmar Vəliyevə qarşı sui-qəsddən yazdı
"Belə hallarda məmurundan tutmuş adi vətəndaşına, iqtidarından tutmuş müxalifətinə, ziyalısından fəhləsinə qədər - hər bir təbəqə, hər bir sağlam düşüncəli insan ümumi işə töhfə vermək üçün əlindən gələni etməli, bunu bacarmadıqda isə, ən azından işə mane ola biləcək artıq hərəkətlərdən çəkinməli, süni gərginlik yarada biləcək hərəkətlərə yol verməməlidir".
Publika.az xəbər verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sosial şəbəkədəki hesabında paylaşıb.
Əli Həsənov qeyd edib:
"Yaxşı insanlar həyatda baş verən hər şeyə işıqlı tərəfdən
baxır, əgər qəlb oxşayan, ruh dincəldən bir şey görürlərsə, onu
başqaları ilə paylaşır və hamının bu gözəllikdən bəhrələnməsinə
çalışırlar. Hətta yaxşı bir şey görmədikdə belə, onlar özləri
gözəlliyi yaradır və yenə də ətrafları ilə paylaşırlar.
İyulun 3-də 42-45 dərəcəyə yüksələn isti havanın təsiri ilə ölkənin
enerji təminatında mühüm rol oynayan Mingəçevir İES-də baş vermiş
qəzadan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin göstərişi ilə Xüsusi Dövlət Komissiyası yaradıldı, dövlət
başçısının tapşırığına uyğun olaraq müvafiq qurumlar operativ
şəkildə qəzanın nəticələrinin aradan qaldırılmasına başladılar.
Atılan addımlar nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi
halların qarşısı dərhal alındı, ən əsası isə, vətəndaşlarımızın
həyatı qorundu, insan tələfatına yol verilmədi və çox qısa zaman
kəsiyində elektrik enerjisi təminatı bərpa olundu.
Dövlət qurumları qəzanın nəticələrini aradan qaldırmağa çalışarkən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı sui-qəsd həyata keçirildi, onun özü və mühafizəçisi yaralandı. Məsələ barədə dərhal Azərbaycan Prezidentinə məruzə olundu, dövlət başçısının tapşırıqları alındı, cinayəti törədən şəxs isti izlərlə tərksilah edilərək saxlanıldı.
Hər kəs yaxşı bilir ki, heç bir ölkə fövqəladə haldan, təbii
fəlakətdən, böyük qəzalardan və kriminal hadisələrdən
sığortlanmayıb. Hazırlıq dərəcəsindən asılı olmayaraq, fövqəladə
situasiyaların yaratdığı gözlənilməzlik effekti hər bir ölkədə
müəyyən fəsadlar ortaya çıxarır. Ölkəmizdə kriminogen durum sabit
olsa da, cinayətlərin sayına görə Azərbaycan MDB və Şərqi Avropada
sonuncu yerlərdə qərar tutsa da, törədilən cinayətlərin açılma
səviyyəsinə görə öncül mövqeləri bölüşsək də, insan canına qəsd
tipli hadisələr cəmiyyətdə narahatlıq, çaşqınlıq və xof yarada
bilir. Belə cinayət tanınmış şəxslərə qarşı törədiləndə isə onun
doğurduğu ajiotaj daha böyük olur.
Azərbaycanda baş vermiş həm son fövqəladə qəzanın, həm da məlum
kriminal hadisənin eyni vaxta düşməsi, əlbəttə ki, əlavə gərginlik
yarada bilən hal kimi xarakterizə edilə bilər. Belə hallarda
məmurundan tutmuş adi vətəndaşına, iqtidarından tutmuş
müxalifətinə, ziyalısından fəhləsinə qədər - hər bir təbəqə, hər
bir sağlam düşüncəli insan ümumi işə töhfə vermək üçün əlindən
gələni etməli, bunu bacarmadıqda isə, ən azından işə mane ola
biləcək artıq hərəkətlərdən çəkinməli, süni gərginlik yarada
biləcək hərəkətlərə yol verməməlidir. Lakin təəssüf ki, hərdən
insan fəlakətini, fövqəlada qəza və kriminal hadisələri özünə maddi
və siyasi dividend mənbəyi hesab edən fürsətcillər, insan ölümündən
xüsusi zövq alan şəxslər də tapılır.
İnsan faciəsi, baş verən fəlakət yalnız dövlət qurumları üçün deyil, ümumilikdə bütün cəmiyyət üçün, siyasi mövqeyindən, dinindən, irqindən asılı olmayaraq hər bir şəxs üçün bir kamillik imtahanı, sınaq anıdır. Bir şəxsin düçar olduğu bədbəxt hadisədən, insanların rastlaşdığı kütləvi faciələrdən zövq almaq, yaxud bundan öz maraqları naminə bəhrələnməyə çalışmaq indiyə qədər heç kimə divident qazandırmayıb. Fəlakət və qəzalara bir millət olaraq nə dərəcədə hazırıq, fors major situasiyalarda dövlətin yanındayıqmı, şaiyə texnoloqlarının, antimilli ünsürlərin, dövlətimizin qəsdinə hazır duranların fəaliyyətinə, işbazların bazarına meydan tanıyırıqmı? Dünənki hadisələr fonunda Azərbaycanda mütləq əksəriyyətin bu sınaqdan alnıaçıq çıxdığını çəkinmədən söyləyə bilərəm...
Təəssüf ki, bu dəfə də istisnalar oldu. Yenə də müxalifətin
radikal kəsimi və xarici ölkələrdə məişət müxalifətçiliyi edən bəzi
“milli təəssübkeşlər” ölkəmizdə baş verən qəzanı şans sanıb iç
üzlərini bütün çılpaqlığı ilə açdılar, ortaya kamillik deyil,
rəzillik nümunəsi qoydular. Onlar qaranlıq gecəni “məxfilik
pərdəsi” hesab edərək insanları “bankları dağıtmağa”, “Azadlıq”
meydanına çıxmağa, Gəncədəki cinayəti - dövlət məmurunun həyatına
sui-qəsdi “digər şəhərlərdə də təkrarlamağa” çağırışlar etdilər.
Onların bir çoxunun saxta profillərdə gizləndiyi, bəzi qonşu
dövlətlərin uzantısı olduğu az-çox siyasətdən başı çıxan hər kəsə
məlumdur. Amma bu sırada 1992-1993-cü illərdə Azərbaycanda dövlət
katibi, dövlət müşaviri, nə bilim nazir, icra başçısı, prokuror,
polis rəisi, hərbi hissə komandirinin olduğunu görüncə, yaxud sabah
ölkəmizdə prezident, ölkə başçısı, parlament sədri olmaq istəyən
“siyasi xadimlər”i müşahidə edəndə sağlam düşüncəli insanı dəhşət
bürüyür. Bunlar o illərdə ölkəmizi necə və hansı təfəkkürlə idarə
ediblər?! Allah eləməsin, belələri indiki təfəkkür və mövqe ilə bir
neçə il hakimiyyətdə qalsaydı gör nələr yaşanardı? Yaxud, Allah
eləməsin, onlar gələcəkdə ölkənin sükanını əllərinə keçirsələr nə
olar?
Ölkədə olarkən özlərinə Dədə Qorqud donu biçib “barışdırıcılıq”,
“arbitrilik” eşqinə düşən bəziləri isə xaricə qaçaraq yad ölkələrdə
özlərinə sığınacaq tapar-tapmaz XIX əsrin rus anarxistləri
üslubunda hər yerdə itaətsizlik təşkil etməyə çalışır, hər gün
üsyan çağırışları edir, hətta Gəncədəki kriminal hadisənin
personajını qəhərmanlaşdırmağa cəhd göstərdilər. Məsələnin daha pis
cəhəti ondadır ki, həmin çağırışlara müxalifət partiyalarının
ayrı-ayrı tanınmış nümayəndələri tərəfindən də dəstək verilir.
Bəzən vətəndaş cəmiyyətinin müxalif düşüncəli bəzi təmsilçilərinin
mövqeyi də adamı əməlli-başlı çaşdırır.
Görən bunca rəzillik, yetişdikləri torpağa, kökləri ilə bağlı olduğu xalqa, dövlətə, Vətənə bunca nifrət hardandır bu adamlarda? Bunlar bu ağıllamı iqtidara gəlib dövləti idarə etmək istəyirlər? Heç kim unutmamalıdır ki, dövlətin atributları hansısa iqtidarın inhisarında deyil və olmayacaqdır. Allah eləməsin, sabah belə təfəkkürlü insanlar iqtidara gəlsə, ölkənin qanunları ilə, dövlətlə, dövlətçiliklə beləmi davranacaqlar? İtaətsizliyə, dövlət atributlarına sayğısızlığa, insanlara qarşı sui-qəsdə çağıran siyasətçi ilə dövləti necə idarə etmək olar? 1991-1992-ci illərin havasından çıxmaq üçün bu insanlara görəsən daha neçə onilliklər lazımdır? Getdikləri yolun hara aparıb çıxara biləcəyini və yaxud çıxarmayacağını anlamaq onlar üçün bu qədərmi çətindir?"
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO