Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
Bizi izləyin

İqtisadi gündəm

Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?

Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?

Noyabrın 23-dən etibarən Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin 14 iqtisadi zonasında ev təsərrüfatlarının uçotunun elektron qaydada aparılmasına hazırlıq çərçivəsində qeydiyyat prosesində iştirak edəcək şəxslər üçün təlimlərə başlanılıb. 2027-ci ildən etibarən ilk dəfə olaraq “mygov” platformasında yaradılmış xüsusi altsistem vasitəsilə həyata keçiriləcək uçot ölkədə ailələrin təsərrüfat fəaliyyəti, mal-qara və quşların sayı, torpaq sahələri, istehsal və məşğulluq vəziyyəti barədə məlumatların vahid bazada toplanmasına imkan verəcək. Bu məlumatların regionların sosial-iqtisadi inkişafının planlaşdırılmasında və kənd təsərrüfatının mövcud potensialının qiymətləndirilməsində mühüm rol oynayacağı gözlənilir.

Publika.az mövzu ilə bağlı aqrar səhə üzrə ekspert Vahid Məhərrəmli ilə həmsöhbət oldu.

Ekspert bildirdi ki, ev təsərrüfatlarının elektron uçotu kənd təsərrüfatında mövcud vəziyyətin daha dolğun öyrənilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, bu məlumatlar vasitəsilə ölkədə mal-qaranın, quşların sayını, eləcə də istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmini daha dəqiq müəyyənləşdirmək mümkün olacaq.

V.Məhərrəmli qeyd etdi ki, kənd təsərrüfatının inkişafı üçün əsas istiqamətlərdən biri istehsal vasitələrinin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsidir. Xüsusilə suvarma təminatının yaxşılaşdırılması məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ekspertin sözlərinə görə, bəzi ərazilərdə fermerlər suvarmanı növbə ilə həyata keçirirlər. Halbuki bitkilərin normal inkişafı, torpaqdan zəruri mineral elementləri mənimsəməsi və yüksək məhsuldarlığın əldə olunması üçün suvarma prosesinin vaxtında və lazımi səviyyədə aparılması vacibdir.

O bildirdi ki, kənd təsərrüfatında keyfiyyətli toxum təminatının genişləndirilməsi də prioritet məsələlərdəndir. Bununla yanaşı, istehsal olunan məhsulların bazara çıxarılması imkanlarının yaxşılaşdırılması, soyuducu anbarların sayının artırılması fermerlərin fəaliyyətinə müsbət təsir göstərə bilər.

V.Məhərrəmli kənd təsərrüfatında peşəkar mütəxəssislərin roluna da diqqət çəkdi. O qeyd etdi ki, regionlarda savadlı aqronomların, zootexniklərin və baytar həkimlərinin fəaliyyətinin genişləndirilməsi təsərrüfatların daha səmərəli idarə olunmasına, heyvandarlıq və bitkiçilik sahələrində məhsuldarlığın yüksəldilməsinə kömək edər.

Ekspert hesab edir ki, kənd təsərrüfatının inkişafı yalnız istehsalın artırılması ilə məhdudlaşmamalı, eyni zamanda məhsulun saxlanması, emalı və satışını əhatə edən imkanlar da genişləndirilməlidir. Bu istiqamətlərdə görüləcək işlər kənd yerlərində yeni məşğulluq imkanlarının yaranmasına və əhalinin gəlirlərinin artmasına şərait yarada bilər.

V.Məhərrəmlinin fikrincə, kəndlərdə istehsal və məşğulluq imkanlarının genişləndirilməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də şəhərlərdən kəndlərə əhali axınının təşviqinə müsbət təsir göstərə bilər.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm