İlham Əliyev tarixi ədaləti bərpa etdi - RƏY
Bizi izləyin

Qarabağ

İlham Əliyev tarixi ədaləti bərpa etdi - RƏY

"Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında son yüz illik tariximizin qısa xülasəsini verməklə milli yaddaşımızı bir daha obyektiv əsaslarda yeniləmiş oldu".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, ilk baxışda bu, keçmiş Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən hadisələr üzərindən şərh edilsə də, əslində yüz illik siyasi tariximizin kritik mərhələlərində alınan siyasi qərarların izahı və təhlili idi: "Konseptual yanaşma, analiz-sintez və tarixi-müqayisəli analiz metodları vasitəsilə dərin analitik təhlil apararaq nə qədər mürəkkəb mərhələlərdən keçərək ərazi bütövlüyümüzü bərpa edə bildiyimizi izah etmiş oldu. İstər Xalq Cümhuriyyəti, istərsə də sovet dövründə ermənilərin bütün mümkün vasitələrdən istifadə etməklə Qarabağı nəzarətimizdən çıxarmağa cəhd etdikləri bir daha aydın şəkildə ifadə edildi. Prezident İlham Əliyev sovet dövrü tariximizə qısa ekskursiya etdi və Qorbaçov dönəmində, yəni 1987-ci ildə böyük dövlət xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa etməsindən sonra ermənilərin Qarabağ məsələsini gündəmə gətirmə cəsarətini Heydər Əliyevin yoxluğunu fürsət bilmələri ilə əlaqələndirdi".

Deputat əlavə edib ki, ermənilər hesab edirdilər ki, artıq Heydər Əliyevin proseslərə təsir imkanları məhdudlaşdırılıb və onlar asanlıqla Qarabağı ələ keçirə bilərlər: "Ona görə də Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqambekyan ilk dəfə Fransada bu məsələni qaldırmaqla prosesə start verdiyini zənn etdi. Ancaq ermənilər yenə səhv etmiş, Heydər Əliyev faktorunu düzgün qiymətləndirə bilməmişdilər. Tarix sübut etdi ki, məhz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev tarixi ədaləti bərpa etdi".

Hikmət Babaoğlu vurğulayıb ki, Prezident İlham Əliyev ermənilər və onların havadarlarının yüz il ərzində qurduqları işğalçılıq strategiyasını və Qarabağı Azərbaycandan qoparmaq niyyətlərini alt-üst edib tarixin arxivinə göndərdi: "Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, biz bu tarixi qüruru əbədi olaraq yaşayacağıq. Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi. Azərbaycan Ordusunun gücünün, qüdrətinin göstəricisi, eyni zamanda erməni işğalçı ordusunun biabırçı məğlubiyyətinin bütün dünyaya nümayişi oldu".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm