Albaniya Qarabağa qanunsuz səfər edən deputatı cəzalandırdı - FOTO
Bizi izləyin

Nida Xəbər

Albaniya Qarabağa qanunsuz səfər edən deputatı cəzalandırdı - FOTO

Cənubi Kiprin Avropa Parlamentindəki deputatı Eleni Teoxarus konstitusiya quruluşuna qarşı çıxmaq və ictimai təhlükəsizliyi təhdid edən ekstremist çağırışlar səbəbiylə Albaniya hökuməti tərəfindən “arzuolunmaz şəxs” (“persona non qrata” – red.) elan edilib.

Publika.az “tiranaecho.com” saytına istinadən xəbər verir ki, qərar deputatın etnik yunan azlığının nümayəndəsi, ifrat mühafizəkar Kostantinos Kacifasın dəfn mərasimində iştirak etməsindən sonra verilib.

Qərar Albaniya Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən birgə qəbul edilib.

Məlumata görə, Yunanıstan-İtaliya müharibəsi zamanı Albaniya ərazisində həlak olmuş yunan əsgərlərinin şərəfinə iki həftə əvvəl keçirilən yubiley mərasimində etnik yunan azlığının üzvləri tərəfindən Albaniyanın polis qüvvələrinə atəş açılıb. Atışma zamanı silahlılardan biri Kostantinos Kacifas öldürülüb.

Kacifasın dəfn mərasimi zamanı əllərində yunan bayraqları tutan yüzlərlə radikal "Bularat Yunanıstan", "Vorio-Epirus yunan torpağıdır", "Biz qayıdacağıq!", "Albanlar buradan çıxıb gedəcək" və "Makedoniya yunan" kimi şüarlar səsləndiriblər. Albaniya mətbuatının məlumatına görə, onlardan bir neçəsi Yunanıstanın "Qızıl Şəfəq" radikal sağçı siyasi qrupuna mənsub idi.

Albaniyaya qarşı daim ifrat millətçi bəyanatları ilə tanınan Eleni Teoxarus polisə açılan atəşi “qəhrəman müqavimət hərəkatı” kimi qiymətləndirərək, Albaniyanın cənubunu "Vorio-Epirus" (Bu ad Albaniyanın cənub torpaqlarını Yunanıstan ərazisinin tərkib hissəsi kimi tələb edən yunan millətçiləri tərəfindən istifadə olunur – red.) adlandırıb.

“Tiranaecho.com” xatırladır ki, bu, Eleni Teoxarus ayağına yazılan analoji ilk problem deyil. Bildirilir ki, qanlı separatçılıq və etnik təmizləməni təşviq edən Eleni Teoxarus ötən il Ermənistanın təcavüzü altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Eleni Teoxarus Cənubi Kipr parlamentinin üzvləri Yorqos Perdikis və Mikayis Giorqalasla birlikdə Xankəndində olublar. Qanunsuz səfərə Azərbaycan tərəfindən rəsmi olaraq etiraz edilib.

Onun adı ölkəyə “girişi arzu olunmayan şəxslərin siyahısı”na daxil edilib və Azərbaycanın mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda dəfələrlə, xüsusən sonuncu dəfə 2017-ci il fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “referendum”da “müşahidəçi” qismində iştirak etmək üçün keçməsinə əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barəsində beynəlxalq axtarış elan olunması üçün İnterpola müvafiq sorğu göndərilib.

Azəbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayevanın sözlərinə görə, bu deputatın adının növbəti belə bir halda hallanması təəccüb doğurmur.

"Bildiyiniz kimi, Avropa Parlamentinin Kiprdən olan üzvü Eleni Teoxarus ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edərək Azərbaycan qanunvericiliyini, o cümlədən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu üçün ölkəmizə girişi arzuolunmayan şəxslər siyahısına daxil edilib və Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ona qarşı iş açılıb. Qeyd olunan deputatın Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyəti, erməni lobbisinin sifarişi ilə ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimi təşviq edən fəaliyyəti dəfələrlə tərəfimizdən ifşa edilib. Bu baxımdan onun adının növbəti belə bir halda hallanması təəccüb doğurmur. Ekstremist və qatı millətçi baxışlara sahib olan bu siyasətçinin Albaniya Respublikasının ərazi bütövlüyünə qarşı bəyanatları və bu ölkədə konstitusiya qaydasını pozmağa yönəlmiş cəhdləri Albaniya tərəfinin tamamilə haqlı qərarı ilə nəticələnib və Avropa Parlamentinin sözügedən üzvü növbəti bir ölkədə arzuolunmaz şəxs elan edilib. Hesab edirik ki, bu deputatın fəaliyyəti Avropa Parlamentinin etik məsələlərə məsul komitələri tərəfindən araşdırılmalıdır”, - XİN rəsmisi vurğulayıb.

Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Eleni Teoxarusun Kaspar Karampetyanla əlaqələri vardır və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı Karampetyandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm