Nida Xəbər
Deputatlar maşın qadağasını “top-tüfənglə” qarşıladı
Xorvatiya parlamenti “Dövlət xidməti” haqqında qanuna əlavələri təsdiq edib. Əlavələr qüvvəyə mindikdən sonra deputatlar şəxsi avtomobildən istifadə hüququndan məhrum olacaq. Bunun əvəzində deputatlara avtobus, tramvay və metrolardan pulsuz istifadə hüququ veriləcək. Qanun layihəsinin müəllifi Oqnejki Slovanoviçin sözlərinə görə, yeni qanun xorvat xalqı ilə onun təmsilçiləri arasında boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulub.
Maraqlıdır, bu qanun ölkəmizdə qəbul edilsə, millət vəkillərinin münasibəti necə olar?
Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycanda da belə bir qanun qəbul edilsə, birinci qoşulanlardan olar:
“Bunu özüm üçün hər hansı bir məhdudiyyət hesab etmərəm. Amma bu qanun heç də millət vəkilləri və cəmiyyəti yaxınlaşdırmağa xidmət edən yeganə vasitə deyil. Millət vəkili, dövlət qulluqçusunun cəmiyyətlə münasibətlərini yaxşı qurması üçün başqa vasitələr də var. Millər vəkillərinin əhali ilə görüşlərinin keçirilməsi, vaxtaşırı cəmiyyətin arasında olması, telefon zənglərinə açıq olması da bu vasitələrdən biridir”.
A.Mirzəzadə avtomobilsiz ailədə böyüdüyünü də deyib:
“Milli Məclisin deputatı seçilənə qədər mənim nə şəxsi, nə də xidməti maşınım olub. Ona görə də avtomobilsiz həyat mənim üçün adi bir normadır. Hazırda xidməti maşından istifadə edirəm, bununla belə avtomobilsiz fəaliyyət göstərə bilərəm”.
Millət vəkili Aqil Abbas isə bu qanunun qəbulunun doğru olmadığını bildirib:
“Azərbaycanın qanunvericiliyində millət vəkillərinin ictimai nəqliyyatdan pulsuz istifadə etməsini təmin edən maddə var. Amma insanlara nəyisə qadağan etmək heç də demokratiyanın göstəricisi deyil. Şəxsi maşınından istifadədən məhrum edilməsi insanın şəxsi azadlığına, həyatına müdaxilədir. Demokratik ölkədə belə bir qadağa tətbiq oluna bilməz. Onda Xorvatiyanın prezidenti də, digər məmurları da şəxsi avtomobil istifadəsindən məhrum edilsin.
Doğrudur, praktikada məmurların işə piyada, velosipedlə, metro və digər ictimai nəqliyyat vasitələri ilə getməsi maraqla qarşılanır. Məsələn, Hollandiyada bəzi vaxtlar məmurlar, hətta baş nazir velosipedlə işə gedir. Amma bu o demək deyil ki, onlar şəxsi avtomobil istifadəsindən məhrum edilib. Nəyisə qadağan etmək sivil dövlətlərin işi deyil”.
Aqil Abbas da ictimai nəqliyyatdan istifadə etdiyini qeyd edib:
“Elə yer olur ki, ora avtomobillə getmək sərf eləmir, buna görə də metrodan istifadə edirəm. Amma mənim 1987-ci ildən şəxsi avtomobilim olub. Mənim üçün avtomobil məni A-dan B-yə aparan vasitədir. Digər tərəfdən maşını olmayan deputatlar çoxdur. Milli Məclisə avtobusla gələn deputatlar var. Bütün millət vəkillərinin şəxsi avtomobili yoxdur. Məsələn, Aydın Mirzəzadənin, Tahir Kərimlinin, Fazil Mustafanın adını çəkə bilərəm”.
Millət vəkili Elman Nəsirov da belə qərarın qəbul edilməsini müsbət qarşılamayanlardandır:
“Əvvəla bir şeyi qeyd edim ki, Xorvatiya, ümumiyyətlə, dünya miqyasında nümunə, model ola biləcək dövlət deyil. Hesab edirəm ki, biz inkişaf etmiş dövlət sırasında olmağı özümüzə hədəf seçmişik.
Avtomobili hansısa bir zinət əşyası kimi qəbul etmək lazım deyil, bu, sadəcə həyat tərzidir. Biz gün ərzində çoxsaylı tədbirlərdə iştirak edirik, digər tərəfdən tez-tez seçicilərlə görüşmək üçün rayonlara gedirik. Məsələn, bugünkü iş rejimimi deyim. Səhər 10:00-da İlahiyyat İnstitutunun 1 illiyi ilə bağlı tədbirdə iştirak və çıxış; 11:00 Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Azərbaycandakı daimi nümayəndəliyində keçirilən tədbirdə iştirak və çıxış; 13:30 Xəzər TV-də çəkiliş; 15:00-da SƏS Agentliyində keçirilən toplantıda iştirak və çıxış... Fikir verirsiniz, hətta mənim nahar etməyə fiziki baxımdan vaxtım qalmır. Bizim üçün zaman məsələsi həlledicidir. Ona görə də hesab edirəm ki, avtomobil millət vəkilinə üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün lazımdır”.
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz