"Bu münasibətlər ölkəyə çox ciddi siyasi, iqtisadi perspektivlər vəd edir”- Millət vəkili
Bizi izləyin

Nida Xəbər

"Bu münasibətlər ölkəyə çox ciddi siyasi, iqtisadi perspektivlər vəd edir”- Millət vəkili

“Azərbaycan prezidenti cənab İlham Əliyevin Xorvatiya Respublikasına səfəri bir daha bütün dünya ölkələrinə nümayiş etdirdi ki, bizim ikitərəfli münasibətlərimiz strateji xarakter kəsb edir və yeri gəldiyində bir çox fundamental məsələlərdə ortaq mövqedən çıxış edə bilirik”.

Bu sözləri Publika.az-a millət vəkili Elman Nəsirov prezident İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, ölkələrimiz arasında ikitərəfli dialoqlar kifayət qədər inkişaf edib və yüksək səviyyədə davam etdirilir:

“2013-cü ildə Azərbaycan prezidentinin Xorvatiyaya daha bir səfəri gerçəkləşmişdi. Həmin görüşdə Azərbaycanla Xorvatiya arasında ikitərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannamə və müdafiə istiqamətində əməkdaşlıq memorandumu imzalanmışdı. Bu dəfəki görüş çərçivəsində də iki ölkənin iqtisadi inkişafı naminə bir çox məsələlər müzakirə edildi və bu sahələrdə lazımi imkan və potensialdan kifayət qədər istifadə edilmədiyi qənaətinə gəlindi. Hər iki ölkə lideri bu məsələdə ortaq qərara gəldi. Digər tərəfdən qeyri-neft sektoruna gəldikdə isə nəqliyyat, turizm, kənd təsərrüfatı, mədəniyyət, təhsil, elm sahəsində bir çox məsələlər müzakirə edildi və xüsusi məqamların diqqətdə saxlanılması qərara alındı. Təbii ki, danışıqlar prosesində ən son müzakirə edilən məsələlərdən biri də enerji təhlükəsizliyi məsələsidir. Xorvatiya üçün də sirr deyil ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni alternativ enerji mənbəyi kimi çıxış edir. Azərbaycan eyni zamanda Avropanın media layihəsi hesab edilən Cənub Qaz Dəhlizinin təşəbbüskarıdır. Bunun reallaşması istiqamətində beynəlxalq səviyyədə ciddi addımlar atılıb. Artıq bu ilin may ayının 29-da Cənub Qaz Dəhlizinin Bakıda rəsmi açılışı oldu. İyun ayının 12-də TANAP layihəsinin açılışı gerçəkləşdirildi. Artıq qısa zaman ərzində TAP layihəsi öz işinə başlayacaq və nəticə etibarilə Azərbaycan qazı 2020-ci ildən başlayaraq, Avropa bazarına çıxarılacaq. Bu nöqteyi-nəzərdən Azərbaycan-Xorvatiya əməkdaşlığı üçün çox geniş imkanlar var. Eyni zamanda, nəzərə alsaq ki, Cənub Qaz Dəhlizi ilə bağlı məşvərət şurasının Bakıda iclasları keçirilib və bu iclaslarda da Xorvatiya təmsil olunur. Ümumi olaraq bu layihədə 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan təmsil olunurlar. Bununla yanaşı isə Monteneqro, Bosniya və Hersoqovina və Xorvatiya da bu layihədə iştirak istəyi ilə bağlı niyyətlərini bəyan ediblər. Hətta Xorvatiya ilə bağlı bu istiqamətdə razılaşma da əldə olunub. Azərbaycan qazı Cənub Qaz Dəhlizi, TAP layihəsi vasitəsilə İtaliyanın cınubuna qədər gəlib çıxır. Xorvatiyanın niyyəti odur ki, bundan sonra İonik-Adriatik qaz boru kəmərləri vasitəsi ilə Azərbaycan qazının alıcısına çevrilsin. Bu mənada o istiqamətdə böyük bir qaz terminalnın tikintisi də gündəmdədir. Xorvatiya bu istiqamətdəki hədəfləri üçün Azərbaycanla çox geniş istiqamətlərdə əməkdaşlıq edə bilər. Bu barədə bütün fikirlər məhz bu dəfəki səfər çərçivəsində ortaya atıldı və ətraflı şəkildə izah edildi”.

Millət vəkili onu da qeyd edib ki, NATO və Avropa İttifaqı çərçivəsində Azərbaycan-Xorvatiya münasibətləri inkişaf etdirilir:

“Hər iki dövlət lideri bu istiqamətdə gələcək perspektivlərdən danışıb. Nəzərə alsaq ki, Xorvatiya 2009-cu ildən NATO, 2013-cü ildən Avropa İttifaqının üzvüdür, bu olduqca təqdirəlayiq tərəfdaşlıq olar. Azərbaycan bu ilin iyul ayında Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında bir sənəd imzalayıb. Eyni zamanda, hərtərəfli müqavilələrin imzalanması üzərində iş gedir. Bu baxımdan Xorvatiya dövlət rəsmisi də vurğuladı ki, Azərbaycan-Avropa haqqında tərəfdaşlıq sənədinin imzalanmasında öz mövqeyini orataya qoyaraq, tam gücü ilə dəstək verəcəkdir. Azərbaycan-Xorvatiya arasındakı münasibətlərin inkişafına yönələn istənilən addıma hazır olduqlarını bəyan edən Xorvatiya rəsmiləri, bununla strateji xarakter kəsb edən məsələlərə həssaslığı nümayiş etdiriblər. Ümumilikdə bu səfər yüksək qiymətləndirilməlidir. Ölkə başçımızın Xorvatiyaya səfəri Azərbaycanın xarici siyasətinin kifayət qədər aktiv olduğunun təsdiqidir. Bu münasibətlər ölkəyə çox ciddi siyasi, iqtisadi perspektivlər vəd edir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm