Ərdoğanın vədi, Putinin səbirsizliyi - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Ərdoğanın vədi, Putinin səbirsizliyi - ŞƏRH

"Rusiya prezidenti Vladimir Putin türkiyəli dostu və həmkarı Rəcəb Tayyib Ərdoğanı tələsdirir".

Publika.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

"Putin Suriya prezidenti Bəşər Əsədlə birgə sentyabr ayında İdlibə hücum hazırlayırdı. Məntiqləri belə idi ki, İdlib terrorçuların son qalasıdır, oranı azad etmək lazımdır. Ancaq bu hücum Türkiyənin maraqlarına cavab vermirdi. Çünki hücum nəticəsində Türkiyə həm yeni qaçqın axını ilə üzləşəcək, həm də dəstək verdiyi Suriya silahlı müxalifətinin neytrallaşdırılmasının şahidi olacaqdı. Ona görə Ərdoğan Putindən oktyabrın 15-ə qədər zaman istədi. Ərdoğan həmin tarixə qədər İdlibdəki terrorçuları şəhəri tərk edəcəyinə inandıracağını vəd edirdi. Bu vədin üstündən ay yarım keçib. Terrorçular hələ ki, İdlibi tərk etməyiblər. Terrorçular ona görə şəhəri tərk etmirlər ki, artıq gedəsi yerləri yoxdur, hara getsələr məhv ediləcəklər. Ona görə də elə İdlibdə qalıb döyüşməyə üstünlük verirlər. Həmin terrorçular Türkiyəni də eşitmirlər. Ərdoğan öz komandası ilə əlindən gələni edir, ancaq vaxt da gedir və artıq Putinin səbiri tükənməyə başlayır. Doğrudur, Putin Türkiyə ilə yenidən münasibətləri gərginləşdirmək istəmir, ortada böyük layihələr var. Ancaq terrorçular İdlibdə qaldıqca və Ərdoğan vədini yerinə yetirməkdə çətinlik çəkdikcə bu, Putinin də nüfuzuna - xarizmasına mənfi təsir edəcək. Çünki belə çıxır ki, Putin Ərdoğana güzəştə gedir, ancaq ortada İdliblə bağlı nəticə yoxdur. Təsadüfi deyil ki, G-20-lərin Argentinadakı toplantısı çərçivəsində Ərdoğanla görüşən Putinin əsas mövzusu İdlib idi. Əlbəttə, Ərdoğanın hələ bir az zamanı var. Ancaq Türkiyənin İdlib məsələsini necə həll edəcəyi aydın deyil. Minlərlə terrorçunu inandırmaq asan deyil", deyə Elxan Şahinoğlu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm