Din xadimlərinə erkən nikah və uşaq hüquqları üzrə təlim keçirilməlidir - Elnur Mustafayev
Bizi izləyin

Nida Xəbər

Din xadimlərinə erkən nikah və uşaq hüquqları üzrə təlim keçirilməlidir - Elnur Mustafayev

Din xadimlərinə erkən nikah və uşaq hüquqları üzrə təlim keçirilməlidir - Elnur Mustafayev

Erkən nikah yalnız hüquqi məsələ deyil, eyni zamanda uşaqların təhsili, gələcəyi, psixoloji rifahı və ailə münasibətləri ilə bağlı ciddi sosial problemdir. Bəzən bu məsələ “ənənə”, “ailə dəyərləri” və dini anlayışlarla əlaqələndirilsə də, belə yanaşmaların nə dərəcədə əsaslı olduğu cəmiyyətdə müzakirə mövzusudur. Erkən nikahların qarşısının alınmasında ailələrin, təhsil müəssisələrinin, ictimai qurumların və xüsusilə din xadimlərinin maarifləndirici fəaliyyəti mühüm rol oynayır.

AMEA-nın akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev müsahibəsində erkən nikahın dini və milli-mənəvi dəyərlərlə əlaqələndirilməsinə münasibət bildirib, din xadimlərinin maarifləndirmə imkanlarından, valideynlərin və gənclərin bu məsələdə üzərinə düşən məsuliyyətdən danışıb. O, həmçinin sosial şəbəkələrin yeniyetmələrin dünyagörüşünə təsirini və erkən nikahın qarşısının alınmasında düzgün kommunikasiya üsullarının əhəmiyyətini açıqlayıb.

-Elnur müəllim, erkən nikah məsələsi bəzən cəmiyyətimizdə “ənənə”, “ailə dəyərləri” və hətta dini anlayışlarla əlaqələndirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri olaraq fəaliyyətinizdə bu istiqamətdə hansı nəticələri müşahidə etmisiniz?

-Bəli, müşahidələr göstərir ki, cəmiyyətimizdə az da olsa yeniyetmələrin erkən yaşlarında evləndirilməsi hallarına rast gəlinir. Düzdür, qonşu ölkələrlə müqayisədə Azərbaycanda erkən evliliklərin sayı çox azdır, lakin az sayın özü də cəmiyyətimizi düşündürməyə vadar edir. Əlbəttə, milli-mənəvi dəyərlər, adət və ənənələr hər bir xalqın təşəkkülündə, ictimai fikrinin inkişafında, o cümlədən milli kimliyinin müəyyənləşməsində müstəsna yerə malikdir. Başqa sözlə desək, dəyərlər sistemi şəxslərin və cəmiyyətlərin həyatına yön verən daxili qaydalar toplusudur. Əslində, milli-mənəvi dəyərlər, adət-ənənələr, bir sözlə dəyərlər sistemi düzgün qərarlar qəbul etməyə, şəxsiyyəti qorumağa və sosial harmoniyanı təmin etməyə xidmət etməlidir. Lakin adət-ənənələr məsələsində diqqət edilməsi vacib olan məsələ ondan ibarətdir ki, adət və ənənələr insanın, xüsusilə də uşağın hüquqlarını və gələcəyini məhdudlaşdırmaq üçün əsas ola bilməz. Bu mənada nikah məsələsi bir dəyər kimi yetkin insanların azad və şüurlu razılığına, qarşılıqlı hörmətə və məsuliyyətə əsaslanmalıdır.Yəni, ailə dəyərləri məhz nikah bağlayan tərəflərin rifahını və gələcəyini dəstəklədikdə həqiqi dəyərə çevrilir. Dinlər özü də milli-mənəvi dəyərlərin tərkib hissəsi kimi ailə, məsuliyyət, qarşılıqlı razılıq və insan ləyaqəti kimi prinsiplərə mühüm yer ayırır. Buna görə də dini anlayışlardan erkən nikahı legitimləşdirmək üçün istifadə etmək həm hüquqi, həm də əxlaqi baxımdan doğru deyildir. Çünki dinlərə görə insan mənafeyi əsas istinad nöqtəsi olmalıdır. Bu baxımdan, erkən nikah insan mənafeyinə zidd anlayışdır. Bu fikrdən irəli gələrək deyə bilərik ki, əslində, insan mənafeyinə zidd olduğu üçün erkən nikahı dinlər özü də inkar edir. Bir sözlə yekunda qeyd edə bilərik ki, müasir dövrdə milli-mənəvi və dini dəyərlərə, adət-ənənələrə düzgün və sağlam münasibətin yaradılması olduqca vacib və mühüm məsələdir.

-Erkən nikahın qarşısının alınması istiqamətində dini icmalar və din xadimləri hansı rolu oynaya bilər? Onların maarifləndirmə imkanlarından daha effektiv istifadə etmək mümkündürmü?

-Bəli, heç şübhə yoxdur ki, dini icmalar və din xadimləri erkən nikahın qarşısının alınmasında müstəsna rol oyanaya bilərlər. Nəzərə almaq lazımdır ki, din xadimlərinin cəmiyyətdə təsir imkanları kifayət qədər genişdir. Xüsusilə cəmiyyətin onlara yüksək etimadını əsas götürsək, bu potensialdan daha sistemli şəkildə istifadə etmək mümkündür. Lakin, ən birinci, din xadimləri üçün erkən nikah, uşaq hüquqları və gender məsələləri üzrə xüsusi təlimlər keçirilməli, onlarla mütəmadi əlaqələr yaradılmalıdır. Din xadimləri məscidlərdə və ictimai yerlərdə, o cümlədən moizə və görüşlər zamanı erkən nikahın mənfi nəticələri, uşaqların təhsilinin yarımçıq qalması, psixoloji və sosial risklər, erkən valideynlik və ailədaxili problemlər haqqında daha təsirli şəkildə izah edə bilərlər. Din xadimləri, o cümlədən dini icmalar erkən nikahın “ənənə” adı ilə normallaşdırılmasına qarşı aydın və ardıcıl mövqe nümayiş etdirməlidirlər. Xüsusilə kənd və rayonlarda, ölkəmizin ucqar yerlərində nüfuzlu din xadimlərinin iştirakı ilə dini maarifləndirmə tədbirləri görülə bilər. Ən vacib məqam isə din xadimləri öz fəaliyyətlərində milli məfkurəmizə əsaslanan maarifləndirmə işləri aparmalıdırlar. Əhalimizi, gənclərimizi mənəvi dəyərlərə yönəltməklə yanaşı, biliyə, savada və yüksək təhsilə almağa dəvət etməlidirlər. Din xadimlərinin fəaliyyəti maarifləndirici, qurucu və dəstəkləyici olmalıdır.

-Bəzən valideynlər qız övladının təhsilini və karyerasını ikinci plana keçirərək erkən ailə qurmasını onun “gələcəyinin təminatı” kimi görürlər. Bu düşüncəni dəyişmək üçün hansı maarifləndirmə üsulları daha təsirlidir?

-Bu cür yalnış və zərərli fikirlərlə mübarizədə maarifləndirmə işlərinin gücləndirilməsi, ardıcıl və sistemli şəkildə təşkili dövlət qurumlarının və ictimai təsisatların üzərinə düşün mühüm vəzifələrdən biridir. Bu cür mənfi düşüncələri dəyişmək üçün bir sıra maarifləndirmə üsullarına baş vurmaq olar. Məsələn, məktəblərdə, icmalarda və yaşayış məntəqələrində valideynlərlə kiçik qrup və fərdi görüşlər təşkil etmək, erkən nikahın mənfi nəticələrin haqqında söhbətlər aparmaq, mövzu ilə əlaqədar videoçarxlar nümayiş etdirmək mümkündür. Bu cür kütləvi tədbirlərdə qızın təhsil və peşə imkanlarının gələcəkdə onun həm özünün, həm də ailəsinin iqtisadi təhlükəsizliyinə necə töhfə verdiyi konkret nümunələrlə izah edilməlidir. Bundan əlavə mediada, ələlxüsus, müasiri olduğumuz dövrdə sosial medianın və sosial şəbəkələrin nə qədər təsiretmə imkanlarına malik olduğunu nəzərə alsaq, bu platformalarda müxtəlif məzmunlu maarifləndirmə işləri aparmaq olar. Bu cür imkanlardan istifadə etməklə gənc valideynlər üçün emosional, lakin faktlara əsaslanan qısa videolar və real hekayələr hazırlamaq mümkündür. Bundan əlavə, müəllimlər, həkimlər, psixoloqlar, din xadimləri və yerli icma nümayəndələrini maarifləndirmə işlərinə cəlb etməklə daha böyük nəticələr əldə etmək mümkündür. Hesab edirəm ki, valideynlərə qız övladının təhsilinin və peşə sahibi olmasının ailə qurmağa alternativ deyil, onun gələcəyini daha sağlam və dayanıqlı şəkildə təmin edən amil olduğunu göstərmək daha təsirlidir. Necə ki, böyük xeyriyyəçi və mesenat Hacı Zeynəlabdin Tağıyev qızların təhsil almasını vacib hiss etdiyi üçün 1901-ci ilə müsəlman Şərqində ilk dəfə qızlar məktəbini təsis etdi. Bu xüsusda Tağıyev qeyd edirdi: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”. Bəli, Hacının dediyi kimi, qızların oxuması vacibdir, çünki gələcəyin anaları savadlı olarsa, onlar daha dünyagörüşlü, tərbiyəli və elmli övladlar, yəni bütöv bir sağlam cəmiyyət yetişdirə bilərlər.

-Dini maarifləndirmə zamanı erkən nikah məsələsində dinin imkanlarından düzgün istifadə etməklə yanaşı, dinin bu məsələdə alətə çevrilməsinin qarşısını necə almaq olar?

-Bunun üçün kompleks tədbirlər görülməlidir. Yəni, bütün qurumlar və ictimai birliklər vəhdət şəklində fəaliyyət göstərməlidir. Burada ən böyük məsuliyyət isə heç şübhəsiz, din xadimlərinin üzərinə düşür. Yəni, din xadimlərinin bu mövzuda fəaliyyətində uşağın məcbur edilməməsi, təhsil və inkişaf imkanlarının qorunması kimi məsələlər maarifləndirmənin əsas hissəsini təşkil etməlidir. Bu məsələdə ən vacib məqamlardan biri də ondan ibarətdir ki, dini maarifləndirmə ilə dini manipulyasiyanı bir-birindən ayırmaq lazımdır. Bəzən, müəyyən dairələr öz çirkin əməllərinə haqq qazandırmaq üçün dini qayda-qanunlardan və adət-ənənələrdən istifadə edirlər. Hər hansı fərdlərin və yaxud qeyri-peşəkar adamların məqsədli və yaxud məqsədsiz şəkildə icra etdiyi hərəkətlər dinin, adət-ənənələrin adına yazılmamalıdır. Əslində, bu cür mənfi hallar subyektiv meyillərin nəticəsidir. Dini mətnlərdən ayrı-ayrı ifadələri seçib erkən nikahı legitimləşdirmək əvəzinə, ailə, məsuliyyət, insan mənafeyi və hüquqları ilə bağlı ümumi dini prinsiplər qeyd edilməlidir. Başqa ifadə ilə qeyd etsək, ayrı-ayrı dini ifadələrdən istifadə etməklə erkən nikahın və ya məcburi evliliyin “dini tələb” olduğu təsəvvürü yaradılmamalıdır. Bir az əvvəl də qeyd etdiyimiz ki, dində insan mənafeyi əsas götürülür. Əgər hər hansı bir hal insan mənafeyinə ziddirsə, o zaman dini dəyərlərə görə də bu cür mənfi hallar məqbul deyildir. Bu cür hallarla mübarizədə din problemin alətinə yox, onun həllinin bir hissəsinə çevrilməlidir.

-Sosial şəbəkələrdə yeniyetmələr çox fərqli və bəzən ziddiyyətli məlumatlarla qarşılaşırlar. Sizcə, erkən nikah haqqında danışarkən hansı səhvlərə yol vermək olmaz? Bu baxımdan dini və ailə dəyərləri ilə bağlı düzgün məlumatın gənclərə çatdırılması üçün hansı effektiv kommunikasiya üsullarından istifadə edilməlidir?

-Bəli, bu gün sosial şəbəkələr həyatımızın bütün aspektlərinə təsir edir. Müasir dövrdə sosial şəbəkələrdən istifadə etməyən çox az insana rast gəlmək mümkündür. Gənclər isə sosial şəbəkə istifadəçilərinin əsas seqmentini təşkil edir. Yəni, bugünkü gənclər eyni zamanda sosial platformaların yetişdirdiyi, onların fikirlərininformalaşdırdığı nəsildir. Təbii ki, sosial şəbəklərdə müsbət məzmunda məlumatlara rast gəldiyimiz ki, mənfi məzmunda paylaşımları da müşahidə edirik. Əlbəttə, belə bir ziddiyyətli dünyada yenə də sağlam maarifləndirmə işlərinə baş vurmaq zərurəti yaranır. Bu cür mənfi hallarla mübarizədə müxtəlif üsullardan istifadə etmək mümkündür. Əvvəla, gənclərə sisoal şəbəkələrdə məlumatı təqdim edən mənbənin kim olduğunu, məlumatın hansı fakta və ya ekspert mövqeyinə əsaslandığını yoxlamaq bacarığını öyrətmək lazımdır. Mənbənin mötəbərliyini məyyən etmək bacarığı bu məsələdə olduqca böyük əhəmiyyətə malikdir. Bununla yanaşı ən yaxşı üsul gəncləri dinləyən, onlarla dialoq quran və onların istifadə etdiyi kommunikasiya kanallarına uyğunlaşan yanaşmadır. Məsələn, din xadimləri və ekspertlər qısa videolar, sual-cavab formatları, podkastlar və sosial media paylaşımları vasitəsilə gənclərin konkret suallarına cavab verə bilərlər. Bundan əlavə, dini icmaların, ictimai birliklərin və ailələrin mesajı da bir-birini tamamlamalıdır. Bəli, ailə qurmaq dəyərdir, amma uşağın gələcəyinin hesabına qurulan erkən nikah ailə dəyərləri sırasına daxil edilə bilməz. Gəncə həm dini dəyərlərin mahiyyəti, həm də öz hüquqları barədə düzgün və etibarlı məlumat verilməlidir. Bu məsələdə, istər din xadimi olsun, istər digər ixtisasların sahibi, maarifləndirmə işlərini sağlam düşüncələrə sahib peşəkar və yüksəkixtisaslı kadrlar aparmalıdır. Natamam biliklərə sahib, qeyri-peşəkər insanlar maarifləndirmə işlərinə cəlb edilməsi qəbuledilməzdir və bu cür hallara qətiyyən yol vermək olmaz.

-Erkən nikahın qarşısının alınması yalnız qızların deyil, oğlanların da maarifləndirilməsini tələb edir. Oğlanlara hansı mesajların çatdırılması xüsusilə vacibdir?

-Bir məsələni nəzərə almaq lazımdır ki, erkən nikah məsələsində təkcə qızlar deyil, eyni zamanda oğlanlar da maddi-mənəvi zərərə məruz qalır. Valideynlərin məcbururiyyəti ilə qurulan ailədə qızın hüquqları qədər, oğlanın da hüquqları tapdalanır. Çünki sağlam ailə münasibəti yalnız qızın deyil, oğlanın da hazırlığı, məsuliyyəti və seçimləri ilə bağlıdır. Bu problemin həllində oğlanların maarifləndirilməsi ən azı qızların maarifləndirilməsi qədər vacibdir. Başa düşmək lazımdır ki, qızın fikri, seçimi və sərhədləri oğlanın seçimi qədər dəyərlidir. Təzyiq və məcburiyyət sağlam münasibətin tərkib hissəsi ola bilməz. Digər cəhətdən, oğlanın da təhsilini yarımçıq qoyaraq erkən ailə qurması həm onun, həm də gələcək ailəsinin imkanlarını məhdudlaşdıra bilər. Oğlanlara ailə qurmağın yalnız toy və sosial status deyil, qarşılıqlı hörmət, ədalət, məsuliyyət və qayğı tələb edən bir münasibət olduğu çatdırılmalıdır. Bundan əlavə, gələcək həyat yoldaşına hörmət, emosional dəstək və ortaq qərar qəbul etmək sağlam ailənin əsaslarıdır. Bu məqamda, ailə qurarkən hər iki tərəfin hüquqları, seçimləri və maraqları nəzərə alınmalıdır. Eyni zamanda, bəzi şüurlarda kök salmış, daşlaşmış və qəlibləşmiş şablon qavrayışları yenidən süzgəcdən keçirmək lazımdır. Məsələn, oğlanların nikahı ilə bağlı cəmiyyətmizdə qəlibləşmiş “evlilik kişiliyin göstəricisi”dir kimi düşüncələr tənqid olunmalıdır. Evlilik heç vaxtcəmiyyət qarşısında özünü təsdiqləmə vasitəsi kimi təqdim edilməməlidir. Əksinə, evlilik özündə böyük bir məsuliyyəti daşıyan bir dəyərdir. Yəni, ailə dövlətin və cəmiyyətin əsasını təşkil edən bir institutdur. Bu məsələdə hər bir vətəndaşın məsuliyyətli olması çox vacibdir.

-Sonda valideynlərə və yeniyetmələrə bir mesaj verməli olsaydınız, nə deyərdiniz?

-Valideynlərə tövsiyəm ondan ibarət ola bilərki, ən birinci özləri sağlam şəkildə maariflənsinlər.Öz bilik və bacarıqlarını, mənəvi aləmlərini mütəmadi olaraq inkişaf etdirsinlər. Bu bir həqiqətdir ki, inkişaf olmayan yerdə tənəzzül qaçılmazdır. Düzgün təhsil və mənəviyyata sahib olmayan insan heç vaxt başqalarını da düzgün tərbiyələndirə bilməz. Qızınızın və ya oğlunuzun gələcəyini təmin etməyin ən doğru yolu onları mümkün qədər tez evləndirmək deyil, onlara təhsil almaq, peşə qazanmaq, özünü tanımaq və həyatını şüurlu şəkildə qurmaq imkanı verməkdir. Övladınızın fikrini dinləyin, onun seçiminə və hüquqlarına hörmət edin. Unutmayaq ki, valideynin ən böyük məsuliyyəti övladının bu gününü deyil, gələcəyini qorumaqdır. Gənclərə deyərdim ki, sizin həyatınız və gələcəyinizlə bağlı qərar vermək hüququnuz var. Bu məsələdə tələsmək olmaz. Gənclərin öz biliklərini artırması, öz üzərində işləməsi və tənqidi təfəkkürünü inkişaf etdirməsi onların uğurlu gələcəyi üçün çox vacibdir. Bununla paralel olaraq, mənəvi dünyanızı zənginləşdirmək, əxlaqi dəyərlərə sadiq qalmaq sizin üçün gələcəkdə çox faydalı ola bilər. Sual verməkdən və etibar etdiyiniz insanlardan dəstək istəməkdən çəkinməyin. Təhsilinizə, arzularınıza və özünüzü inkişaf etdirməyə sərmayə qoyun. Ailə qurmaq gözəl bir dəyərdir, amma bunun üçün doğru zaman, hazırlıq və ən əsası, azad və şüurlu seçim etmək olduqca əhəmiyyətlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm