Dumada Azərbaycanın ədalətli mövqeyini müdafiə edənlərin sayı artır - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Dumada Azərbaycanın ədalətli mövqeyini müdafiə edənlərin sayı artır - ŞƏRH

“Rusiya Dövlət Dumasında artıq Azərbaycanın ədalətli mövqeyini müdafiə edənlərin sayı artır. Təbii ki, yalnız dumada yox, Rusiya siyasi rəhbərliyi, siyasətçiləri arasında da fərqi müşahidə edirik”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevin Türkiyənin Kayseri şəhərində çıxışı zamanı Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

E.Məmmədov bildirib ki, bütün bunlar hamısı Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Biz tədricən onun bəhrəsini görürük:

“Dmitri Savelyev Rusiya-Azərbaycan dostluq qrupunun Rusiya tərəfindən rəhbəridir. Bir neçə ay öncə də Aleksandr Duqinin rəhbərliyi ilə Azərbaycana 7 nəfərlik nümayəndə heyəti gəlmişdi, Dmitri Savelyev də onların tərkibində idi. Onlarla birlikdə Cocuq Mərcanlıya getdik, Lələ Təpəyə çıxdıq, Azərbaycan əsgəri ilə görüşdülər. Savelyev əsgərimizi qucaqlayıb “Qarabağ sizindir, möhkəm olun, ürəkli olun”, - dedi. Bu səfərdən sonra ermənilər və ermənipərəst deputat, siyasətçilər Dmitri Savelyevin üzərinə hücuma keçdilər. Lakin o, haqq-ədalət tərəfdarı kimi çıxış etməkdə davam edir. Dmitri Savelyev bu təpkilərin heç birindən çəkinmədi. Türkiyəyə, Kayseri şəhərinə biz onunla birlikdə getmişdik. Xocalı şəhidlərinin soyqırımı abidəsinin açılışından əvvəl 70 min nəfər tələbəsi olan Ərciyəz universitetində böyük bir konfrans keçirdik. Dialoq, dostluq, tərəfdaşlığa həsr olunmuş bu konfransda Rusiya Dövlət Dumasının 8 nəfər üzvü iştirak edirdi. Onlar dumadakı müxtəlif komissiyaların və 6 siyasi partiyanın üzvləri idi. Həmin deputatların hamısı tədbirdə ədalətli mövqedən danışdılar. Xocalı parkı və Soyqırımı abidəsi önündə Savelyevdən başqa iki deputat çıxış etdi. Onların hər biri Azərbaycanın haqlı olduğunu, Xocalıda soyqırımı törədildiyini, eyni zamanda soyqırımı həyata keçirənlərin cəzasız qaldığını dedilər”.

Millət vəkili bildirib ki, hətta Savelyev tədbirdə Orta Asiya, Afrika və bir çox ölkələrdən olan nümayəndələrin iştirakına diqqət çəkdi. Onlara Xocalı Soyqırımı ilə bağlı gerçəkliyi öz ölkələrində yaymağı, parlament tərəfindən tanınmasını tövsiyə etdi:

“Hesab edirəm ki, deputatlar Rusiya Dövlət Dumasında da bu məsələləri qaldıracaqlar. Ancaq unutmayaq ki, Rusiya böyük dövlətdir, orada çox sayda partiyalar, cəmiyyətlər, cərəyanlar, təşkilatlar var. Dostlarımız olduğu kimi düşmənimizin ədalətsiz mövqeyini müdafiə edənlər də var. Bu məsələdə üstünlük əldə etməyə çalışmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm