İranın Borçalıda dini kimlik planı: harada səhv etmişik?
Bizi izləyin

Nida Təhlil

İranın Borçalıda dini kimlik planı: harada səhv etmişik?

İranın Borçalıda dini kimlik planı: harada səhv etmişik?

Son günlər İranın Borçalıda soydaşlarımız üzərindəki təsir gücü yenidən gündəmə gəlib. 2017-18-ci illərdən etibarən bu mövzunu araşdıran və daim yazan biri kimi deyə bilərəm ki, vəziyyəti dəyişmək çətindir.

Bu məsələdə itirən tərəf bizik və bunun obyektiv və subyektiv olmaqla konkret səbəbləri var. Proses 2003-cü ildən - Gürcüstan dövlətinin ölkədə dini icmalar üzərində nəzarəti gücləndirmək siyasətindən başlayıb. Buna qədər Gürcüstanda xristianlar üzərində Rusiya Pravoslav Kilsəsinin, sünni məzhəbinə mənsub olanlar üzərində müəyyən qədər Türkiyənin, şiə məzhəbinə məxsus olanlar üzərində isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təsiri güclü idi. Gürcüstan dövləti ilk növbədə xristianlar və Acariyada sünni kəsimin nəzarətə götürülməsi istiqamətində işləyirdi. 2009-cu ildə proses Borçalıya – şiə kəsimə də çatdı, 2011-ci ildə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yaradılması və QMİ-nin bölgədən faktiki olaraq kənarlaşdırılması ilə konkret addım atıldı.

Bu, Azərbaycan üçün strateji itki idi. QMİ-nin çıxması hələ 90-cı illərdən Borçalıya daxil olmağa çalışan İranın önünü tamamilə açdı. Borçalıda, konkret desək, Marneulidə İrana bağlı bəlli şəxslər Gürcüstan Müsəlmanları Ali Dini İdarəsini (GMADİ) yaradaraq, GMİ-nin çətiri altına girməkdən imtina etdilər. İranın maliyyələşdirdiyi müxtəlif xeyriyyə fondları və təşkilatları da GMADİ-nin idarəçiliyinə verildi. İran tərəfindən koordinasiyanı isə Əl-Mustafa Universitetinin Gürcüstan nümayəndəliyinin rəhbərliyi (Həmin illərdə Davud Zarii idi) həyata keçirirdi. (Bu haqda yazılarımda daha detallı məlumatlar var. Oxu: İranın Borçalıda dini kanton yaratmaq planı və ayətullahların “yeni şeyxi”).

QMİ-nin boşalan yerini sürətlə İranın doldurmasında Gürcüstanın da iki hədəfi fonunda maraqlı olduğu istisna edilməməlidir.

1. Sünni və şiə məzhəbi arasında qarşıdurma müsəlman icmasına nəzarəti asanlaşdırır;
2. Dini kimliyin güclənməsi Borçalıda milli kimliyin zəifləməsi baxımından sərfəlidir;

Nəticə etibarilə, Borçalıda İranın dini təsiri güclənən xətlə davam edir. Məktəbli geyimi ilə bağlı son hadisələrdə Borçalıda İranın təsirində olan qrupların təşkilatlanmış mövqe sərgiləməsi bunun son nümunələrindəndir. Bu vəziyyəti dəyişmək üçün Azərbaycan və Gürcüstan birgə işləməlidir, xüsusilə Tbilisini İran təhlükəsinin reallığına inandırmaq vacibdir. Bunun fonunda “Borçalıda İran təsiri” məsələsinə cəmiyyət olaraq, həssas yanaşmalıyıq. Xüsusilə təsirə düşmüş müəyyən qrup üzərindən ümumilikdə Borçalını hədəfə çevirmək təhlükəlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm