Şuşanı azad etmək düşmənin ortasında partlayışa bənzəyir, bundan sonra... - Polkovnik AÇIQLADI
Bizi izləyin

Qarabağ

Şuşanı azad etmək düşmənin ortasında partlayışa bənzəyir, bundan sonra... - Polkovnik AÇIQLADI

“Şuşanı qələbənin sinonimi kimi qəbul etmək olar. Şuşa Azərbaycan torpaqlarının ərazi bütövlüyü deməkdir. Yəni, biz onunla bərabər tuturuq”.

Publika.az xəbər verir ki, bunu Şuşanın işğaldan azad olunması ilə bağlı danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, Şuşanın, ümumiyyətlə, sentyabrın 27-də başlayan Azərbaycanın əks-hücum əməliyyatının memarı məhz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevdir: “Ona görə bu gün insanlar Şuşa deyəndə İlham Əliyev, Ali Baş Komandan deyirlər, təbrik edəndə hamısı Ali Baş Komandanı təbrik edirlər. Bu sevinci bizə yaşadan, bu əməliyyata əmri verən məhz bizim Ali Baş Komandanımız İlham Əliyevdir. O nəinki bizə əmr verdi, hətta özü bilavasitə bu əməliyyata böyük sərkərdə kimi rəhbərlik etdi. Özü dediyi kimi, günün sonunda ona məruzə olunur. Ondan sonra növbəti istiqamətlər üzrə qərarları təsdiq edir. Bu da onu göstərir ki, qəbul edilmiş istiqamətlər üzrə qərarların hamısı uğurla nəticələnir və deyərdim ki, Azərbaycanın Silahlı Qüvvələri bu gün çox unikal, müasir tələblərə cavab verən döyüş əməliyyatları aparır. Düşünürəm ki, bu döyüş əməliyyatları nəinki bizim, ümumiyyətlə, dünyanın hərb tarixində özünəməxsus yer tutacaq. Bəzi rayonlar işğaldan azad olunmayıb, ancaq məhz Qarabağda, işğal olunmuş torpaqların mərkəzində olan ən mühüm strateji əhəmiyyət daşıyan yaşayış məntəqəsini, yəni Şuşanı azad etmək düşmənin ortasında partlayışa bənzəyir və o partlayış da düşmənin darmadağın edilməsinə yönəlib, onun işğalçı hərəkətlərinə son qoyulması deməkdir”.

Ş. Ramaldanov vurğulayıb ki, Şuşanın bizim qəhrəman, şanlı ordumuz üçün böyük mənəvi əhəmiyyəti var: “Çünki bu, böyük ruh yüksəkliyinə səbəb olur, qələbəyə inamı daha da çoxaldır, həm çətin relyef, həm də hava şəraitində döyüşlər aparan hərbçilərimizə çox böyük bir təkandır. Digər tərəfdən, düşmənimizin inamsızlığına gətirib çıxarır, düşmənin ruh yüksəkliyi aşağı düşür, onların mülkiləri hərbçilərə, hərbçiləri mülkilərə qarışıb. Ona görə düşünürəm ki, Şuşanın alınması bütün istiqamətlərdə prioritet idi”.

Polkovnik onu da qeyd edib ki, Şuşanın alınmasını, düşmənə psixoloji təsirini sözlə demək çətindir: “Biz bunun nəticəsini döyüş zamanı görəcəyik. Bundan sonra daha çox eşidəcəyik ki, düşmən mövqelərini tərk edib, qaçır. Azərbaycan Ordusunun qələbə çalmasına heç bir şübhə yoxdur. Əlbəttə, bu da düşmənin inamsızlığına gətirib çıxaracaq, ruh yüksəkliyini aşağı salacaq və müqavimətini azaldacaq. Hələ tam məhv olunmamış onların imkanı var ki, təslim olsunlar, ağ bayraq qaldıraraq öz canlarını qurtarsınlar”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm