Qarabağ
Zəfər yolunun üzərində qədim abidələr AŞKARLANDI
Füzulidən Şuşa şəhərinə çəkilən Zəfər yolunun üzərində qədim abidələr aşkar edilib.
Bu barədə Publika.az-a AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan bildiriblər. Qeyd olunub ki, yolun çəkilişi zamanı Füzuli rayonu ərazisində kurqanların olduğu bildirilib:
"Məlumatı yoxlamaq üçün institutun əməkdaşları Füzuli rayonuna bir günlük səfərə gedib. Tikinti mütəxəssisləri ilə birgə abidələrə zərər vurmamaq məqsədilə inşaat işlərinin dayandırıldığı sahəyə baxış keçirilib. Müəyyən edilib ki, Şəkərcik kəndi yaxınlığında, inşa edilən Zəfər yolunun 35,4 km-də, qeyd olunan kəndin qəbiristanlığının ətrafında hündürlüyü 10 m-ə yaxın olan iki təpə yerləşir. Onların birinin diametri 35 m, digərinin diametri isə 40 m-dir. Çox böyük ehtimalla bu təpələr iri ölçülü kurqan tipli qəbir abidələridir.
İşğal dövründə bu təpələrin hər birinin qərb ətəyində bir səngər qazılıb. Kurqanlar Şəkərcik kəndinin qəbiristanlığı ilə Köndələnçay üzərində tikilmiş su bəndinin arasındakı ərazidədir. Eyni zamanda, bu sahədə Xocalı-Gədəbəy mədəniyyətinə aid Son Tunc-İlk Dəmir dövrünün yaşayış yerinin əlamətləri olan obsidiandan (vulkanik şüşə) hazırlanmış alətlər və saxsı qab fraqmentləri toplanılıb. Hələ ötən əsrin 60-70-ci illərində arxeoloq Q.İsmayılzadə tərəfindən bu ərazidə – Köndələnçayın sağ sahilində bəhs olunan dövrə aid Şəkərciktəpə yaşayış yeri qeydə alınmış və oradan yerüstü maddi-mədəniyyət nümunələri aşkar edilib".
Əlavə edilib ki, baxış keçirilən sahənin sıx və hündür otlarla örtülü olması, eyni zamanda güclü yağışdan sonra ətraf yerlərin palçıqlı olması ərazidə geniş müşahidələr aparmağa imkan verməyib. İstənilən halda bu sahə kurqanlarla birlikdə tarixi-arxeoloji əhəmiyyətə malikdir. Gələcəkdə arxeoloji qazıntılar göstərilən abidələrin təyinatı barədə daha dəqiq fikir yürütməyə imkan verəcək.
"Qısa müddətli tədqiqat zamanı Füzuli şəhərinin şimal-şərqində, Zəfər yolu ilə Köndələnçay arasında, təxminən 650 m (şərq-qərb) x 350 m (şimal-cənub) sahəni əhatə edən məşhur Qarabulaq kurqan çölünə də nəzər yetirilib. Burada iri ölçülü 20-dən artıq kurqan var. Hələ XIX əsrin sonlarında Moskva Arxeoloji cəmiyyətinin üzvü A.A.İvanovski bu kurqanlardan beşini qazıb. Əlbəttə, onun bu fəaliyyəti arxeoloji qazıntı qaydalarına zidd olaraq kurqanların yalnız mərkəzi hissəsinin qazılması ilə həyata keçirilib.
Bundan əlavə, inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa yolunun 26-cı km-də, Füzuli şəhərinin xarabalıqlarına aparan köhnə Qaraxanbəyli-Füzuli yolunun sol kənarında, Ələsgərli kəndindən 1,5 km şərqdə Yedditəpələr adlandırılan sahədə 20-dən artıq kurqan diqqəti cəlb edir. Onların bəzilərinin üzərində işğal dövründə düşmən tərəfindən səngər qazılıb və bu abidələrə zərər yetirilib. Burada kurqanların əksəriyyəti şimal-cənub istiqamətində bir xətt üzrə düzülüb, bir neçəsi isə bu düzümün sağ və solunda yerləşib. Yedditəpə ərazisi hələ minalardan təmizlənmədiyindən burada ətraflı müşahidə aparmaq mümkün olmayıb. Bununla belə, yol çəkilişi ilə bağlı nəzərdə tutulan plana görə, xətlərdən birinin buradan keçəcəyini nəzərə alaraq mina təmizləmə işlərindən sonra ərazidə arxeoloji araşdırmaların aparılması zəruridir.
Quruçayın və Köndələnçayın Füzuli rayonu ərazisindəki sahilləri Tunc dövrünün (e.ə. III-II minilliklər) yaşayış yerləri və qəbir abidələri ilə zəngindir. Buradakı kurqanlar Qarabağın, o cümlədən bütövlükdə Azərbaycanın Tunc dövrü dəfn adətlərinin, antropologiyasının, maddi mədəniyyətinin tədqiq edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, yalnız bir gün ərzində Köndələnçay vadisindən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edilib və bir neçə yeni abidə aşkar olunub. Bütün bunları nəzərə alaraq qeyd edilən sahələrdə və ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti işləri zamanı arxeoloji tədqiqatların da aparılmasını zəruri hesab edilir. Qarabağda həyati əhəmiyyət kəsb edən bərpa-tikinti-quruculuq işləri ilə yanaşı arxeoloji tədqiqatların təşkil edilməsi abidələrimizin xilasına, tarixi-mədəni irsimizin tədqiq edilməsinə xidmət etmiş olardı". / "Trend"
-
Nəqliyyat09:25
Bu yolda sürət həddi endirildi
-
MDB07:35
Putinin illik böyük mətbuat konfransına hazırlıq - Süni intellektdən istifadə olunacaq
-
Magazin207:15
Tom Kruzdan qızı ilə bağlı gözlənilməz addım - 30 yaşı tamam olanda...
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO