Elçin Quliyev: 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Bizi izləyin

Nida Xəbər

Elçin Quliyev: 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

"Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu, 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılıb, külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kq narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb".

Publika.az xəbər verir ki, bu fikirlər Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin rəsmi mətbuatda dərc edilmiş məqaləsində yer alıb.

DSX rəisi bildirib ki, bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 91 şəxs saxlanılıb, 388 nəfərin şəxsiyyəti müəyyən edilib: "Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib".

Onun sözlərinə görə, 2019-cu ildə Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinə qəbul olunmaq üçün müraciətlərin sayının 1200-dən artıq olması və 1 kursant yerinə 26 nəfərdən ibarət müsabiqənin yaranması DSX Xüsusi Məktəbinin qısa müddət ərzində orta təhsil müəssisələri arasında böyük nüfuz qazanmasının göstəricisi olub.

E.Quliyev bildirib ki, DSX-də peşəkar kadrların hazırlanması üçün hərbi qulluqçuların fiziki hazırlığına da xüsusi diqqət yetirilir: "Təsadüfi deyil ki, son illər ərzində sərhədçi idmançılar dünya və Avropa çempionatlarında, respublika birinciliklərində, müxtəlif beynəlxalq turnirlərdə 1248 qızıl, 831 gümüş, 971 bürünc medal qazanıblar".

Dövlət Sərhəd Xidmətinin rəisi qeyd edib ki, iyul ayının 31-dən avqust ayının 2-dək "Xəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilmiş taktiki təlimlərdə qarşıya qoyulan bütün tapşırıqların ən yüksək səviyyədə icra olunması, çətin üzmə şəraitinə baxmayaraq DSX Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin şəxsi heyəti tərəfindən yüksək döyüş hazırlığının və peşəkarlığın nümayiş etdirilməsi dənizdə mükəmməl sərhəd mühafizə infrastrukturunun formalaşdırılmasının əyani ifadəsi olub: "İyul ayının 26-da İran İslam Respublikasının "Şəbahəng” quru yük gəmisinin qəzaya uğraması zamanı 9 nəfərdən ibarət olan gəmi heyətinin xilas edilməsi DSX Sahil Mühafizəsinin yeni gəmilərinin yüksək manevr və sürət imkanlarını bir daha nümayiş etdirdi".

2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin büdcə ayırmalarının 146 dəfə artdığını, 17 hərbi hissə və struktur qurumun, o cümlədən Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələrinin qarnizonlarının, "Sərhədçi” İdman Olimpiya Kompleksinin, "Sərhədçi” istirahət mərkəzlərinin, DSX Sahil Mühafizəsinin yeni bazasının və yaşayış binaları kompleksinin, DSX Akademiyasının, DSX Xüsusi Məktəbinin yeni korpusunun, xüsusi təyinatlı hərbi hissələrin inşa olunduğunu diqqətə çatdıran E.Quliyev bildirib ki, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilib. 2002-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 740 xidməti bina istifadəyə verilib: "Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan - Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra 9 aylıq qısa bir müddətdə bilavasitə düşmənlə təmas xəttində ilk vaxtlar uyğunlaşdırılmış tikililərdə xidmətə başlayan sərhədçilərimiz üçün 75 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, iki hərbi hissə kompleksi tikilərək istifadəyə verilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm