Digər
Xalq yazıçısı Anar: “Təhminə öldü...”
Kult.az Xalq yazıçısı Anarla müsahibəni təqdim edir.
– Anar müəllim, “Təhminə” öldü?
– Hə, deyirlər, öldü.
– Doğrudan, nə yaxşı cavabdır: “hə, deyirlər, öldü”.
– Onun ömrünü qızım Günel uzatdı... Guya Təhminənin gündəlikləri tapılır, beləcə, ayrı əsərdə, Günelin «Altıncı» povestində “Təhminə”nin həyatı davam eləyir. Mənə sual verirlər ki, “Təhminə” niyə ölür? Deyirəm, yaxşı, onda deyin, “Anna Karenina” niyə ölür, “Hamlet” niyə ölür? Axı dünya ədəbiyyatında çox əsərlərdə baş qəhrəmanlar ölürlər.
– Yeri gəlmişkən, qızınız Günel xanımın yaradıcılığına münasibətiniz necədir? Yaza bilir?
– Desəm ki, Günel istedadlı yazıçıdır, deyəcəklər ata qızını tərifləyir. Amma məncə, doğrudan da, istedadlı yazıçıdır. Düzdü, axır vaxtlar az yazır, Turalın da satirik hekayələri maraqlıdır. Oxuyub ləzzət alıram. Amma bunu heç yerdə demirəm, o saat başqa cür yozacaqlar, oğludur da, deyəcəklər. Amma ataları olduğumçün həqiqəti danmalıyammı?
– Başqa məsələyə keçək. Bax, sizi bu qədər dəyərləndirirlər, bu qədər qiymətləndirirlər, haqqınızda bu qədər yüksək fikirlər deyirlər, tərifləyirlər...
– Və bu qədər söyürlər. (gülür) Bunu niyə demirsən? Azərbaycanda məndən çox tənqid olunan yazıçı var? Tənqid yox, tənqid olsa, nə var ki… başdan-ayağa təhqir, böhtan, yalan. Mənə yaxın adamlar, məni istəyən adamlar deyirlər ki, heç kəsə cavab vermə. Sən ancaq əsərlərinlə cavab ver onlara. Əgər yeni bir əsər yazırsansa, bu, ən yaxşı cavabdır. Əlbəttə, düz deyirlər, çalışacam, bu xeyirxah məsləhətə əməl edim. Həm də ki, bu məsələdə daima əleyhimə yazanlar işimi asanlaşdırır, öz yazılarıyla özlərini elə biabır edirlər ki, daha mənim bir söz deməyimə ehtiyac qalmır.
– Anar müəllim, 77 yaşınız var. Mən həmişə belə yaşlar haqda deyirəm ki, həyatla mübarizədə hesab 7:7-dir. Təbii ki, bu oyun həyatın meydanında gedir. Məsələn, yaşınız 78 olanda siz həyata 7:8 qalib gəlmiş sayılacaqsınız. Oyunun qurtarmasına nə qədər var, Allah bilir. Belə. Mənim üçün maraqlıdır, 77 yaşın darıxmağı necə olur? Və yaxud, heç darıxırsınız? Yoxsa... Ümumiyyətlə, darıxmaq necə olur?
– Darıxmağa macal verirlər ki? (gülür) Macalım olsaydı, darıxardım.
– Kim imkan vermir ki?
– Bütün günü burdayam. Yazıçılar Birliyində otağıma bir maqnitofon qoysan, görərsən ki, insanlar nə təkliflərlə, xahişlərlə, tələblərlə gəlirlər bura. Gülməli məqamlar da olur. Məsələn, biri gəlir, başlayır ki, mən sərbəst şeiri çox sevirəm. Bilirəm ki, bunun ardınca bir xahişi olacaq. (gülür)
– Hə, elədir.
– Deyirəm, sərbəst şeiri qoy bir kənara, sözünü de. Hə, sözüm odur ki, mənim ev şəraitim pisdir. Qəribədir. Dövr dəyişib, amma Sovet psixologiyası insanların şüurunda dəyişməyib. Deyirəm, ay balam, Yazıçılar Birliyi şair və yazıçılara ev verə bilmir, bizim elə imkanımız yoxdur. Bir dəfə imkan düşdü, otuzdan artıq adam ev aldı. Amma bu həmişə mümkün olmur axı. İnanmırlar. Deyirlər, sən istəsən, eləyərsən.Hər şey tək mənim istəyimdən asılı deyil, bunu başa düşmək istəmirlər.
– Aydındır. Belə yerdə darıxmaq olmaz.
– Hə, yəni onu deyirəm ki, imkan olmur darıxmağa. Yazıçılar Birliyindən axşam evə gedəndə limonu sıxırsan e, bax, o cür oluram, evə o cür gedirəm. O qədər qayğılar, o qədər neqativ şeylər... Elə adamlar olur, içəri girən kimi görürsən ki, aurası qaradır bu adamın, başdan-ayağa qaramatdı. Heç bir idarədə belə şərait yoxdur, vallah, istəyəndə gəlirlər, istəyəndə gedirlər. İstəyəndə aylarla gəlmirlər, bir də görürsən, redaktorlar gəlirlər ki, bu adam işləmir, gəl bunu işdən çıxaraq.
– Aha...
– Mən də bilirəm işləmir. Amma işdən çıxaracağıq, acından öləcək. Sizlər də yazacaqsınız ki, Yazıçılar Birliyi bu boyda böyük sənətkarı məhv elədi.
– Başa düşürəm, Anar müəllim, gərək dözəsiniz də. Başqa çarə yoxdu.
– Bəli.
– Belə məqamda musiqiyə qulaq asmaq çox yaxşı təsir eləyir adama. Heç musiqiyə qulaq asırsınız?
– Hə, qulaq asıram arada.
– Maraqlıdır, 77 yaşın musiqiləri hansılardı? Belə əsəbi vaxtlarınızda hansı musiqilər sakitləşdirir sizi?
– Hər növ yaxşı musiqini sevirəm. Muğamları da sevirəm, bəstəkarlarımızın əsərlərini də, Avropa musiqisini də. Bəzən caz musiqisinə də qulaq asıram. Mənim böyük fonatekam var. Düzdü, köhnə kompakt disklərdi. O vaxtlar Türkiyədə işləyəndə maaşımın böyük hissəsini kasetlərə verirdim. Musiqi məni, doğrudan da, sakitləşdirir.
– Yadıma bilirsiniz nə düşdü? Heydər Əliyev haqda siz yazmışdınız ki, “o, dünyaya qalib gəldi, qalib yaşadı, qalib də getdi”. Təbii ki, siz bunu mərhum prezident haqda yazmısınız. İndi həyatdasınız, bizimlə bir yerdəsiniz, Allah sizə ömür versin. Amma mənim üçün maraqlıdır, heç düşünürsünüzmü ki, nə vaxtsa bu sözü sizə də aid eləyəcəklər?
– Bu sizdən asılıdır. Mən gedəndən sonra qalanlar biləcək, qalib yoxsa məğlub getdim.
– Başqa məqam. Bayaq da dediniz ki, yaxınlarım mənə deyir, tənqidlərə cavab vermə filan-bəsməkan. Bax, yaxınların məsləhəti olmadan, bir insan kimi sizin özünüzü daxilən narahat eləyir bu tənqidlər?
– !Narahat eləyir! deyəndə ki, bilirsən necədi? Mənə çox deyirlər ki, fikir vermə! Bir dəfə fikir vermədim, beş dəfə fikir vermədim, on dəfə fikir vermədim, əl çəkmirlər axı…özü də bu illər boyu davam edir, eyni bir-iki adam, eyni sözlər, ifadələr. Necə də eyni yalanları təkrar etməkdən yorulmur, bezmirlər, usanmırlar. Görünür, təkrar biliyin ögey anası, nadanlığın doğma anasıymış. Əlbəttə, bunlar ciddi qəbul olunası şeylər deyil ki, bunlar haqqında uzun-uzadı danışaq.
– Ad çəkmirəm, sadəcə, bu işlərin içində olan gənc kimi bilirəm ki, sizə qarşı olan tənqidlər ən çox nədən ibarətdir. Anar niyə dünya miqyaslı yazıçı deyil? Anar niyə dünyaya çıxa bilmir? Tutalım, Orxan Pamuk Azərbaycana gəlirsə, o, hər hansı bir qonorar hesabına gəlir, bəs bizim niyə elə bir yazıçımız yoxdur ? Məsələn, Anar niyə elə bir yazıçı deyil ki, o, dünyanın başqa ölkələrinə qonorarla dəvət olunsun?
– Bu qonorar söhbətini əməlli başa düşmədim, Orxan Pamuk Bakıya qurultayımıza öz qonorarıyla deyil, mənim dəvətimlə və Yazıçılar Birliyinin hesabına gəlmişdi. O ki qaldı bizim qonorarımıza, onu burda heç düz-əməlli ala bilmirik (gülür). 25 min tirajla çap olunmuş kitablarımızdan heç birimiz bir qəpik qonorar almadıq.
– Anar müəllim, siz də, yəqin, bu barədə fikirləşmisiniz ki, ölkədə, doğrudan da, kitab bazarı olsa, kitab almaq və kitab satmaq mədəniyyəti formalaşsa, əslində, şair və yazıçıların bir-birlərinə qarşı dava-qırğınları, çəkişmələr aradan qalxar. Heç kəsin sizinlə də işi olmaz. Tutaq ki, bir şairin, bir yazıçının, şübhəsiz ki, oxucu özü seçim eləyəcək və yaxşını alacaq, kitabı satılarsa, bütün problemlər öz-özünə həll olunacaq. Həmin yazar kitabının pulu ilə araq içəcək, bunu məsəlçün deyirəm, lap sərxoş olub küçədə yatacaq, kimin nəyinə lazımdır?! Dünyada belə yazıçılar azmı olub? Yəni Azərbaycanda yazıçı həyat tərzi yaşamaq mümkün deyil. Yazıçı məcbur olub gedib hardasa işləyir və işlədiyi yerin mövqeyindən çıxış eləməsə, vəziyyət necə olacaq, Allah bilir. Beləliklə, istedadlı bir adam öz mahiyyətindən çıxır. Bunun üçün neyləmək lazımdır? Siz Yazıçılar Birliyinin sədrisiniz, yəni Azərbaycan dövləti ilə Azərbaycan yazıçıları arasında mənəvi körpü. Bəs qələm adamları dərdini kimə desinlər, necə eləyək ki, Sovet sistemindəki kimi kütləvi şəkildə kitaba maraq yaransın, kitab oxunsun. Nə eləmək lazımdır?
– Bunun üçün əlbəttə, kitabı təbliğ eləmək lazımdır. Bizdə kitabın təbliğatı yoxdur. O gün mənim kitabımın təqdimatında – düzdü, burda Pərvinin də rolu çox böyük oldu ki, tələbələri əvvəla maraqlandırdı, sonra görüşə dəvət etdi, – gördünmü nə qədər adam gəlmişdi, nə qədər kitab alındı və bu kitab da necə təbliğ olundu? Bəyəm, televiziya kitabı təbliğ eləyir? Yox! Biz çalışdıq ki, Bayatı kitab mağazasında imza günləri keçirək, cavan yazarların kitabları satıldı, bəzən 80, bəzən 100 kitab alındı. Bunu ardıcıl şəkildə davam etdirmək lazımdır.
– Bayaq dünyaya çıxmaqla bağlı sualıma konkret cavab olmadı, başqa şeydən danışdıq, yadımızdan çıxdı.
– Dünyaya çıxmaq üçün gərək böyük dillərin birində yazasan. Ya fransız dilində, ya ispan dilində, ya ingilis dilində, təbii ki. Ya da ən azı, rus dilində. Milyard yarım əhalisi olan Çindən cəmi bir yazıçı Nobel mükafatı alıb. Bir milyard əhalisi olan Hindistandan bir Taqor Nobel mükafatı alıb. İndi o şimal xalqların demirəm, onların özləri Norveçdən, İsveçdəndirlər ya oralara yaxındılar, deyə - həmvətənləri Nobelin mükafatını nisbətən asanlıqla alırlar. Amma əlbəttə, əsas rolu böyük dillərdə, yəni böyük oxucu kütləsi olan dillərdə yazmaq oynayır. Orxan Pamuku da əgər Fransada təbliğ eləməsəydilər... İndi deyirlər, «genosid» haqqında dediklərinin də təsiri olub, bəlkə də, amma əsas o deyil. Əsas odur ki, Orxan, doğrudan da, istedadlı və maraqlı yazıçıdır, həm də üstəlik Fransada və deməli, dünyada yaxşı təbliğ olunub. Yaxşı təbliğ olunmasaydı, çox nüfuzlu Qallimar nəşriyyatında çap edilməsəydi, Türkiyə çərçivəsindən çıxa bilməyəcəkdi.
– Hər halda, Orxan Pamuk da elə-belə yazıçı deyil ki...
– Söz yox ki, Orxan istedadlı yazıçıdır, mən elə bunu deyirdim. Amma 70 milyonluq Türkiyədə cəmi bir nəfər alıb bu mükafatı. Nə Nazım Hikmət aldı bu mükafatı, nə Yaşar Kamal, nə Əziz Nəsin, halbu ki, tamamilə layiq idilər. İndi yazırlar ki, Azərbaycan yazıçısı haçan Nobel mükafatı alacaq? Deyirəm, Azərbaycanın yığma futbol komandası dünya çempionu olanda, onda Nobeli də alacayıq. Bir də axı Nobel mükafatı ədəbi əsərin dəyərinin yeganə göstəricisi deyil.Elə ancaq Qərb ədəbiyyatını götürsək, Nobel almayan yazıçıların siyahisı Nobel alanların siyahısından az mötəbər deyil. Marsel Prust, Kafka, Coys, Andre Malro, Oruell, Qrem Qrin, Oldinqton, Remark, Brext, Moravia, Kortasar, Skott Fitcerald, Akutaqava, Maksim Qorki, Platonov, Bulqakov, Axmatova, Zoşşenko, daha kimlər, kimlər Nobel mükafatı almayıblar, bunların hansı biri Nobel alanlardan əskikdir. 1932-ci ildə rəhmətə getmiş Cəlil Məmmədquluzadənin Nobel mükafatı heç ağlına gələrdi? O bir yana dursun, Cəlil Məmmədquluzadə dünyada tanınır? Təəssüf ki, tanınmır, ya belə deyək, yetərincə tanınmır, amma bu onun ən böyük Azərbaycan yazıçısı olmasına zərrə qədər xələl gətirir? Əlbəttə, yox.
– Anar müəllim, hər halda, Cəlil Məmmədquluzadənin də dünyaya çıxmaması ilə təsəlli tapmaqdansa, dünyaya çıxmağın yolları haqda düşünmək lazımdır. Elə deyil?
–Yox, elə deyil. Yazıçını ilk növbədə öz xalqı tanımalı, oxumalı, sevməli, yerini və dəyərini bilməlidir. Yazıçı nəsilbənəsil öz millətinin oxucularının şüurlarına təsir edir, o şüuru formalaşdırır, yönəldir, təkmilləşdirirsə, onun dünyada tanınıb tanınması əsas məqsəd deyil. Əlbəttə, dünyada tanınmağı kim istəməz və bunun yolları haqqında da şübhəsiz düşünməliyik, amma bundan əvvəl gərək özümüz öz yazıçılarımızın qədir-qiymətini bilək, həm klassiklər, həm çağaşlar haqqında yarımçıqların hərzə söhbətlərinə yol verməyək. Belə görünə bilər ki, mən özüm dünya şöhrətindən yanıqlıyam deyə, Cəlil Məmmədquluzadənin də dünyada tanınmamasından təsəlli tapıram. Əsla belə deyil, məcburam deyim ki, indiyə qədər çap olunmuş kitablarımdan 60-ı xarici ölkələrdə nəşr olunub, özü də yalnız nəşr olunmayıb, haqqında Rusiyada, Türkiyədə, Avropa ölkələrində dəyərli fikirlər söylənilib. Buna baxmayaraq, mənə dünya şöhrətli yazıçı deyəndə ətim tökülür. Azərbaycanda, Rusiyada, türk dünyasında az çox tanınıramsa bəsimdir. Ayrı iddiam yoxdur.
– Yəni kütləvi olmalıdır? Tutalım, bir əsər öz-özünə, yəni təbii şəkildə ölkədən aşıb-daşıb dünyaya tökülür. Belə?
(Ardı var)
-
Dünya11:16
Əsəd yardım üçün Kremlin qapısını döydü: Putindən gözlənilməz cavab
-
İqtisadi gündəm10:28
Şad xəbər: Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq
-
Magazin109:45
Vəfa Şərifova izləyicilərini təhqir etdi: "Mən çobanam, siz isə..." - VİDEO
-
MDB09:13
Avtomobil bazarı çökdü: Səbəb bəllidir
-
Magazin108:48
Gülyaz Məmmədovaya 47 dəfə elçi düşən məşhur musiqiçi kimdir?
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO