FHN-in Akademiyasında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi
Bizi izləyin

Nida Xəbər

FHN-in Akademiyasında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi

Fevralın 22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

FHN-dən Publika.az-a bildiriblər ki, tədbirdə hər iki ali təhsil ocağının rəhbər şəxsləri, professor-müəllim heyəti və tələbələri, FHN Akademiyasının zabit və kursantları, nazirliyin əməkdaşları, Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Xocalı soyqırımının şahidləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara Akademiyanın maddi-texniki bazası və kursantlar üçün yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin FHN-in Akademiyasında təşkil etdiyi Xocalı soyqırımına həsr edilmiş sərgiyə baxış olub. Universitetin rektoru, professor Ceyran Mahmudova çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqının tarixində dərin və ağrılı izlər buraxdığını deyib. Qeyd edib ki, tarixin böyük faciələrindən biri də məhz Xocalıda yaşanıb. Günahsız insanlar erməni cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilib. Natiq vurğulayıb ki, Türkiyədə Qazi Universitetinin təşkilatçılığı ilə qardaş ölkənin ali təhsil müəssisələrinin rəssamlarının iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş əsərlərindən ibarət “Duyulmayan Çığlık Hocalı” sərgisi təşkil edilib. Həmin sərgidəki əsərlərin 15-i bugünkü tədbirdə də nümayiş olunur.

Tədbir daha sonra Akademiyanın akt zalında davam etdirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rəisi, general-mayor Baba Salayev qeyd edib ki, Azərbaycan xalqı son 200 il ərzində erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, tarixi torpaqlardan qovulub, qaçqın və məcburi köçkünə çevrilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnakları Xocalıya hücum edərək tariximizə qanlı hərflərlə həkk olunmuş soyqırımı aktını törədib. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin taleyi bu günədək məlum deyil. Akademiyanın rəisi qeyd edib ki, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində artıq dünya ölkələri bu hadisəyə ədalətli qiymət verməyə başlayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası artıq öz bəhrəsini verməkdədir.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında bildirib ki, erməni millətçilərinin tarix boyu xalqımıza qarşı həyata keçirdikləri məkrli siyasət, o cümlədən Xocalı soyqırımı barəsində gənc nəslə, xüsusən də kursantlara, əsgərlərə ətraflı məlumat verilməli, düşmənin kimliyi tanıdılmalıdır. O, Xocalıda baş verən həmin hadisələrə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb və həyata keçirilmiş soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb.

Mədəniyyət və İncəsənət Universitetinin professoru Aqşin Babayev xalqımızın başına gətirilmiş bu kimi faciələrdən nəticə çıxarmağın vacibliyini nəzərə çatdırıb. Xocalı hadisələrinin bütün əlamətlərinə görə beynəlxalq terror aktı olduğunu bildirən natiq bu hadisənin günahkarlarının layiqli cəzalarını alacaqlarına əminlik ifadə edib.

Xocalı faciəsinin şahidi, istefada olan polis polkovniki Hafiz Ədilov da çıxış edərək dəhşətli gecədə baş verənlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm