Kreditin məzənnə fərqinin 92%-ni dövlət ödəyəcək – İqtisadçı
Bizi izləyin

Nida Xəbər

Kreditin məzənnə fərqinin 92%-ni dövlət ödəyəcək – İqtisadçı

Prezidentə bugünkü fərmanına görə dərin minnətdarlığımı bildirirəm. Böyük və humanist addım atdı və bir daha təsdiqlədi ki, dövlət vətəndaşımızın arxasındadır.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas, bank eksperti Əkrəm Həsənov deyib. O bildirib ki, ediləcək güzəştlər gözləniləndən xeyli artıq olacaq:

“Güzəştlər bir şəxsin banklar və bank olmayan kredit təşkilatları qarşısında 2015-ci il fevralın 21-nə və (və ya) dekabrın 21-nə olan 10.000 dollaradək olan əsas borcunu əhatə edir. Bu bir neçə kredit də ola bilər, amma cəmi məbləğ 10.000 dollardan çox olmamalıdır. Dövlət 3 ay ərzində 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə hər 1 dolların 0,15 dollarını (0,25 manat), 2015-ci il dekabrın 21-nə mövcud olan əsas kredit borcuna münasibətdə isə hər 1 dolların 0,35 dollarını (0,6 manat) banka ödəyəcək. Vətəndaş borcunu artıq özü ödəyibsə, müvafiq fərq vətəndaşa qaytarılacaq. Məsələn, tutaq ki, vətəndaşın 2015-ci ilin fevralın 21-nə 10.000 dollar borcu var. Devalvasiyayadək olan məzənnə ilə bu 7800 manatdır. İndi isə 17000 manat. Dövlət 8500 manat ödəyəcək. Yəni vətəndaş da cəmi 8500 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,4%-ni dövlət, 7,6%-ni isə vətəndaş ödəyəcək. Deməli, 10.000 dolların yarısını dövlət qaytaracaq. İkinci bir misal çəkim. Tutaq ki, vətəndaşın 2015-ci ilin dekabrın 21-nə 10.000 dollar borcu var (krediti 21 fevraldan sonra götürüb). Devalvasiyayadək olan məzənnə ilə bu 10500 manatdır. İndi isə 17000 manat. Dövlət 6000 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,3%-ni dövlət, 7,7%-ni isə vətəndaş ödəyəcək. Deməli, dövlət 10.000 dolların 3530 dollar hissəsini qaytaracaq”.

Ekspert vurğulayıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank Prezidentlə razılaşdırmaqla 15 gün müddətində həm yuxarıda qeyd edilənlərin mexanizmini, həm də hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etməlidir:

“Yəni faiz və dəbbə pulu üzrə də güzəşt olacaq. Kredit təşkilatlarına tövsiyə edilir ki, sözügedən şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, 1 ay müddətində həmin kreditlərə hesablanmış faizləri silsinlər və məhkəmədə olan işləri geri çağırsınlar, habelə borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Ümid edirəm ki, kredit təşkilatları belə də edəcək. Kredit təşkilatlarının edəcəyi restrukturizasiya ilə əlaqədar Mərkəzi Banka tövsiyə edilir ki, onlara cəmi 682 mln. manat məbləğində güzəştli kreditlər versin, habelə bu tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına kredit təşkilatlarına cəmi 215 mln. dollar dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5% olmaqla qiymətli kağızların verilməsini təmin etsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm