“Gördüyümüz işlər öz səmərəsini verir” - DGK-nin sədr müavini
Bizi izləyin

Nida Xəbər

“Gördüyümüz işlər öz səmərəsini verir” - DGK-nin sədr müavini

"Ölkə başçısının gömrük əməkdaşlarının əmək haqlarının artırılması ilə bağlı fərmanına əsasən bu gün Azərbaycanda ən çox əməkhaqqı alan dövlət işçiləri gömrük əməkdaşlarıdır".

Publika.az xəbər verir ki, bu sözləri jurnalistlər üçün "Gömrük İslahatları və Modernləşdirmə" mövzusunda keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev deyib. O bildirib ki, Azərbaycanda gömrük orqanlarının qarşısında duran birinci vəzifə dövlətin təhlükəsizliyidir, ikinci yerdə isə fiskal siyasət dayanır:

“Bu gün Dövlət Gömrük Komitəsinin əsas məqsədlərindən biri korrupsiya və rüşvətin qarşısını almaqdır. Təəssüf ki, bütün tədbirlərimizə rəğmən kiminə görə "hörmət", kimisinə görə də "şirinlik" formasında rüşvət hələ də qalıb. Lakin biz yenə də bunun qarşısını almaq məqsədilə sahibkarlarla tez-tez görüşlər keçiririk".

İ.Babayev onu da əlavə edib ki, Gömrük Komitəsinin beynəlxalq prinsiplər əsasında apardığı islahatlar iş fəaliyyətinin daha da güclənməsinə xidmət edir:

"İslahatları həyata keçirərkən təbii olaraq bir sıra riskli vəziyyətlər ortaya çıxır. Buna səbəb isə Gömrük orqanlarında dinamik fəaliyyət və inkişafdır. Demək olar ki, hər gün bizdə və ya digər sərhəd ölkələrin gömrük sistemində qaydalar dəyişir. Təbii olaraq buna uyğun olaraq tənzimləmələr həyata keçirilir. Hazırda biznes aləmində gömrük islahatları ilə əlaqədar müəyyən narahatlıqlar müşahidə edilir ki, bunlar da başa düşüləndir. Biz ilk növbədə mobil telefonların ölkəyə gətirilməsinin qarşısını aldıq. Bununla əlaqədar distributorlar bizə təşəkkür məktubları ünvanlayır ki, yay mövsümündə satış səviyyəsi kifayət qədər yüksəlib. Biz də çox məmnunuq ki, gördüyümüz işlər öz səmərəsini verir. Həyata keçirdiyimiz islahatlar kəmiyyət dəyişikliyinə səbəb olsa da, hələ ki, keyfiyyət dəyişikliyi müşahidə edilmir. Keyfiyyət dəyişikliyi üçün isə əlbəttə ki , bizim ictimaiyyətin, medianın bizə dəstəyinə ehtiyacımız var".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm