Xankəndindən səslənən tezislər “Valday”da elan olunan hazırlığa bir işarədir - Fuad Abbasov
Bizi izləyin

Nida Xəbər

Xankəndindən səslənən tezislər “Valday”da elan olunan hazırlığa bir işarədir - Fuad Abbasov

Bugünki Ermənistan hakimiyyəti Moskvanın sözünə baxmır və Rusiya Ermənistanda nüfuzunu ən azı Paşinyan hakimiyyətində itirmiş vəziyyətdədir. Amma Kreml çox yaxşı başa düşür ki, Qafqaza yol Qarabağdan keçir.

Bunu Publika.az-a açıqlamasında “MİSRA” İnformasiya Mübadiləsi və Təşəbbüsləri İctimai Birliyi – MİSRA TV-nin rəhbəri, uzun illər Rusiyada yaşayan, burada jurnalistika ilə məşğul olan Fuad Abbasov bildirib.

Onun sözlərinə görə, Rusiya bu yolu mümkün olduğu qədər maksimum şəkildə öz siyasətində istifadə etməyə çalışır:

“Diqqət edirsinizsə, Vladimir Putin oktyabrın 27-də “Valday” Beynəlxalq Diskussiya Klubunda Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı danışarkən birbaşa olaraq erməniləri Qarabağdan əl çəkməməyə, Qarabağ uğrunda mübarizə aparmağa çağırdı. Bundan əvvəl istər Rusiyanın “Pervıy kanal”, “Rossiya-1” kimi ümumrusiya federal (dövlət) televiziya kanallarında, istərsə baş redaktoru Marqarita Simonyan olan “Russia Today” (RT) telekanalında, yenə Simonyanın baş redaktor olduğu “Rossiya seqodnya” (RİA Novosti) beynəlxalq informasiya agentliyində, Roman Babayanın baş redaktor olduğu ”Qovorit Moskva” radiostansiyasında, həmçinin, REN TV-də və “Rossiya 24“ telekanallarında Azərbaycana qarşı təxribatlar, ərazi bütövlüyünə qarşı söylənən fikirlər hamısı Rusiyanın xarici siyasətinin bir göstəricisidir. Zənnimcə, bütün bunlar hamısı həm Rusiya ictimaiyyətini, həm Ermənistan ictimaiyyətini, həm də Qarabağdakı qondarma idarəçiliyi Soçi görüşünə hazırlamaq mesajı daşıyır. Yəni, Xankəndindəki mitinqdə səsləndirilən tezislər böyük ehtimalla Qarabağdakı ermənilərə hansısa status verilməsi, onların Putinin “Valday”da dediyi kimi hansısa milli xüsusiyyətlərini nəzərə almaq hazırlığına bir işarədir”.

Fuad Abbasov deyib ki, Soçidə isə nələrin olub-bitəcəyinə dair ancaq proqnozlar vermək olar:

“Ancaq bu hazırlıqlar onu göstərir ki, Putin Qarabağdan əl çəkmək, Ermənistan-Azərbaycan münaqişəsinin nəticələnməsini, sülh müqaviləsinin imzalanmasını istəmir. Sərhədlərin delimitasiya və demarkasiyasının tərəfdarı deyil. Ümumiyyətlə, şərti olaraq Vaşinqton planı adlandırılan və Azərbaycanın bütün Qarabağ üzərində suverenliyini təmin edən planın həyata keçirilməsinə tamamilə qarşıdır. Çünki bu plan həyata keçirilsə, demək olar ki, Rusiyanın Qafqaza olan yolu bağlanır. Ən azı Paşinyan hakimiyyəti dövründə bağlanmış olacaq. Ondan sonra gələcək hakimiyyətlərin kim olacağı, necə olacağı bəlli deyil. Buna görə də gəlin, Soçi görüşünün nəticəsini gözləyək, ona əsasən şərhimizə davam edərik”.

Bununla belə Fuad Abbasov proseslərin gedişi ilə bağlı ümidsiz olmadığını vurğulayıb:

“Ümumiyyətlə, ümidsiz deyiləm, mən sadəcə olaraq Rusiyanın bu məsələdəki mövqeyini səsləndirmiş oldum. Amma Rusiya burada təkbaşına deyil. Diqqət edirsinizsə, Putin “Valday”dakı çıxışında Qarabağın taleyinin erməni xalqının, Ermənistan dövlətinin və hakimiyyətinin əlində olduğunu vurğuladı. Azərbaycan haqqında heç bir söz söyləmədi. Sanki Ermənistan və Rusiya birlikdə Qarabağın və Qarabağdakı ermənilərin taleyini müəyyən etmək üçün birləşiblər. Amma Rusiyanın burada heç Ermənistanın da dəstəyini görəcəyinə inanmıram. Çünki Ermənistan başda Paşinyan olmaqla Qarabağ yükündən azad olmağa çalışır. Artıq Paşinyan da, onun ətrafındakılar da, onu hakimiyyətə gətirən qüvvələr də çox yaxşı başa düşürlər ki, Qarabağ Ermənistan üçün ağır yükdür və bu yükü daşımaq nə kasıb Ermənistan əhalisinin, nə Ermənistan büdcəsinin, nə də ona kömək edən diasporun imkanları daxilindədir. Ona görə də mənə elə gəlir ki, Rusiya bu təkliflərlə tək qalacaq. Soçi görüşünün nəticəsi nə olursa olsun, mən ümid edirəm ki, Rusiyanın Qarabağ planları həyata keçməyəcək”.

Qeyd edək ki, oktyabrın 30-da Qarabağ separatçılarının kompakt yaşadıqları Azərbaycanın Xankəndi şəhərinin məkəzi meydanında (İntibah meydanı adlanır) mitinq keçirilib. Rejim mənsubları saat 15:00-da başlayan mitinqdə 40 min, saat 16:00-da isə 50 min nəfərin iştirak etdiyini bildiriblər. Mitinq Qarabağdakı qondarma “parlamenti”nin növbədənkənar iclası ilə eyni vaxtda baş tutub. Orada Qarabağdakı separatçı rejimin keçmiş “qlavarları” Arkadi Qukasyan və Bako Saakyanla yanaşı hazırkı “qlavar” Araik Arutyunyan da iştirak edib. Mitinqdə digər çıxış edənlərlə yanaşı qondarma rejimin “parlamenti”nin deputatı Areq Avakyan “parlament”in bəyanatını oxuyub. Bəyanatda Qarabağın Azərbaycanın bir hissəsi olmadığı və olmayacağı bildirilib.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm