Ekopublika.az
Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
Qırğızıstan ölkə tarixində ilk dəfə öz milli valyutasının çapına başlayıb.
Publika.az xəbər verir ki, məlumatı Prezidenti Sadır Japarov açıqlayıb. Bildirilir ki, əvvəllər banknotlar xaricdən sifariş edilirdisə, indi istehsal tamamilə ölkə daxilində həyata keçirilir.
Prezident əlavə edib ki, Qırğızıstan beynəlxalq sertifikat alıb və pul istehsalında bütün standartlara cavab verir:
“Respublika artıq digər ölkələr üçün də valyuta çap edə bilər, həmçinin pasport, şəxsiyyət vəsiqəsi, sürücülük və texniki sənədlərin istehsalını da təmin edir. Məhsullar yüksək keyfiyyətə malikdir və saxtakarlığa qarşı qorunur”.
Qeyd edək ki, dünyada valyutaların çapı xüsusi imkanlar tələb edən bir proses hesab olunur. Çünki çap olunan qiymətli kağızların materialının çoxsaylı istifadələrə dözümlülüyü ilə yanaşı, mühafizə amilləri də mühüm rol oynayır. Dünyada bu sahədə tanınan çoxsaylı şirkətlərin mühüm əksəriyyəti ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə və digər ölkələrdə yerləşir. Azərbaycanın milli valyutası olan manat xarici ölkələrdə çap olunur.
Manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Daha sonra pul çapı xidmətləri üçün Almaniyanın Giesecke & Devrient şirkətinə üz tutulub. Son məlumatlarda manat çapı sahəsində Böyük Britaniyanın De La Rue şirkəti ilə əməkdaşlıq olunduğu qeyd edilir.
Mərkəzi Bankın açıqlamasına əsasən Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun olaraq hazırlanıb. Belə ki, manat 4 pilləli mühafizə sisteminə malikdir. 1-ci dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.
Əhali tərəfindən müəyyən olunan mühafizə elementləri:
Üz tərəfdə yerləşdirilmiş mühafizə elementləri
Su nişanı – nominalın işıqda görünən nominalı və dizaynı;
Nominalın qizli rəqəmi – rəngini dəyişən qizli element;
İşıqda görünən MANAT – işığa tutduqda görünən element;
Möcüzəli rəqəm – nominalın əsas fonuna müvafiq rəngini dəyişən nominalın rəqəmi;
Holoqrafik nominal (yalnız 10, 20, 50, 100) – Manatlıq nominallarda əsas dizayn mövzusuna uyğun olan fərdi holoqramlar;
Arxa tərəfdə yerləşdirilmiş mühafizə elementləri
Metal mühafizə sapı – nominalı göstərən metal mühafizə sapı;
Relyefli nominal – hissələrə ayrılmış rənglər;
Seherli xətlər – nominalın əsas rənginə uyğun dəyişən zolaqlar.
Bütün bunlar göstərir ki, Azərbaycan manatının ölkədə çapı üçün yetərincə ixtisaslaşmış müəssisənin olması vacibdir. Bu müəssisə həm keyfiyyətli material təminatına, həm də mühafizə elementlərini təmin etmək imkanına malik olmalıdır. Belə bir müəssisənin yaradılması o zaman səmərəli ola bilər ki, yalnız manat deyil, digər qiymətli kağızların çapı üçün də həm yerli, həm də əlavə xarici sifarişlərin təmin edilməsi mümkün olsun. Çünki manat çapının dəyəri bahalı avadanlıqların idxalını səmərəli edəcək qədər deyil.
Belə ki, Mərkəzi Bankın illik hesabatından aydın olur ki, 2024-cü ildə dövriyyədən 5.73 milyard manat pul nişanı mədaxil edilib, 5.86 milyard manat pul nişanı isə dövriyyəyə məxaric olunub. Tədavüldə nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 0.76 faiz (131 milyon manat) artaraq ilin sonuna 17.44 milyard manat təşkil edib. Hesabat açıqlanan dövrdə Mərkəzi Bank bəyan edib ki, ölkədə milli valyuta üzrə ehtiyatlar 8.9 milyard manat təşkil edir ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonunadək tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir. Bu, o deməkdir ki, 2025-2026-cı illərdə yeni əskinasların çapına ehtiyac olmayacaq.
2024-cü ildə dövriyyədə 337 milyon ədəd kağız əskinas olub, bu, ümumi pul vahidlərinin say baxımından 33,9 faizi, məbləğ baxımından isə 99,4 faizi demək olub. 2025-ci il üzrə açıqlanan məlumata əsasən yanvar-dekabr aylarında banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 17 milyard 947,8 milyon manat təşkil edib. Bu aylıq müqayisədə 4,1 faiz və ya 714,1 milyon manat, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,17 faiz və ya 2 milyard 89,9 milyon manat çoxdur.
2024-cü il ərzində Mərkəzi Bank kağız və metal pulların (o cümlədən yubiley və xatirə pul nişanlarının) hazırlanması və nəqli üzrə xərclərə 9.4 milyon manat sərf edib. Belə kiçik məbləğli sifariş üçün dəyəri yüz milyonlarla dollar təşkil edən avadanlıqların alınması iqtisadi baxımdan səmərəli ola bilməz. Nəzərə almaq lazımdır ki, hazırda dünyada valyuta çapı sahəsində təcrübəli və tanınmış qurumların ciddi rəqabəti var. Bu baxımdan Azərbaycana təkliflər də irəli sürülməkdədir.
Məsələn, ötən il Yaponiyanın Milli Çap Bürosu milli valyutanın çapı sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyini açıqlayıb. Mərkəzi Bankda Yaponiya təşkilatının təmsilçiləri ilə görüş də keçirilib - AMB-nin sədr müavini Gülər Paşayeva Yaponiya Milli Çap Bürosunun Əsginasların istehsalı departamentinin direktoru Takayuki Saitonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Açıqlanan məlumata görə, görüşdə Yaponiya Milli Çap Bürosunun fəaliyyəti ilə tanışlıq çərçivəsində təqdimat nümayiş olunub və tərəflər arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Yaponiyanın Milli Çap Bürosu dövlət qurumudur və qiymətli kağızların çapı ilə məşğuldur. Bu qurum Yaponiyanın pul nişanları – yapon ieninin, eləcə də bir sıra qiymətli kağızların, poçt markalarının və rəsmi qəzetin çapını həyata keçirir.
Yaponiyanın Milli Çap Bürosu təqribən 150 il əvvəl, 1871-ci ildə yaradılıb. Həmin vaxta qədər Yaponiya pulları Almaniyada çap edilirdi. Bu qurum yaradılandan sonra isə 1877-ci ildən yaponlar öz pullarını özləri çap edirlər. Hazırda Yaponiyanın Milli Çap Bürosu əskinasların istehsalı üzrə başqa ölkələrlə də əməkdaşlıq edir, belə ki, onun İndoneziya və Vyetnamla bu barədə müqavilələri var.
Göründüyü kimi, valyuta çapı sahəsində ciddi rəqabət mühiti var və bu şəraitdə Azərbaycanın kiçikhəcmli sifarişlərinin xaricdə çap olunması yerli müəssisəyə xərc çəkməkdən daha ucuz başa gəlir.
(Musavat.com)
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq









.jpg)




.jpg)























