• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

"Mənəvi dəyərlərə dövlət qayğısı İlham Əliyev siyasətinin tərkib hissəsi kimi" - FOTO

"Mənəvi dəyərlərə dövlət qayğısı İlham Əliyev siyasətinin tərkib hissəsi kimi" - FOTO

Bu gün "Mənəvi dəyərlərə dövlət qayğısı İlham Əliyev siyasətinin tərkib hissəsi kimi" mövzusunda konfrans və kitab təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, media nümayəndələri və gənclər iştirak edib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun gördüyü işlər və mənəvi dəyərlərlə bağlı gənclərin üzərinə düşən vəzifələrdən danışıb. Qurum rəsmisi ölkəmizdə gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini bildirib. İcraçı direktor qeyd edib ki, gənclər tarixi ənənələrə sadiq qalaraq müasir düşüncəni də mənimsəməyi bacarmalıdır. Hər bir gəncin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə formalaşmasının vacibliyini qeyd edən M.İsmayılov Fondun bu sahədə aidiyyəti qurumlarla genişmiqyaslı və çoxşaxəli fəaliyyət həyata keçirməyi planlaşdırdığını vurğulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev konfransın əhəmiyyətindən və kitabın önəmindən danışıb: "Mənəvi dəyərlərimiz bizim sərvətimizdir. Adət-ənənələrimiz bizim mənəvi dəyərlərimizin simvoludur. Biz deqradasiyalara yol verməməliyik, əksinə dünyanın çağırışlarına cavab verərək, dünyaya inteqrasiya etməliyik. Bu, bizim dünyanın müxtəlif guşələrində yaşayan insanlarımız, gəncliyimiz üçün çox vacibdir. KİV-lərin, QHT-lərin və sairənin özü də bir institut kimi cəmiyyətin formalaşmasına öz töhfəsini verir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev mənəvi dəyərlərə hər zaman böyük önəm verib".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu öz fikirlərini mənəvi dəyərlərin bizim milli kimliyimizi ehtiva etməsi ilə əsaslandırıb: “Bu dəyərlərin hamısı bizim milli kimliyimizi təşkil edən əsaslardır. Bilirsiniz ki, müasir dünyada qlobal proseslər baş verir. Milli dövlətlər heç vaxt bu qədər müdafiəsiz durumda olmayıb. Qlobal imperializmin 3 hədəfi var. Bunlardan birincisi dəyərsizləşdirmə, ikincisi lidersizləşdirmə və üçüncüsü dövlətsizləşdirmədir. Görürsünüzmü, imperializm bu ardıcıllığı necə düzgün müəyyənləşdirib. Bu siyasət bir çox ölkələrdə effekt verib. Azərbaycan hazırda buna qarşı mübarizə aparır. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması da bunun bir göstəricisidir”.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır: “İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır”.

Daha sonra Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü İradə Hüseynova, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və digərləri çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR