"Media məkanında bir sıra saytlar, şəbəkə səhifələri xaricdən idarə edilir" - Aydın Quliyev
Bizi izləyin

Nida Xəbər

"Media məkanında bir sıra saytlar, şəbəkə səhifələri xaricdən idarə edilir" - Aydın Quliyev

“Sosial şəbəkələrdə və hansı mənsəbə qulluq etdiyi bilinməyən bir sıra saytlarda Gəncədə baş verən hadisələr və eləcə də ölkədə sabitliyin pozulmasına yönələn bir çox digər məqamların müzakirəyə çıxarılması, insanları hakimiyyət əleyhinə qaldırmağa cəhd edənlər ciddi surətdə cəzalandırılmalıdır”.

Bu sözləri Publika.az-a “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. Onun sözlərinə görə, xaricdən maliyyələşən və Azərbaycana qarşı daim qərəzli mövqedə olan şəxslər cəmiyyətdə xaos yaratmaq üçün yanlış təhlillər, yazılar tirajlayırlar:

“Bu, birmənalı olaraq bizim dövlətçiliyimizə qarşı dağıdıcı, qərəzli mövqedir. Daha əvvəllər baş verən hadisələrdən də məlum idi ki, artıq düşmən qüvvələrlə mübarizə aparmaq üçün daha ciddi tədbirlər görməliyik. Çünki bu gün sosial şəbəkələr olduqca böyük mübarizə meydanına çevrilib. Media məkanında internet resurslarının imkanları hesabına bir sıra saytlar, şəbəkə səhifələri xaricdən idarə edilir. Həmin saytlarda problemin qoyuluşu, ona yanaşma şəkli, orada rəy bölmələrində qeyri-adi adlı hesablardan yazılan qərəzli şərhlər və s. bütün bunlar həm Azərbaycan dövlətçiliyinin mənafeyinə, həm xalqın mənafeyinə, həm də ölkədə sabitliyin və təhlükəsizliyin pozulmasına yönəlib. Həmin şəxslərin bu əməlləri təkcə Azərbaycan qanunvericiliyinə deyil, beynəlxalq hüquq normalarına da ziddir. Bir halda ki, hər iki normalara görə, bu kimi addımlar qanun pozuntusu kimi qiymətləndirilir, həmin resurslara qarşı qanunun icazə verdiyi ən kəskin cəza tədbirləri görülməlidir. Çünki, bu kimi saytların, feysbuk səhifələrinin fəaliyyəti cəmiyyət arasında əsassız narahatlıq, xaos yaratmaqdan başqa işə yaramır. Hüquq-mühafizə orqanları ilə yanaşı, media orqanlarının da üzərinə düşən bir sıra vəzifələr var. Bizim üzərimizə düşən işlərdən biri də həmin internet resurslarında dövlətçilik əleyhinə yayımlanan materiallara aydınlıq gətirib, neytrallaşdırılmış formada, problemlərin əsas özəyini və mərhələli şəkildə gətirib çıxardığı nəticələri cəmiyyətə çatdırmaqdır”.

A.Quliyev onu da əlavə edib ki, bu kimi saytların maliyyələşməsini öz üzərinə götürən beynəlxalq dairələr bilməlidir ki, Azərbaycan mediası daha güclüdür:

“Bəzi dövlətlər var ki, onlar fərqli yollarla ölkəmizə qarşı ölkəmizin düşmənləri ilə əlbir olur. Biz bütün bunlara qarşı birlik olmalıyıq. Bəzi saytlar ölkə daxilində fəaliyyət göstərir. Təbii ki, onların idarəçilərini tapmaq və saytların fəaliyyətinə xitam vermək xaricdən maliyyələşən saytların fəaliyyətini dayandırmaqdan daha asandır. Amma bunu da nəzərə almalıyıq ki, hər bir internet resursunun özünə xas istifadə qaydası və strukturu var. Bu baxımdan da onların hər birini eyni istiqamətdə, eyni normativlərlə tənzimləmək mümkün olmur. Bəzən reket adlandırdığımız saytlar və idarəçiləri var ki, onlara qarşı ciddi tədbirlərin görülməsi üçün Azərbaycanın dövlət qanunvericilyində müəyyən dəyişikliklərə ehtiyac var. Bəzən buna qanunun sərtləşdirilməsi, bəzən də təkmilləşdirilmə deyirlər. Lakin deyərdim ki, dövlətçilik mənafelərimizi maksimum səviyyədə qorumaq məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir. Hər hansı beynəlxalq təşkilatın istənilən formada yanaşması ölkə daxili qanunvericiliyin sərhədlərini aşmamaq şərtilə qəbulediləndir. Konkret olaraq söhbət saxta hesablardan insanları qıcıqlandıran rəylərin yazılması, eləcə də dəqiq ad və soyadla internet üzərindən insanların ixtisaslara çağrılmasından gedir. Bu heç bir halda qəbuledilə bilməz. Xalqımızın sabitliyini pozmağa cəhd edən hər kəs cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu kimi hallarda hər hansı fərdin hüquqları deyil, bütünlükdə milyonlarla insanın təhlükəsizliyi, ölkənin sabitliyi önəmli tutulmalı və lazımı təbirlər görülməlidir”

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm