Digər
“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
"Ölkələrimiz arasında siyasi münasibətlər uğurla inkişaf edir. Bu da müxtəlif sahələrdə olan əlaqələrimizə müsbət təsir göstərir. Bu yaxınlarda Bern şəhərində birgə iqtisadi komissiyanın iclası, İsveçrə-Azərbaycan biznes forumu keçirilib. Beləliklə, ölkələrimizin biznes qruplarının işbirliyi qurmaq üçün marağı vardır".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə
Konfederasiyasının Prezidenti Didye Burkhalter ilə geniş tərkibdə
görüş başa çatdıqdan sonra mətbuata bəyanatlarla çıxışında
bildirib.
Dövlət başçısı deyib:
"Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Bir daha Azərbaycana
xoş gəlmisiniz. Sizi görməkdən şadam. Əminəm ki, Sizin səfəriniz
ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətləri
gücləndirəcəkdir. Qeyd etmək istəyirəm ki, bu, İsveçrə
Prezidentinin Azərbaycana son 6 ildə üçüncü rəsmi səfəridir. Mən də
İsveçrəyə rəsmi səfər etmişəm. Bu da bizim əlaqələrimizin yüksək
səviyyədə olmasını göstərir".
Azərbaycan Prezidenti vurğulayıb ki, iki ölkənin iqtisadi
münasibətləri də uğurla inkişaf edir: "Əminəm ki, yaxın illərdə biz
daha güclü tərəfdaşlıq quracağıq. Biz, həmçinin çox şadıq ki,
İsveçrədən Azərbaycana və Azərbaycandan İsveçrəyə yatırılan
investisiyalar əlaqələrimizi gücləndirir və bunlar bizim yüksək
qiymətləndirdiyimiz iqtisadiyyat sahələrinə yatırılan
sərmayələrdir. Beləliklə, İsveçrə sənayenin inkişafına, xüsusilə
tikinti sektoruna sərmayə yatırır, Azərbaycan isə enerji sektoruna
sərmayə qoyur. Əminəm ki, yaxın illərdə ölkələrimizə, ola bilsin
regiona, yəni, üçüncü ölkələrə müştərək investisiyaların
yatırılmasının əlavə formaları haqqında düşünə bilərik".
Prezident İlham Əliyev qeyd edib ki, enerji təhlükəsizliyi
münasibətlərin bir hissədir və bu sahədə iki ölkə çox yüksək
səviyyədə əməkdaşlıq aparır: "Azərbaycan İsveçrənin enerji
bazarında təmsil olunur, orada pay sahibidir. Qaz nəqli sahəsində
son zamanlarda baş verən proseslər ikitərəfli münasibətlərimizi
gücləndirəcəkdir. Bildiyiniz kimi, ötən ilin sonunda "Şahdəniz-2",
o cümlədən Trans-Anadolu və Trans-Adriatik boru kəməri kimi nəhəng
layihələrə imza atdıq. Bunlar birlikdə Avropada ən böyük
infrastruktur layihəsidir. Bu da Azərbaycana öz enerji
ehtiyatlarını müxtəlif bazarlarda tam realizə etmək imkanı
verəcəkdir. Mən şadam ki, İsveçrə bizim tərəfdaşımızdır. Əlbəttə
ki, gələcəkdə uzunmüddətli enerji tərəfdaşlığı bizim münasibətləri
daha da gücləndirəcəkdir. Ona görə də ikitərəfli çərçivəyə
gəldikdə, biz əməkdaşlığın hazırkı səviyyəsindən razıyıq və onu
davam etdirəcəyik".
Dövlət başçısı bildirib ki, İsveçrə Prezidenti ilə regional
təhlükəsizlik məsələlərini də müzakirə edib. Çünki İsveçrə ATƏT-in
sədridir: "Sözsüz ki, müzakirəmizdə əsas diqqəti regional
təhlükəsizlik üçün ən vacib olan məsələyə - Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə yönəltdik. Mən danışıqların hazırkı
vəziyyəti, perspektivləri və münaqişənin tarixi barədə cənab
Prezidentə məlumat verdim. Dağlıq Qarabağ Azərbaycanın tarixi və
ayrılmaz ərazisidir. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət
tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır və
Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalacaqdır. Tarixi
nöqteyi-nəzərdən Dağlıq Qarabağ həmişə Azərbaycanın ərazisi olub,
hüquqi nöqteyi-nəzərdən bu, bizim ərazimizdir və BMT Təhlükəsizlik
Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan
qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul
edib. İyirmi ildən artıqdır ki, işğal davam edir. Təkcə Dağlıq
Qarabağ yox, Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonumuz
Ermənistanın işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazisinin 20 faizi işğal edilib və xalqımız Ermənistanın
yürütdüyü etnik təmizləmə siyasətinin qurbanı olub. Bu sıraya
600-dən çox adamın, o cümlədən 100-dən artıq qadın, 60-dan çox
uşağın ölümü ilə nəticələnən Xocalı soyqırımı da daxildir. Bu,
Ermənistan dövləti tərəfindən törədilmiş hərbi cinayətdir".
Prezident İlham Əliyev xatırladıb ki, münaqişənin həll olunması ilə
bağlı ATƏT qərar və qətnamələr qəbul edib. İki dəfə ATƏT işğal
olunmuş ərazilərə faktaraşdırma və qiymətləndirmə missiyaları
göndərib: "Hesabatda hər şey açıq-aydın göstərilib, hər bir şey
məhv edilib, bizim tarixi binalarımız, məscidlərimiz, abidələrimiz,
əcdadlarımızın məzarları, hər şey dağıdılıb. Ona görə də
münaqişənin həllinə mümkün qədər tez nail olmaq lazımdır. Çünki bu,
regional təhlükəsizlik üçün ən böyük təhlükədir. Bunu etmək üçün
beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizik Şurasının
qətnamələrinə, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına
əməl olunmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə
məhəl qoymur və danışıqlar prosesinin süni yolla uzadılması
siyasətini davam etdirir. Çünki onlar münaqişənin həllini, sülhü
istəmirlər və vəziyyətin olduğu kimi qalmasını istəyirlər. ATƏT-in
Minsk qrupuna sədrlik edən ölkələrin prezidentlərinin dəfələrlə
status-kvonun qəbuledilməz olduğunu bəyan etməsinə baxmayaraq,
onlar status-kvonun saxlanılmasını istəyirlər".
Azərbaycan Prezidenti qeyd edib ki, status-kvonu dəyişmək üçün
Ermənistan öz ordusunun geri çəkilməsi prosesinə başlamalıdır:
"Ümid edirəm, beynəlxalq ictimaiyyət, ATƏT bu məsələdə daha fəal
olacaq ki, beynəlxalq hüquq normaları və tarixi ədalət bərpa
olunsun və Azərbaycan işğal altındakı ərazilər azad edildikdən
sonra yenidənqurma işlərinə başlaya bilsin.
Cənab Prezident, bizə təşrif buyurduğunuz üçün Sizə bir daha
təşəkkürümü bildirirəm. Biz bu gün regional, münaqişələrin həlli
məsələləri, ikitərəfli münasibətlər üzrə geniş müzakirələr apardıq.
Əminəm ki, səfəriniz bizim gələcək münasibətlərə yaxşı töhfə
verəcəkdir".
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi