Eldar Əzizov müşavirədə ona xəbərdarlıq etmişdi - Həbsdən əvvəlki detallar
Bizi izləyin

Nida Xəbər

Eldar Əzizov müşavirədə ona xəbərdarlıq etmişdi - Həbsdən əvvəlki detallar

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, eləcə də digər vəzifəli şəxslər saxlanılıb və onlar barəsində cinayət işi açılıb.

Publika.az xəbər verir ki, Teleqraf-ın Nadir Muradovun adı ətrafında apardığı araşdırmalar zamanı bir sıra maraqlı məqamlar üzə çıxıb.

Məlum olub ki, daha öncə də Nadir Muradova işində yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib. Bu, 2023-cü ilin sentyabrında Bakının icra başçısı Eldar Əzizovun rəhbərliyi ilə keçirilən müşavirədə qeydə alınıb.

Belə ki, Eldar Əzizov həmin müşavirədə bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH-nin rəhbərlərinə ciddi iradlar tutub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb.
Müzakirələrin nəticəsi olaraq Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edilib.

Bundan başqa, müşavirədə Qaradağ RİHB-nın Müşviqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramovun da tutduğu vəzifəyə uyğunluğu məsələsinə baxılması üçün tapşırıq verilib. Həmçinin nöqsanların aradan qaldırılması üçün 1 ay müddətində zaman tanınıb.

Maraqlıdır ki, üzərindən iki il keçməsinə baxmayaraq, həm Nadir Muradov, həm də Müşviqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramov vəzifədə qalıb.

2010-cu illərin əvvəllərindən Qaradağ RİHB-nın müavini olan Nadir Muradov 2016-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, istintaq və əməliyyat-axtarış tədbirləri ilə Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm