Azərbaycan geoloqun gözü ilə
Bizi izləyin

Digər

Azərbaycan geoloqun gözü ilə

Elnur Səfərov

Geoloq magistr, ARDNŞ,GGİ-mühəndis

Azərbaycan Respublikası yerüstü və yeraltı sərvətlərinin zənginliyi, əlverişli coğrafi mövqeyinə görə qədimdən səyyahların, tarixçilərin diqqət mərkəzində olmuşdur. A.Məsudi, İstəxri, Marko Polo və b. əsərlərində Abşeronda, Qərbi Azərbaycanda neft yataqları haqqında məlumatlar verilmişlər. Azərbaycan geologiyasının öyrənilməsi «Qafqaz geologiyasının atası» H.V.Abixin tədqiqatları ilə bağlıdır. H.V.Abix Qafqazda, o cümlədən Azərbaycanda dərin tədqiqatları ilə paleontologiya və stratiqrafiya elmlərinin öyrənilməsinin əsasını qoymuşdur. Azərbaycanda geologiya elminin inkişafında yerli geoloqların fəaliyyəti məhz 50-ci illərə təsadüf edir. Tədqiqatlar Azərbaycanın bəzi regionlarında: Abşeron yarımadası, Qobustan, Naxçıvan, Dağlıq Qarabağ, Talış və b. aparılırdı. Bu dövrdə Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.Ş.Şıxəlibəyli, H.İ.Kərimov, R.N.Abdullayev və b. çoxillik zəhmətləri nəticəsində geoloji, tektonik, metallogenik və b. xəritələr tərtib edilmiş və istifadəyə verilmişdir.

Qafqazarxasının şərq hissəsində yerləşən Azərbaycanın relyefi 28 m-dən 4480 m yüksəklik arasında kəsgin dəyişir. Bu da öz növbəsində iqlim və landşaft qurşaqlarının müxtəlifliyinə gətirib çıxarır. Azərbaycan oroqrafik baxımdan dağlıq və düzənlik relyeflərə malikdir.

Stratiqrafiya. Azərbaycanın geoloji quruluşunda Fanerozoy eonotemin Paleozoy, Mezozoy və Kaynozoy eratemlərinin çöküntü, püskürmə və metamorfik süxurları iştirak edirlər. Böyük Qafqazın geoloji quruluşunda, əsas etibarilə, normal dəniz çöküntüləri iştirak edirlər. Kiçik Qafqaz evgeosinklinal inkişaf mərhələsi keçmiş və geoloji quruluşunda püskürmə, püskürmə-çökmə (piroklastik), qismən isə çökmə süxurlar iştirak edirlər.

Paleozoy eratemi çöküntüləri Naxçıvan Muxtar Respublikasında yer səthinə çıxır. Devon, Karbon və Perm sistemləri çöküntüləri əsas etibarilə dəniz fasiyalı karbonat süxurlardan təşkil edilib.

Devon sistemi H.V.Abix, P.Bonne, Ş.Ə.Əzizbəyov və b. tərəfindən öyrənilmişdir. Şərur-Culfa antiklinoriumun geoloji quruluşunda orta-üst şöbələrinin çöküntüləri iştirak edərək, karbonatlı süxurlardan ibarətdir. Orta Devondan Eyfel və Jivet, Üst Devondan Frans və Famen mərtəbələri çöküntüləri məlumdur.

Karbon sisteminin alt şöbəsinin Turne, Vize, Serpuxov mərtəbələrinin çöküntüləri müəyyən edilmişdir. Onlar dəniz fasiyalı karbonat süxurlardan təşkil olunub. İlk dolğun məlumat F. Frex, sonralar P.Bonne, Ş.Ə.Əzizbəyov, A.M.Sadıkov və b. tərəfindən verilmişdir.

Perm sistemi Q.Q.Artqaber, Ş.Ə.Əzizbəyov, A.B.Məmmədov və b. tərəfindən öyrənilmişdir. Şərur-Culfa antiklinoriumun geoloji quruluşunda iştirak edərək, bitumlu və foraminiferli əhəngdaşlarından təşkil olunub. Kəsilişdə Alt Permdən yalnız Üst Bolor mərtəbəsi çöküntüləri məlumdur. Üst Permdən Kuberqanda, Murqab, Midiy, Culfa və Dərəşəm mərtəbələrinin süxurları kəsilişdə iştirak edirlər.

Mezozoy eratemi çöküntüləri Kiçik və Böyük Qafqaz meqantiklinoriumlarının iri tektonik strukturlarının quruluşunda iştirak edirlər. Eyni zamanda Xəzəryanı düzənliyində, Kür dağarası çökəkliyində qazılan dərin quyularda Üst Mezozoy çöküntüləri aşkar olmuşdur. Mezozoy eratemi sistemləri çökmə, püskürmə və metamorfik süxurlardan ibarətdir.

Trias sistemi çöküntüləri H.V.Abix, A.M.Sadikov, K.O.Rostovtsev, T.A.Həsənov və b. tərəfindən öyrənilmişdir. Naxçıvanda yer üzərinə çıxırlar. Sistemin alt və orta şöbələri təmsil olunur. Şərur-Culfa antiklinoriumun quruluşunda Alt Triasın İnd və Olenik, Üst Triasın Aniziy və Ladin mərtəbələrinin çöküntüləri əhəngdaşı, dolomit, dolomitləşmiş əhəngdaşıları ilə təmsil olunur.

Yura sistemi H.V.Abix, Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, V.Y.Xain, Ə.Ş.Şıxəlibəyli, T.A.Həsənov, M.R.Əbdülqasımzadə, V.B.Ağayev, R.Q.Babayev və b.tərəfindən öyrənilmişdir. Yura çöküntüləri Kiçik və Böyük Qafqazın iri, gömülmüş quruluşlarında iştirak edir. Alt Yura - Hettanq, Sinemyur, Plinsbax və Toar mərtəbələri terrigen, Orta Yura - Aalen, Bayos, Bat, Kellovey mərtəbələri püskürmə və piroklastik süxurlardan, Üst Yura - Oksford, Kimeric, Titon mərtəbələri isə karbonat, çökmə-terrigen süxurlardan ibarətdir.

Təbaşir sistemi V.P.Renharten, M.M.Əliyev, Ə.Y.Xəlilov, Ak.A.Əlizadə, R.Ə.Xələfova, X.Əliyulla və b. tərəfindən tədqiq edilmişdir. Təbaşir çöküntüləri Böyük və Kiçik Qafqazın əsas tektonik strukturların quruluşunda iştirak edir.

Alt Təbaşir- Berrias, Valanjin, Hoteriv, Barrem, Apt və Alb mərtəbələri çöküntülərlə təmsil olunaraq, əsas etibarilə, əhəngdaşı, mergel, gil, qumdaşı və onların növbələşməsindən ibarətdir.

Üst Təbaşir- Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt mərtəbələri karbonat, terrigen, püskürmə süxurları ilə səciyyələnir.

Kaynozoy eratemi Böyük və Kiçik Qafqazın, Kür çökəkliyinin əsas tektonik strukturlarının quruluşunda iştirak edir. Litologiyası çökmə, püskürmə və piroklastik süxurlardan ibarətdir.

Paleogen sistemi Paleosen, Eosen və Oliqosen şöbələrinə bölünür. Biostratiqrafiyasının öyrənilməsi ilə Q.Ə.Əlizadə, Ə.Ə.Əlizadə, T.Ə.Məmmədov, C.M.Xəlilov, D.Ə.Ağalarova və b. məşğul olmuşlar. Kiçik və Böyük Qafqazın, Kür çökəkliyinin əsas strukturlarının quruluşunda iştirak edirlər. Litoloji cəhətdən gil, qumdaşı, əhəngdaşı, konqlomerat və s. süxurlarla təmsil olmuşlar.

Neogen sistemi Miosen və Pliosen şöbələrinə bölünür. Miosen şöbəsinin alt yarımşöbəsi – Maykop, Tarxan, orta yarımşöbəsi – Çokrak, Karaqan, Konk və üst yarımşöbəsi – Sarmat, Meotis mərtəbələrinin çöküntülərilə təmsil olunur. Pliosen şöbəsinin alt yarımşöbəsi Pont, Balaxanı (Məhsuldar qat) və üst yarımşöbəsi isə Ağcagil mərtəbələrinə bölünürlər. Çöküntülər orqanogen əhəngdaşı, qumdaşı, gil, qum, qravelit və s. süxurlardan ibarətdir.

Dördüncü dövr (Antropogen) sistemi Pleystosen və Holosen şöbələrinə bölünür. Pleystosen şöbəsi - Abşeron, Bakı mərtəbələri, Türkan, Xəzər, Alt Xvalın horizontlarından; Holosen – Üst Xvalın və Yeni Xəzər horizontları çöküntülərindən təşkil edilib. Dördüncü dövr çöküntüləri Abşeron yarımadasında, Qobustanda, Xəzəryanı sahədə, Lənkəran düzənliklərində, Orta və Aşağı Kür ovalıqlarında, Bakı arxipelaqında və b. sahələrdə geniş yayılmışdır. Biostratiqrafiya tədqiqatlar B.G.Vəkilov, S.Q.Qaryağdı, T.S.Qarayev, E.M.Əsədullayev və b. tərəfindən aparılmışdır. Litoloji cəhətdən dəniz və kontinental fasiyalı çöküntülərdən, gil, qum, konqlomerat, əhəngdaşı süxurlarından ibarətdir.

Tektonika. Azərbaycanın geoloji quruluşunda iştirak edən əsas tektonik strukturlardan Böyük və Kiçik Qafqaz meqantiklinoriumları və onları ayıran Kür dağarası çökəkliyidir.Böyük Qafqaz meqantiklinoriumun tektonikası, əsas etibarilə, V.Y.Xain, Ə.Ş.Şıxəlibəyli, F.S.Əhmədbəyli, Ə.Ə.Bayramov və b. tərəfindən tədqiq edilmişdir. O, mürəkkəb quruluşa malik olub, mərkəzi hissəsi Yura yaşlı gilli, qumdaşılı şistlərdən ibarətdir. Qanadlarını təşkil edən tektonik strukturlar nisbətən cavan süxurlardan ibarətdir. Böyük Qafqaz meqantiklinoriumunda Təngi-Beşbarmaq antiklinoriumu, Şahdağ, Xızı, Şamaxı-Qobustan sinklinoriumları, Abşeron periklinal əyilmə və bir neçə başqa strukturlar mövcuddur.

Kiçik Qafqaz meqantiklinoriumun tektonik quruluşu V.Y.Xain, Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.Ş.Şıxəlibəyli, Ə.İ.Məmmədov və b. tərəfindən tədqiq edilmişdir. Meqantiklinoriumun geoloji quruluşunda, əsas etibarilə, püskürmə, tuflu-çökmə, karbonat süxurlardan ibarət aşağıdakı tektonik zonalar mövcuddur: Lök-Ağdam tektonik zonası tərkibində Şəmkir, Murovdağ, Ağdam antiklinoriumları və onları ayıran Qazax, Daşkəsən, Ağdərə sinklinoriumlarıdır. Göyçə-Qarabağ tektonik zonası Lök-Ağdam zonasından cənub və cənub-qərbdə yerləşir. Onun tərkibində Turaqaçay, Xocavənd, Sarıbaba, Azıx sinklinoriumları və onları ayıran Qarabağ və Zəmzur antiklinoriumları məlumdur.

Misxan-Qafan zonası Sarıbaba sinklinoriumun cənub-qərbində yerləşir. Zona Tərtər çayının mənbəyindən şərq istiqamətində uzanaraq, Qarabağ və Zəngəzur dağlararası sahəni əhatə edir. Tərkibi - Laçın, Starotaq, Qafan antiklinoriumları və onları ayıran Kəlbəcər törəmə muldasından, Xuzabirt və Qoçaz sinklinoriumlarından ibarətdir.

Araz tektonik zonası Naxçıvan ərazisində yerləşərək tərkibində Şərur-Culfa, Zəngəzur antiklinoriumları və Ordubad sinklinoriumu mövcuddur. Strukturlar Fanerozoy eratemi çöküntülərindən təşkil olunaraq, çökmə, püskürmə, karbonat və s. süxurlardan ibarətdir.

Talış tektonik zonası Talış dağlıq ərazisinin böyük hissəsini əhatə edir. Litofasial cəhətdən püskürmə və çökmə mənşəli kompleks süxurlardan təşkil edilmişdir.

Kür dağarası çökəkliyi Alp qırışıqlıq qurşağının Qafqaz seqmentində daxili strukturdur. O, Böyük və Kiçik Qafqaz dağları, Dzirül massivi və Xəzər dənizi ilə həmsərhəddir.Əsas tektonik struktur elementləri Orta və Aşağı Kür çökəklikləridir. Orta Kür çökəkliyində Alazan-Əyriçay, Palantökən sinklinoriumu, Daşyüz, Çatma-Göyçay antiklinoriumu, Aşağı Kür sinklinoriumunda Kürdəmir-Saatlı, Mil-Muğan gömülmüş qalxımlar mövcuddur.

Ədəbiyyat

Əlizadə Ə, Babayev M.- Ümumi geologiya.

Orucov V.- Ümumi, neft və neft-mə'dən geologiyası.

Məmmədov T.Ə., Kərimov V.Y.- SSRİ geologiyası.

Səfərov E.İ. - Kiçik Qafazın faydalı qazıntı yataqları.

Məmmədov T.Ə.- Tarixi geologiya.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm