Polkovnik - Düşmənə dəmir yumruğumuzu göstərdik
Bizi izləyin

Qarabağ

Polkovnik - Düşmənə dəmir yumruğumuzu göstərdik

“Zəfərin rəmzi olaraq Azərbaycan dövləti Azadlıq meydanında Zəfər paradı keçirdi. Parad çox möhtəşəm keçdi. Gördük ki, güclü və qüdrətli bir ordumuz var. Azərbaycan Ordusu qısa müddətdə minimum itkilərlə 30 il müdafiədə olan düşmənə qalib gələrək onu təslim olmağa məcbur etdi. Bununla da Azərbaycan tarixində qızıl hərflərlə yazılan bir səhifə açıldı”.

Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan polkovnik, 2 dəfə “Azərbaycan Bayrağı” ordenli, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov deyib. Ekspert bildirib ki, bu qələbə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, igid sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun həyata keçirdiyi əks-hücumlar sayəsində mümkün oldu:

“Əks-hücum əmrini yerinə yetirən Azərbaycan Ordusunun şəxsi heyəti öz peşəkarlığı, qəhrəmanlığı və ruh yüksəkliyi ilə torpaqlarımızı işğalçılardan azad etdi, ərazi bütövlüyümüzü təmin etdi. Məhz Aprel hadisələrindən sonra cənab Prezident çıxışlarında həmişə vurğulayırdı ki, Azərbaycan və Ermənistan təkbətək döyüş apararsa, qısa zaman ərzində Ermənistanın işğalçı qüvvələrini darmadağın etməyə qadirdir. Azərbaycan Ordusunun qüdrətini bu döyüşlərdə gördük və onun nəticəsi olaraq Zəfər paradı keçirdik.

Azərbaycan Ordusu 21-ci əsrin tələblərinə cavab verən müasir tipli müharibə apardı. İgid əsgərlərimiz bütün sahələrdə peşəkarlıq göstərərək düşməni torpaqlarımızdan qaçmağa məcbur etdi. Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Məhz bu bütövlüyün simvolu olaraq qələbəni paradla qeyd etdik. Bütün bunlar Azərbaycan hərb elminin inkişafına ciddi təkan verəcək. Azərbaycan Ordusu bu müharibədə qazandığı döyüş təcrübəsi sayəsində peşəkarlığını daha da artıracaq və öz adını dünyanın ən güclü orduları cərgəsinə yazdıracaq”.

Polkovnik qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş “bir millət - iki dövlət” prinsipinin ön plana çıxarılması bugünkü parada xüsusi rəng qatıb:

“Başda cənab Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyədən böyük bir heyət paradı izləmək üçün Bakıya dəvət olunmuşdu. Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Azərbaycan paradında iştirakı çox mühüm məsələdir. Bununla da Türkiyə qəlbinin daim Azərbaycanla döyündüyünü göstərdi, bu həm də düşmənlərimizə göndərilən bir ismarış idi. Türkiyə-Azərbaycan birliyi və dostluğu paradda bir daha diqqətə çatdırıldı. Torpaqlarımıza göz dikən düşmənə dəmir yumruğumuzu göstərdik”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm