"Qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək" - Vüqar Rəhimzadə
Bizi izləyin

Nida Xəbər

"Qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək" - Vüqar Rəhimzadə

“Azərbaycan ötən 15 ildə özünün sürətli inkişaf dövrünü yaşayıb. Xüsusilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu daxili siyasət nəticəsində regionların sosial-iqtisadi inkişafı yüksək səviyyədə təmin edilib, kənd və qəsəbələr simasını əsaslı şəkildə dəyişib”.

Publika.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə qeyd edib ki, cənab İlham Əliyev 2003-cü ildə seçicilərin böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildikdən sonra qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib:

“Məhz möhtərəm Prezidentimizin təşəbbüsü ilə 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı xüsusi olaraq diqqət mərkəzində saxlanılıb. Bu mənada ötən 15 ildə 2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən 3 Dövlət Proqramı qəbul olunub və müvəffəqiyyətlə icra edilib. Nəticədə regionlarda böyük infrastruktur layihələri həyata keçirilib, kənd və qəsəbələrə yeni yollar, işıq, qaz xətləri çəkilib, biz sözlə, insanların rahat yaşaması üçün zəruri olan bütün tədbirlər görülüb”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu günlərdə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı xüsusi olaraq regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildiyini, 5 il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildiyini deyib: “Bəli, Dövlət Proqramının icrası ilə bağlı ötən 5 ildə qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib. Ümumiyyətlə, son 15 ilin statistikası belə deməyə əsas verir ki, Azərbaycan inamla inkişaf edib. 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb, 3200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, 44 olimpiya mərkəzi yaradılıb. Ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb. 2 milyon yeni iş yeri yaradılıb. Regionların inkişafında xüsusi payı olan kənd təsərrüfatı sahəsində də böyük artımlar müşahidə edilib. Belə ki, 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığı halda, ötən il 233 min ton pambıq tədarük edilib. Ötən il 13 rayonda 6200 ton tütün yığılıb. Əgər 2004-cü ildə 55 min ton üzüm yığılmışdısa, keçən il bu rəqəm 167 min tona bərabər olub. Təbii ki, ayrı-ayrı sahələrlə bağlı kifayət qədər belə müsbət rəqəmlər, göstəricilər qeyd etmək olar. Bütün bunlar bir daha sübut edir ki, qəbul və uğurla icra olunan 3 Dövlət Proqramının regionların sosial-iqtisadi inkişafında müstəsna yeri var”.

V. Rəhimzadə əlavə edib ki, regionların sosial-iqtisadi inkişafı bundan sonra da dövlət başçısının xüsusi nəzarətində olacaq: “Möhtərəm Prezidentimizin növbəti Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi bunun bariz nümunəsidir. Hesab edirəm ki, növbəti 5 ildə Dövlət Proqramı ilə bağlı qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm