Prezidentimizin siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır... - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Prezidentimizin siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır... - ŞƏRH

Son vaxtlar aparılan islahatlar sosial sahədə daha da dərinləşməkdədir və sosial paket islahatları icra olunmaqdadır. Bu, sosial sferada aztəminatlı təbəqənin rifahının yaxşılaşdırılmasına xidmət edən addımlardır.

Publika.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlət başçısının səsləndirdiyi fikirləri şərh edərkən deyib.

“Yanvar ayının axırında şəhid ailələrinə verilən birdəfəlik yardımın əhatə dairəsinin genişləndirilməsi, minimum əmək haqqının, əmək pensiyalarının, tələbələrə verilən təqaüdlərin artırılması, yaxud da çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı sərəncamların hamısı Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına xidmət edir. Bu gün cənab prezident ayrı bir sərəncam imzalayıb. Bu, sosial müvainətlərin artırılması ilə bağlıdır. Sərəncam bir qrup insanların rifahının yaxşılamnasına xidmət edəcəkdir”, - millət vəkili deyib.

Azər Badamov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə ölkə başçısı bir sıra vacib məqamlara toxunub:

“Dövlət başçımız bu ilin yanvar ayının yekunlarına nəzər saldı. Ümumi daxili məhsulun artımının təxminən 3 faiz təşkil etməsi, qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artması vurğulandı. Təkcə bir ay ərzində vergi orqanları plandan əlavə 80 milyon, gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplayıb və ümumi daxilolmalar 105 milyon manat artıb. Bütün bunlar isə ölkəmizin iqtisadi mənzərəsini göstərir. İqtisadi dinamiklik sosial islahatlar paketini gücləndirməyə imkan verir”.

Azərbaycan Prezidentinin müşavirədə problemli kreditlər məsələsinin həlli ilə bağlı fikirlər səsləndirdiyini deyən millət vəkili bu məsələnin Milli Məclisin iclaslarında da müzakirə olunduğunu bildirib:

“Bu məsələ 2015-ci ildə manatın kəskin dəyərdən düşməsi nəticəsində əhalinin xarici valyuta ilə aldığı kreditlərlə bağlı yaranmışdı. Cənab prezidentin də qeyd etdiyi kimi, bu məsələ ilə bağlı xüsusi işçi qrupu yaradılıb və qrup məsələnin vətəndaşların maraqlarına uyğun həlli üçün iş görür və yaxın dövrdə addımlar atılacaq. Prezident xüsusilə qeyd etdi ki, Azərbaycan bu məsələnin həlli ilə bağlı çox ciddi nümunə göstərəcək. Düşünürəm ki, yaxın müddətdə problemli kreditlər məsələsi öz həllini tapacaq. Burada əsas məsələ Azərbaycan vətəndaşının rifahının və sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Aparılan bütün islahatlar və imzalanan sərəncamlar bir daha onu göstərir ki, Azərbaycanın dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır. Düşünürəm ki, Azərbaycan vətəndaşının güzəranı günü-gündən yaxşılaşacaq və insanlarımız daha da yaxşı həyat şəraiti ilə təmin olunacaqlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm