Prezident humanizm siyasətinə sadiqliyini bir daha təsdiqlədi - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Prezident humanizm siyasətinə sadiqliyini bir daha təsdiqlədi - ŞƏRH

“2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi respublikamızın həyatında böyük tarixi hadisədir. Bu il, həm də tarixi Qələbəmizin 5-ci ildönümüdür. Bu əlamətdar hadisələrlə bağlı Prezident İlham Əliyevin Amnistiya elan edilməsi təşəbbüsü ölkəmizdə böyük rəğbətlə qarşılanıb. Dövlət başçımızın bu təşəbbüsü onun humanizm və sosial ədalət prinsiplərinə sadiqliyinin növbəti nümunəsidir. Sayca 13-cü olan Amnistiya aktı 20 mindən çox şəxsə şamil olunacaq. Humanizm prinsiplərinə sadiqliyin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir”.

Publika.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı vaxtdan indiyədək humanizm onun həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Son 22 ildə həyata keçirilən siyasi kursun əsas amillərindən biri də insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləridir. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib. Dövlətimizin başçısı bu ənənələrinə sadiqliyini nümayiş etdirərək 15 dekabr 2025-ci ildə Amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Prezident bu təşəbbüsü irəli sürərkən, ilk növbədə, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi Qələbəsi olduğunu nəzərə alıb. Dövlətimizin başçısı, eyni zamanda, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edib.

Tanınmış hüquqşünas Amnistiya aktı ilə Əfv fərmanı arasındakı fərqə aydınlıq gətirərək deyib ki, əfv Prezidentin səlahiyyətləri çərçivəsində fərdi qaydada ayrı-ayrı şəxslərə tətbiq olunan humanist aktdır. Amnistiya aktı isə Prezident başda olmaqla qanunvericilik təşəbbüsü olan şəxslər tərəfindən layihə şəklində Milli Məclisə daxil olur. Layihə Milli Məclisin müvafiq komitəsində müzakirə edildikdən sonra parlamentin plenar iclasına təqdim olunur və müzakirələrdən sonra qanun qəbul olunur. Amnistiya aktı qanundur və mütləq Milli Məclis tərəfindən qəbul olunmalıdır. Ç.Qənizadə Amnistiya aktının 20 min şəxsə şamil olunacağına da münasibət bildirdi: “Son illərdə qəbul olunan Amnistiya aktından fərqli olaraq bu sənəd ilk dəfə olaraq istintaq və məhkəmədə işi baxılan Amnistiya aktının təsiri altına düşən şəxslərə şamil olunacaq. Budəfəki Amnistiyanın 20 minə yaxın şəxsə şamil olunacağı bundan irəli gəlir. Birdən-birə 20 min məhkumu cəzadan azad etmək mümkün deyil”.

Hüquq müdafiəçisi deyib ki, Prezident İlham Əliyevin təklifi sayəsində Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük Amnistiya olacaq. Belə ki, Amnistiya aktının ümumilikdə, 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, daha minlərlə şərti azadlıqdan məhrum edilmiş və digər cəzalarla cəzalandırılmış şəxslərin cəzadan azad olunması gözlənilir.

Azərbaycan dövlətinin, onun başçısının daim humanizm prinsiplərinə sadiqliyini diqqətə çatdıran hüquq müdafiəçisi ötən müddət ərzində 12 Amnistiya və 71 əfv təşəbbüsü olduğunu xatırlatdı: “Ümumilikdə, 1995-ci ildən etibarən qəbul edilən 12 Amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıq şəxsə şamil edilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 Amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub. Milli Məclisin deputatı olarkən, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə Amnistiya aktı qəbul edilib.

“Bu Amnistiya aktı Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsdür. Ümumiyyətlə, humanizm ölkə başçısının həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir”, - deyə Ç.Qənizadə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm