1 ay məhəbbətlə məşğul olmaq...
Bizi izləyin

Digər

1 ay məhəbbətlə məşğul olmaq...

1 ay məhəbbətlə məşğul olmaq...

Başlayır. Başlayan kimi də braziliyalıların etiraz damarı yatacaq. Buna əminəm. Başqaları əvvəlcə dünyanı dərk edib, sonra futbolu sevirlər.

Braziliyalılar isə öncə futbolu dərk edib, sonra dünyaya könül bağlayırlar. Bizim xanımların qulaqlarından iraq, futbol onların ilk məhəbbətidi ey. Elə ki ilk məhəbbətlərini gördülər, təslim olurlar ona. Futbola deyirəm ey. Braziliyalı xanımların da ilk məhəbbəti futboldu. Braziliyalı kişilərinin acığına. Elə ona görə də futbola baxan braziliyalı kişi dünyanın ən xoşbəxt insanıdı. Yenə də bizim xanımların qulaqlarından iraq, deyinəni olmur axı başının üstündə. Braziliyalı üçün futbol adi oyun deyil, incəsənətdi, yaradıcılıqdı, emosiyadı, həyacandı, sevgidi, eşqdi.

Braziliyada bir ay yaradıcılığın müxtəlif janrları ilə tanış olacaqsız. Buna əmin olun. Futbolu eşq bilib səcdə edənlərin qarşısında bəsit, şablon komandalar olmayacaq. Kimin ağzı nədir ki, o publikaya cansıxıcı futbol sırısın? Ənənəvi oyun fəlsəfəsində bir çimdik də olsun, “yaradıcı ədviyyat” olmayan allahın İtaliyası da bu cəsarətdə bulunmaz. Cansıxıcı müdafiə futbolunun dəlisi olan İtaliyanı deyirəm. İtalyanlar da Braziliyaya istiotlu, zəncəfilli futbolla getməyə məhkumdurlar.

İtaliya dedim, yadıma Publika.az ailəsinin yaradıcı xanımı Aytən Cavanşir düşdü. Hələ də anlaya bilmirəm ki, bu yaradıcı xanım yaradıcı futbola nifrət edən İtaliyada nə görüb də...

Braziliyalılar bütün dərd-sərlərini unudub bir ay məhəbbətlə məşğul olacaqlar. Bəxtəvər başlarına, vay bizim halımıza. Biz Braziliyadakı məhəbbət oyununa baxdıqca xanımların da deyinməyi dəng edəcək qulaqlarımızı. Amma belə futbola görə, qulaqlara pambıq tıxamaq, gözləri ekrana dikmək olar. Bilirəm, yuxumuza da haram qatmalı olacağıq. Amma bunun da çarəsini tapmaq olar. Gecənin bir aləmi sevimli komandanız qol vurur, siz də böyük çılğınlıqla bunu qeyd edirsiz. Əvəzində başınızın üstündə deyinən xanımın reaksiyanı təsəvvür edin bir. Adamın yadına sehrli almanı oğurlamağa gələn div düşür ey, div... Futbola görə deyinən xanımlar divdirsə, biz niyə Məlikməmməd olmayaq ki... Barmağınızı çərtin, yerinə də duz basın. Bu gündən bütün dünya məhəbbətlə məşğul olacaq. Futbolun məhəbbət, eşq səviyyəsinə qaldırıldığı ölkədə - Braziliyada keçirilir mundial. Belə fürsət bir də Allah bilir nə vaxt düşər əlimizə. Xanımların deyinməyindən qorxmayın, cəsarətli olun, futbolu sevin. Heç olmasa, cəmisi bir aylığına. Futbolu sevə-sevə onu deyingənlərə də sevdirin...

Başlayır. Məhəbbətin futbol oyunu başlayır. Yaradıcı təxəyyüldən uzaq adamlar belə Braziliyanın futbol meydanlarında göstəriləcək incə sənətdən zövq alacaqlar. Bir az cəsarətli olsalar, yuxularına haram qatsalar. Sizi bilmirəm, barmağımı çərtib, üstünə də duz səpdim artıq. Mən getdim futbolu sevməyə...

P.S. Publika.az-ın baş redaktoru Aynur Camalqızının nəzərinə:

Aynur xanım, gecə saat 3-də başlayan futbola baxıb, 5-də yatan əməkdaş işə mütləq gecikməlidi. Bunu nəzərə alın, xahiş edirəm. Amma nəbadə, futbola baxmağı qadağan etməklə...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm