Azərbaycan ABŞ-da keçirilmiş dini azadlıq üzrə konfransda iştirak etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan ABŞ-da keçirilmiş dini azadlıq üzrə konfransda iştirak etdi - FOTO

ABŞ tərəfinin dəvəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 16-18-də Vaşinqton şəhərində keçirilmiş Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edib.

Konfransa 100-dən artıq dövlətin və 10-dan çox beynəlxalq təşkilatın rəsmiləri, habelə dini liderlər və vətəndaş cəmiyyəti qruplarının nümayəndələri qatılıblar.

ABŞ-ın vitse-prezidenti Mayk Pens, dövlət katibi Mayk Pompeo və Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbek tədbirdə çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Mübariz Qurbanlı çıxışında ölkəmizin dünyəvi dövlət olduğunu, respublikamızdakı mövcud dövlət-din modelini, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşadığını, cəmiyyətimizin tolerantlıq və multikulturalizm ənənələrinin bir nümunə olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, bu ənənələri daha da gücləndirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir, dini icmaların inkişafı üçün onlara maddi yardımlar edilir. Ölkəmizin beynəlxalq aləmdə model olduğunu söyləyən M.Qurbanlı antisemitizmin olmadığı və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycanın dinlər və sivilizasiyalar arasında dialoqu təşviq edən əsas dövlətlərdən biri olduğunu vurğulayıb. M.Qurbanlı, həmçinin cari ilin noyabrında Azərbaycanın Dünya dini liderlərinin II Bakı sammitini keçirəcəyini də xatırladıb.

Bəzi münaqişələrin sonradan dini dona salınmasının yolverilməz olduğunu söyləyən M.Qurbanlı belə addımların qınanmasının və onların qarşısının alınmasının vacibliyini qeyd edib. O, dinlərin barışa və sülhə töhfə verməli olduğunu, bu xüsusda xristian və müsəlman dini liderləri Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən münaqişənin həllinə və bir milyonadək soydaşımızın öz doğma yurd-yuvasına qayıtmasına yardım etməyə çağırıb.

Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti ABŞ rəsmiləri, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının müvəkkilləri, Macarıstan Xarici İşlər və Ticarət naziri, habelə Qazaxıstan, Özbəkistan rəsmiləri, müxtəlif dini liderlər və tanınmış ictimai xadimlərlə görüşlər keçirib (Azərtac).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm