Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşdü
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşdü

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu avqustun 5-də saat 11 radələrində qardaş ölkəyə yola salınıb.

Publika.az xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi isə avqustun 5-də səhər saat 06 radələrində Türkiyəyə yola düşüb.

Qrupun üzvlərini FHN-in Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov yola salıb, onlara müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz iki qrupa ayrılaraq Marmaris bölgəsində yanğınların söndürülməsinə çalışırlar. Azərbaycan yanğınsöndürənləri isti hava şəraitində mürəkkəb relyefli dağlıq ərazidə yanğınların söndürülməsi üçün fədakarlıqla mübarizə aparırlar.

FHN-in 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət yola düşən ikinci qrupu iyulun 31-də qardaş ölkəyə yola salınıb. İkinci qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub. Yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Türkiyədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm