Nida Xəbər
ŞKTC-nin 42-ci ildönümü münasibətilə tədbir keçirildi
"Millət olaraq dərin kədər və hüzn içində olduğumuz bu günlərdə, Cümhuriyyətimizin 42-ci ildönümü münasibətilə bir araya gəlmişik. Resepsiyona qatıldığınız üçün siz dəyərli qonaqlarımıza ölkəm və dövlətim adından təşəkkür edir, hər birinizə “xoş gəlmisiniz” deyirəm".
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 42-ci ildönümü münasibətilə keçirilən tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer deyib.
"2025-ci il noyabrın 11-də Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində şəhid olan igid əsgərlərimizə öz adımdan və Kipr Türk xalqı adından Allahdan rəhmət diləyir, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və əziz millətimizə başsağlığı və səbir arzulayıram.
Kipr Türk xalqının azadlıq və varlıq mübarizəsinin ən mənalı bəhrəsi, suverenliyimizin və müstəqilliyimizin ən qüvvətli ifadəsi olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin quruluşunun 42-ci ildönümünü hər il olduğu kimi bu il də qardaş Azərbaycan torpağında siz dəyərli qonaqlarımızla birlikdə qeyd etməyin qürurunu yaşayırıq.
Sözümün əvvəlində, başda Anavatanımız — Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Qazi Mustafa Kamal Atatürk olmaqla, Kipr Türk xalqının azadlıq və müstəqillik mübarizəsinin lideri Dr. Fazıl Küçükü, qurucu prezidentimiz Rauf Raif Denktaşı, eləcə də bu müqəddəs yolda qəhrəmanlıqla döyüşən igid Mehmetçik və mücahidlərimizi rəhmət və minnətlə yad edir, müqəddəs xatirələri qarşısında hörmətlə baş əyirəm. Həyatda olan qazilərimizə isə dərin ehtiram və təşəkkürlərimi bildirirəm.
8 noyabr — Şanlı Qarabağ Zəfərinin 5-ci ildönümündə, ölkə başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında “dəmir yumruq” kimi birləşən qardaş Azərbaycan xalqını və qəhrəman ordusunu Kipr Türk xalqı adından bir daha ürəkdən təbrik edirik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda fədakarlıqla mübarizə aparan, canını vətən torpağı uğrunda qurban verən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə sağlamlıq arzulayıram.
1960-cı ildə imzalanmış beynəlxalq müqavilələrə əsasən qurulan “Kipr Respublikası”, adadakı iki xalq — Kipr Türk və Kipr Rum xalqları arasında ortaq dövlət prinsipi əsasında, iki xalqın bərabər siyasi hüquq və statusuna əsaslanırdı.
Lakin Kipr Rum tərəfi 1960-cı il razılaşmalarının təmin etdiyi bu quruluşun yaşamasına imkan verməmiş, türkləri dövlət qurumlarından kənarlaşdıraraq, onları təcrid etməyə, adadakı varlıqlarını sona çatdırmağa və nəhayət, Yunanıstanla birləşmə — Enosis məqsədi ilə dövlətin strukturunu dəyişdirməyə cəhd etmişdir.
Kipr Türk xalqı 1963-cü ildən etibarən, yəni ortaq dövlətdən silah gücü ilə uzaqlaşdırıldığı vaxtdan başlayaraq, 11 il ərzində Rum tərəfinin bütün təzyiq və zülmünə qarşı böyük inam və iradə ilə dirənmiş, ayaqda qalmış və Anavatan Türkiyə Cümhuriyyətinin 1960-cı il müqavilələrindən doğan zəmanət hüququnu həyata keçirməsi nəticəsində 20 iyul 1974-cü il Sülh Hərəkatı ilə azadlığına qovuşmuşdur.
Bu Müqəddəs Sülh Hərəkatı, Kipr Türklərinin azadlığını və varlığını hədəf alan Rum-Yunan hücumlarına son qoymuş, adadakı Türk varlığının məhvinin qarşısını alaraq bütün adaya sülh gətirmişdir.
Kipr Türk xalqı, Ulu Öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyətini quran qəhrəman Türk xalqının mübarizəsindən ilham alaraq və Anavatanın şərtsiz dəstəyi ilə 15 noyabr 1983-cü ildə qurucu prezident Rauf Raif Denktaşın liderliyində ən dəyərli nemətinə — Kuzey Kıbrıs Türk Cümhuriyyətinə qovuşmuşdur.
Kipr Türkləri 1983-cü ildə qurduqları dövləti ilə azlıq kimi yaşamağı qəbul etmədiklərini, suverenlik və müstəqilliklərindən heç vaxt vaz keçməyəcəklərini bütün dünyaya bəyan etmişlər. Uzun illər boyu hücumlar, təhdidlər və qətliamlarla yox edilməyə çalışılan Kipr Türk xalqı, müstəqillik mübarizəsinin sonunda böyük fədakarlıqlar bahasına öz dövlətini qurmağa nail olmuşdur.
Kuzey Kıbrıs Türk Cümhuriyyəti demokratik, dünyəvi və müasir qurumları ilə köklənməkdə, beynəlxalq ictimaiyyətin illərdir tətbiq etdiyi haqsız embarqo və təcridlərə baxmayaraq, xalqımızın iradəsi və Türkiyə Cümhuriyyətinin dəstəyi ilə gündən-günə inkişaf edib güclənməkdədir. Kipr Türkləri suverenliyinin, müstəqilliyinin və dövlət sahibi olmağın dəyərini bilərək haqlı mübarizəsini əzmlə davam etdirəcəkdir.
Rumların ortaq dövləti ələ keçirməsindən 62 il keçmişdir. Kipr məsələsinin adada iki ayrı xalqın və iki ayrı dövlətin mövcudluğu gerçəyi üzərində ədalətli və davamlı bir həllə qovuşması, yalnız Kipr Türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınması ilə mümkündür.
Kuzey Kıbrıs Türk Cümhuriyyətinin 2022-ci il noyabrın 11-dən bəri Türk Dövlətləri Təşkilatı çətiri altında yer alması Kipr Türkləri üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyidir. Bu çərçivədə ölkəmiz Türk Dünyası qurumları və tədbirlərində fəal iştirak edir.
Hazırda Kiprdə təxminən 50 min Türk Dünyası gənci universitetlərimizdə təhsil alır. Bu rəqəm Türk Dünyasının ayrılmaz parçası olan Kipr Türk xalqının birlik və həmrəyliyə verdiyi önəmin bariz göstəricisidir.
Türk Dünyasının ayrılmaz hissəsi olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə qardaş Azərbaycan arasındakı münasibətlər də gündən-günə möhkəmlənir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, ticarət, turizm və ali təhsil sahələrində əlaqələr sürətlə inkişaf edir. İl ərzində bir çox rəsmi heyətlərimiz Azərbaycanı ziyarət edərək ölkənin potensialını və inkişafını yerində müşahidə etmişlər. Bu yüksəliş, qardaş Azərbaycanın Kipr Türklərinə verdiyi dəstəyin və haqlı davamıza göstərdiyi həmrəyliyin bariz ifadəsidir.
Cənab Prezident İlham Əliyevin “Türk Dünyasından başqa ailəmiz yoxdur” kəlamı bütün Türk dünyası üçün yol xəritəsi olmaqla yanaşı, birliyimizin və həmrəyliyimizin ən qiymətli göstəricisidir. Bu yolda dayanmadan və yorulmadan çalışmaq bizim ən böyük məsuliyyətimizdir.
2024-cü ildə Azərbaycan Milli Məclisi ilə Kuzey Kıbrıs Türk Cümhuriyyəti Məclisi arasında parlamentlərarası dostluq qruplarının yaradılması, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi yol xəritəsinin ən güclü sübutudur. Həmin dostluq qrupları fəaliyyətə başladığı gündən etibarən çox fəal və səmərəli şəkildə işləməkdədir.
Bu münasibətlə, başda Azərbaycan Milli Məclisinin sədri hörmətli Sahibə Qafarova olmaqla, Azərbaycan–Kuzey Kıbrıs Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun sədri millət vəkili Cavanşir Feyziyevə və bütün üzvlərinə səmimi əməkdaşlıqları və fədakar fəaliyyətləri üçün təşəkkürlərimi bildirirəm.
Türkiyə Cümhuriyyəti Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, BMT-nin son üç Baş Assambleyasında olduğu kimi, 80-ci sessiyada da beynəlxalq ictimaiyyəti Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanımağa və bu dövlətlə diplomatik, siyasi və iqtisadi münasibətlər qurmağa çağırmışdır.
Türk Dünyasının ayrılmaz parçası olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Şərqi Aralıq dənizində yerləşən ən cənubdakı Türk dövləti olaraq geosiyasi baxımdan getdikcə daha mühüm rol oynayır. Şərqi Aralıq dənizinin sülh və sabitliyin hökm sürdüyü bir bölgəyə çevrilməsi üçün bütün tərəflərin hüquqa və ədalətə hörmət göstərməsi vacibdir.
Böyük Türk millətinin ayrılmaz parçası olan Kipr Türkləri olaraq, Anavatanımız Türkiyə Cümhuriyyətinin dəstəyi ilə dövlətimizi daha da gücləndirmək əzmindəyik. Anavatanımızın güclü siyasəti və iradəsi, Şərqi Aralıq dənizində və yaşadığımız torpaqlarda qanuni haqlarımızın və mənafelərimizin ən böyük təminatıdır.
Bu duyğu və düşüncələrlə, dövlətimizin təminatı olan Türkiyə Cümhuriyyətinə, Türkiyə Silahlı Qüvvələrinə və Kipr Türk Sülh Qüvvələri Komandanlığına sarsılmaz etimadımı bir daha ifadə edir, Cümhuriyyətimizin 42-ci ildönümündə bizi tək buraxmadığınız üçün hamınıza təşəkkür edirəm"-deyə U. Turganer əlavə edib.
-
İdman21:48Azərbaycan - İslandiya oyununda 2-ci QOL - CANLI/YENİLƏNİR
-
Nəqliyyat19:48Zəngəzur dəhlizinə gedən dəmiryol xətti ilə bağlı YENİ XƏBƏR - VİDEO
-
İdman19:36Türkiyədə MƏRC QALMAQALI: 102 futbolçuya CƏZA VERİLDİ - ADLAR
-
Nəqliyyat19:24Bakıda diplomatik nömrəli maşınla qaydaları pozdular - DİN-dən AÇIQLAMA
-
Magazin119:12Səmra dərin sinə dekolteli mini libasda - “ÇƏHRAYI FOTOLAR”
-
Cənubi Qafqaz19:00Qalstanyanın həbs müddəti YENƏ UZADILDI
-
Magazin217:40Üzünə həsəd aparır göydəki Ay da: Dünyanın ən gözəl qadınları - FOTOLAR
-
Sosial16:40Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi


























.jpg)







.jpg)


