Azərbaycan BMT qətnamələrini özü icra edir: beynəlxalq hüququn bərpası
Bizi izləyin

Nida Xəbər

Azərbaycan BMT qətnamələrini özü icra edir: beynəlxalq hüququn bərpası

822, 853, 874, 884. Bu, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrdir. 30 ildir bu qətnamələri eşidirik və 30 ildir qətnamələrin yerinə yetirilməsi üçün heç bir addım atılmadı.

BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin icrasına nail olmadı, çünki siyasi iradə yoxdur.

Prezident İlham Əliyev bu gün xalqa müraciətində bildirib ki, biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik.

“Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim, bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”, - Prezident bəyan edib.

30 ildən sonra Azərbaycan məşhur 4 qətnamənin yerinə yetirilməsini özü həyata keçirir.

822-ci qətnamə (1993-cü il, 30 aprel): Kəlbəcərin işğalından sonra qəbul edilib. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi.

853-cü qətnamə (1993-cü il, 29 iyul): Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi.

874-cü qətnamə (1993-cü il, 14 oktyabr): Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.

884-cü qətnamə (1993-cü il, 12 noyabr): Tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi.

İndiyə qədər bu qətnamələrin heç biri yerinə yetirilməmişdi. Azərbaycan 27 sentyabr tarixində başlanan hərbi əməliyyatlarla BMT TŞ-nin qətnamələrinin və ərazi bütövlüyü prinsipini əsas götürən Helsinki Yekun Aktının icrasını həyata keçirir.

Füzuli və Cəbrayılın azad edilməsi ilə 874-cü qətnamənin tələblərinin bir qismi, Zəngilan şəhəri və Zəngilan rayonunun bir neçə kəndi azad olunmaqla 884-cü qətnamənin tələblərinin demək olar ki, hamısı icra olunub.

Azərbaycan bununla həm də işləməyən beynəlxalq hüququ yerinə yetirir. Hazırda işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində anti-terror əməliyyatları davam edir və ordumuz qısa zamanda BMT TŞ-nin 4 qətnaməsinin də icrasını təmin edəcək.

Bu, beynəlxalq münasibətlərdə işləməyən beynəlxalq hüququn icrası ilə bağlı yeni presedent də yaratmış oldu. Bunu Azərbaycan lideri, Azərbaycan Ordusu etdi...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm