Savaşın 8-ci günü: Ermənilər Gəncəyə RAKET ATDI, ordumuz düşməni məhv etdi, BU ƏRAZİLƏR...
Bizi izləyin

Qarabağ

Savaşın 8-ci günü: Ermənilər Gəncəyə RAKET ATDI, ordumuz düşməni məhv etdi, BU ƏRAZİLƏR...

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

4 oktyabr 2020-ci il. Müharibənin 8-ci günü...

Saat - 00:24 - Bir sıra ərazilər işğaldan AZAD OLUNDU

Müdafiə Nazirliyi ötən günün xülasəsi ilə bağlı məlumat yaydı. Ötən ilin bu günü bütün cəbhə boyu şiddətli döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz düşmənin intensiv artilleriya və raket atəşinə məruz qalıb. Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri nəticəsində yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətlərdə atəş mövqeləri susdurulub, düşmənə sarsıdıcı zərbə endirilib. Bildirildi ki, gün ərzində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayil rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Saat - 00:42 - İran Ermənistanın mülki obyektləri və vətəndaşlarımızı hədəf almasını pislədi

İran İslam Respublikasının Bakıdakı səfirliyi Azərbaycanın mülki obyektləri, eləcə də vətəndaşlarına qarşı törədilən hücumları kəskin şəkildə pisləyib. Səfirlikdən bildirilib ki, Azərbaycan Respublikasının rəsmi mənbələri, o cümlədən Baş Prokurorluğun məlumatlarına əsasən, Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf şəhərdə Azərbaycan və Ermənistan tərəfləri arasında yeni toqquşma dalğası başlayan gündən etibarən, çoxlu sayda Azərbaycan vətəndaşı, o cümlədən qadınlar və uşaqlar həlak olub, yaralanıb, eləcə də xeyli sayda mülki infrastruktur və obyektlər məhv edilib. Azərbaycan Respublikasının baş prokurorluq idarəsinin məlumatına görə oktyabr ayının 3-ü səhərə qədər 19 günahsız insan öldürülüb, 63 nəfər yaralanıb, 44 mülkü obyekt və infrastruktur, eləcə də 181 ev darmadağın olunub. Bununla bağlı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı (Bakı) Səfirliyi, İnsan hüquqları və humanist Beynəlxalq hüquqa riayətin zəruriliyini vurğulayaraq, Cenevrə Konvensiyası (1949), ona əlavə olunmuş protokollar (1977) da daxil olmaqla silahlı qarşıdurmanı tənzimləyən norma, prinsip və beynəlxalq qaydaları nəzərə çatdırır. Xüsusilə mülki əhalinin himayəsinə dair IV Cenevrə Konvensiyası, günahsız insanların hüquqlarının hər növ pozulması və mülki şəxslərin öldürülməsi, yaralanması, mülki binaların və obyektlərin dağıdılaraq ziyan vurulmasını qətiyyətlə pisləyir.

Saat - 01:13 - Ceyhun Bayramov Aİ rəsmisinə ermənilərin təxribatı ilə bağlı məlumat verdi

Ötən ilin bu günü Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Aİ-nin ali nümayəndəsi bölgədə yaşanan gərginliklə bağlı ciddi narahatlığını bildirib. Aİ-nin gərginliyin aradan qaldırılmasında maraqlı olduğu və münaqişənin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəklədiyi qeyd olunub.

Saat - 04:44 - Çarəsiz qalan ermənilər dünyadan kömək dilədilər

Ötən ilin bu günü alman jurnalisti Pol Ronjeymer Tvitter mikrobloqunda erməni cəmiyyətindəki ümidsizlik və çaxnaşmanı əks etdirən yazı yayımlayıb. O, yazısını “dörd min qurbanla, ermənilər özlərini taleyin mərhəmətinə atılmış hiss edirlər” sözləri ilə başlayır. Həmçinin, qeyd edir ki, praktik olaraq, hər bir erməninin cəbhəyə çağırılan qohumu və ya tanışı var. “Niyə Merkel burada baş verən müharibədən bu qədər az danışır?”, - müəllif bu səhər Yerevanın aeroportunda ona hansısa erməni tərəfindən ünvanlanmış sualı verir. Ronjeymer postunu cəbhənin 8 saat məsafədə yerləşdiyi barədə sözlərlə bitirir. Bu yazı erməni cəmiyyətindəki çaxnaşmanı və ümidsizliyi açıq şəkildə əks etdirib.

Saat - 08:44 - Düşmənə növbəti XƏBƏRDARLIQ EDİLDİ

2020-ci ilin oktaybrın 4-də Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir: "Düşmənin növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək".

Saat - 08:49 - Düşmən kəndlərimizi ATƏŞƏ TUTDU

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin ərazisini raket atəşinə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat cavab tədbirləri görülür.

Saat - 09:53 - Ermənistan ordusu mülki əhalini ATƏŞƏ TUTDU - İki bacı HƏLAK OLDU

"Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir". Bu barədə ötən ilin bu günü Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. "İşğalçı ölkənin silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 19 radələrində şəhər sakinləri - 1976-cı il təvəllüdlü İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar, eyni zamanda şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən şəhər sakinləri - 1982-ci il təvəllüdlü Balakişiyev Etibar Təvəkkül oğlu, 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyib. Həmçinin təcavüzkar ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonu Azad Qaraqoyunlu kəndinə düşmüş top mərmilərinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Səfər Əyyub oğlu və Quliyev Akif Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

Saat - 10:01 - Ermənilərin növbəti təxribatının ÜSTÜ AÇILDI

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistanın həyata keçirdiyi növbəti təxribatı qeydə alıb. Məlumatda deyilib ki, Ermənistan tərəfi "Periscope" vasitəsilə canlı yayımlar edərək Azərbaycan xəritəsinin saxtalaşdırılmış versiyasını nümayiş etdirir və Azərbaycanın bir neçə şəhərində müxtəlif ərazilərin Ermənistan ərazisi olduğunu iddia edir. Bu məlumat həqiqəti əks etdirmir və mövcud xəritədə heç bir dəyişiklik olunmayıb.

Saat - 10:19 - Ermənistan ordusunun qətlə yetirdiyi mülki şəxslərin sayı 22-yə çatdı

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermis itkilərlə bağlı son məlumat açıqlandı. Baş Prokurorluğun yaydığı məlumatda 27.09.2020-ci il tarixdən - hazıradək (04.10.2020-ci il saat 10:00) həlak olmuş şəxslərin sayı – 22, Yaralanmış şəxslərin sayı – 74, Ziyan dəymiş mülki obyektlərin sayı – 49, Ziyan dəymiş yaşayış evlərinin sayı - 248 nəfərdir.

Saat - 11:05 - Hikmət Hacıyev Ermənistan ərazisindən Gəncəyə raket atıldığını AÇIQLADI

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib. O qeyd edib ki, Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub: "Yenə də Ermənistan ərazisindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində yaşayış məntəqələrinə raket atılmışdır. Ermənistanın bu hücumları nəticəsində mülki insanlar arasında həlak olan və yaralananlar vardır. Son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılmışdır. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib. Hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslər, hərbi obyektlər və mülki obyektlər aydın şəkildə fərqləndirilməlidir. Hər hansı hərbi zərurət olmadan Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin kütləvi şəkildə bombarduman edilməsi təsadüfi xarakter daşımayaraq, məqsədyönlü şəkildə həyata keçirilir".

Saat - 11:19 - Düşmən Ermənistan ərazisindən Gəncəni RAKET ATƏŞİNƏ TUTDU

Ötən ilin bu günü Azərbaycan Müdafiə Nazirliyi Gəncə şəhərinin Ermənistan ərazisindən atəşə məruz qaldığı ilə rəsmi məlumat yaydı. Belə ki, düşmən Gəncə şəhərini Ermənistan ərazisindən atəşə tutmuşdu.

Saat - 11:42 - Düşmənə qarşı cəza tədbirləri görüldü

Dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan düşmənə qarşı Azərbaycan Ordusu tərəfindən cəza tədbirləri görülüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yaydı.

Saat - 11:45 - Zakir Həsənov Gəncənin vurulmasından DANIŞDI

"Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir". Bunu Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Saat - 11:48 - Düşmən beynəlxalq konvensiyaları kobud şəkildə pozdu

İşğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib.

Saat - 12:00 - Prezidentin köməkçisi Gəncədən görüntüləri paylaşdı

“Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu saxlayır. 4 yeni raket Gəncəyə düşüb”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. O, həmçinin insidentdin videosunu paylaşıb.

Saat - 12:45 - Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır. Düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib. Bu barədə ötən ilin bu günü Müdafiə Nazirliyinin son məlumatında bildirilib.

Saat - 13:21 - FHN Gəncədən məlumat yaydı

Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozub Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu gün səhər saatlarından başlayaraq Ermənistan ərazisindən ölkəmizin ikinci böyük şəhəri olan və döyüş bölgəsindən tam kənarda yerləşən Gəncə şəhəri raket zərbələrinə məruz qalıb. İlkin məlumata əsasən, əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən bir ünvanda yanğının qarşısı alınıb, üç ünvanda isə dağıntıların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Dağıntılar altından xəsarət almış iki nəfər xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Saat - 13:38 - Gəncə təxribatı - 1 nəfər öldü, 4-ü yaralandı

Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Tvitter səhifəsində bildirilib. “Ermənistan ordusunun Ermənistanla sərhəddən 60 km aralıda, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə insanların sıx yaşadığı yaşayış məntəqələrinə raket zərbəsi endirməsi nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Şəhərə böyük ziyan dəyib”, - deyə qeyd olunub.

Saat - 13:41 - Pakistan Ermənistanın Gəncəni və dinc sakinləri atəşə tutmasını pislədi

Pakistanın ölkəmizdəki səfiri Bilal Haye Ermənistanın Gəncəni və dinc əhalini atəşə tutmasını pisləyib. Səfir Bilal Haye özünün tvitter səhifəsində paylaşım edib. “Dualarımız gəncəlilər üçündür. Mülki əhalini bombalamaq beynəlxalq qanunlara görə müharibə cinayətidir”, - deyə səfir bildirib.

Saat - 14:03 - Rəsmi Bakı: Arutunyan cəzasını aldı

Azərbaycanın şəhərlərinə kasetli bombalar atılır. Hazırda bu atəşin qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi bildirilir. Mən buradan Araik Arutunyanaya müraciət etmək istəyirəm. Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb: "Arutunyan cəzasını aldı, digər müharibə cinayətkarları da öz layiqli cavablarını alacaqlar".

Saat - 14:11 - PUA-lar düşmən texnikasını MƏHV EDİR

"Azərbaycan Ordusunun əməliyyatları uğurla davam edir. Ermənistan tərəfi yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin, pilotsuz uçuş aparatlarının vurulması və bu tip digər feyk xəbərlər, dezinformasiyalar yayır". Bunu Müdafiə Nazirliyinin sözçüsü polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, Azərbaycan Ordusuna məxsus heç bir döyüş təyyarəsi vurulmayıb: "Azərbaycanın zərbə PUA-ları düşmənin döyüş texnikasını darmadağın etməkdə davam edir. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusu barədə yalan məlumatlar yaymaqla döyüşlərdəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır. İctimaiyyəti düşmənin dezinformasiyasına uymamağa və yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyin rəsmi bəyanatların istinadən etməyə çağırış edirik".

Saat - 14:13 - Düşmənin 77-ci tank taboru məhv edilib, 3 tank qənimət götürülüb

“Düşmənin 77-ci tank taboru məhv edilib, 3 tank qənimət götürülüb”. Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, düşmənin döyüş heyətinin bir hissəsi döyüşməkdən imtina edərək qaçıb: “Ermənistan artıq 60-70 yaşlı qadınları da döyüşə göndərir”.

Saat - 15:10 - Düşmənin qüvvələri və zirehli texnikası MƏHV EDİLDİ

Düşmənin zirehli texnikaları, atəş-dəstək və təminat vasitələri məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Saat - 15:15 - Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin BƏYANATI

Ötən ilin bu günü Baş prokuror Kamran Əliyev Gəncənin ermənilər tərəfindən raket atəşinə tutulması ilə bağlı bəyanat yayıb.

Saat - 15:18 - Türkiyə XİN-dən Gəncənin atəşə tutulması ilə bağlı BƏYANAT

Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki əhalini hədəf alan bugünkü hücumları bu dövlətin hüquq tanımayan simasının daha bir göstəricisidir. Bu barədə Türkiyə Xarici işlər Nazirliyinin bəyanatında bildirilib: “Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki əhalini hədəf alan Ermənistanın hazırkı hücumları Ermənistanın qanunsuz münasibətinin yeni təzahürüdür. Bu hücumları pisləyirik. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində məğlubiyyətlə üzləşdi. Ermənistan Cenevrə Konvensiyası başda olmaqla, bütün humanitar hüquq prinsiplərini pozaraq, qarşıdurmaların baş verdiyi ərazilərin xaricindəki mülki yaşayış məntəqələrinə hücum edir. Bu hücumlar Ermənistanın düşdüyü ümidsizliyin və qanunsuz işğala davam etmək üçün insanlığa qarşı cinayətlər törətməyinin əlamətidir. Əvvəldən də söylədiyimiz kimi, Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneədir. Ermənistanın təxribatına cavab verəcəklərini, beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququndan istifadə etdiklərini və mülki əhaliyə ziyan vurmamaq üçün mümkün olan bütün səylərdən yararlandıqlarını bəyan edən Azərbaycanın bu münasibətini dəstəkləyirik”.

Saat - 15:39 - Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət ünvanladı

Ötən ilin bu günü Azərbaycan QHT-ləri Ermənistanın Gəncəyə qarşı törətdiyi müharibə cinayəti ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Saat - 15:42 - Gəncənin atəşə tutulması zamanı 1 erməni də yaralandı

Gəncənin atəşə tutulması nəticəsində bir erməni də yaralandı Bu gün səhər saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin raketdən tutduqları atəş nəticəsində yaralananlardan biri erməni əsilli, 1943-cü il təvəllüdlü Qriqoriyan Nina Romanovnadır. Qeyd edək ki, hadisə nəticəsində Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir.

Saat - 15:51 - Ermənistan ordusu 24 mülki şəxsi qətlə yetirib, 111 nəfər yaralanıb

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı son məlumat açıqlanıb. Baş Prokurorluğun yaydığı məlumata görə, 27.09.2020-ci il tarixdən - hazıradək (04.10.2020-ci il saat 15:30) həlak olmuş şəxslərin sayı 24, yaralanmış şəxslərin sayı 111 nəfərdir. Bundan başqa ziyan dəymiş mülki obyektlərin sayı 49, ziyan dəymiş yaşayış evlərinin sayı isə 248-ə çatıb.

Saat - 16:13 - Yaşayış məntəqələrimiz yenidən ATƏŞƏ TUTDU

Ötən ilin bu günü yaşayış məntəqələrimiz yenidən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda düşmən tərəfindən Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəllər yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutulur, yaralanan var.

Saat - 16:40 - Prezident şad xəbər verdi - Cəbrayıl şəhəri işğaldan AZAD EDİLDİ

Ötən ilin bu günü Rəşadətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev tvitterdə yazıb.

Saat - 17:58 - Ermənilərin Gəncədə yaraladığı 33 nəfərin siyahısı - 6-sı uşaqdır

Ötən ilin bu günü Azərbaycan Respublikası Baş Prokurorluğu Gəncə şəhəri ərazisinə dağıdıcı xassəli mərmilərin düşməsi nəticəsində yaralı olan şəxslərə dair siyahını yayıb.

Yaralanan şəxslərin siyahısı:

1. 1988-ci il təvəlüdlü Əsədova Səkinə Həsən qızı

2. 1962-ci il təvəlüdlü Əliyeva Mətanət Fəxrəddin qızı

3. 2004-cü il təvəlüdlü Abdullayev Məleykə Tapdıq qızı

4. 1958-ci il təvəlüdlü Qasımova İradə Cəmil qızı

5. 1973-cü il təvəlüdlü Abdullayev Tapdıq Əmiraslan oğlu

6. 1993-cü il təvəlüdlü Yolçuyeva Aytən Yolçu qızı

7. 2011-ci il təvəlüdlü İbrahimov Fərid Faiq oğlu

8. 1984-cü il təvəlüdlü Əliyev Vüsalə Rza qızı

9. 1958-ci il təvəlüdlü Zərgərova Rahilə Meydan qızı

10. 2019-cu il təvəlüdlü Eyubova Zəhra Xəyyam qızı

11. 1955-ci il təvəlüdlü Əliyeva Rəna Qüdrət qızı

12. 1976-ci il təvəlüdlü İbrahimova Fatella Sabir qızı

13. 1943-cü il təvəlüdlü Qriqovna Mina Roman qızı

14. 2010-cu il təvəlüdlü Əliyev Turqay Azər oğlu

15. 1988-ci il təvəlüdlü Əliyev Aqil Azər oğlu

16. 1976-ci il təvəlüdlü Mamedova Bəyaz Mirzə qızı

17. 2013-cü il təvəlüdlü İbrahimova Banu Faiq qızı

18. 1995-ci il təvəlüdlü İbrahimova Əfsanə Ziyəddin qızı

19. 1995-ci il təvəlüdlü İbrahimov Royal Ramiz oğlu

20. 1968-ci il təvəlüdlü İbrahimov Ramiz Əli oğlu

21. 1944-cü il təvəlüdlü Qənbərova Sevil Ələkbər qızı

22. 1995-ci il təvəlüdlü İbrahimova Təranə Zülfüqar qızı

23. 1968-ci il təvəlüdlü Tağıyeva Kəmalə Vaqif qızı

24. 1943-cü il təvəllüdlü Qriqoryan Karina Roman qızı

25. 1961-ci il təvəlüdlü Ələkbərova Kubra Məcid qızı

26. 1981-ci il təvəlüdlü Ələsgərova Rübalə Cərgəz qızı

27. 2016-ci il təvəlüdlü Hacıyev Malik Aman oğlu

28. 1973-cü il təvəlüdlü Əhmədov Müşfiq Valeh oğlu

29. 1976-ci il təvəlüdlü Nağıyev İrza Əhəd oğlu

30. İbrahimli Emil Emin oğlu

31. İsmayılova Aynur Faiq qızı

32. 1981-ci il təvəllüdlü Rəşad İsmayılov

33. 1994-cü il təvəllüdlü Qasımova Pərvin Nüsrəddin qızı

Saat - 18:50 - Düşmən Ağcabədini atəşə tutdu, bir nəfər öldü

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. İşğalçı ölkənin silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 04.10.2020-ci il tarixdə saat 15 radələrində yeməkxanada olan zaman oraya top mərmilərinin düşməsi nəticəsində Taynaq kand sakini 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həlak olmuş, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Ağcabədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Saat - 19:05 - Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ

Ötən ilin bu günü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

Saat - 19:27 - Düşməndən xeyli sayda qənimət götürüldü

Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb. Bu bardə Müdafiə Nazirliyi Məlumat yayıb.

Saat - 19:54 - Türkiyədən İrəvana XƏBƏRDARLIQ

"Məsum dinc əhalini hədəfə alan erməni terrorçuları ilə əməkdaşlıq edən PKK-YPG terrorçuları bölgəni dərhal tərk etməlidirlər". Ötən ilin bu günü bu xəbərdarlığı Türkiyə Milli Müdafiə Nazirliyi edib. “Uşaq, qadın, yaşlı demədən Xocalıda qətliam törədən Ermənistan 30 il öncə necə idisə, bu gün də bölgədə sülh və sabitliyin yaradılmasına əngəl olur”, - açıqlama qeyd edilib.

Saat - 20:30 - Cəbrayılın 9 kəndi AZAD EDİLDİ

"Bu gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!" Bu barədə Prezident İlham Əliyev xalqa müraciəti zamanı məlumat verib.

Saat - 21:00 - "Azərbaycan əsgəri onları iti qovan kimi qovur"

“Hesab edirdilər ki, biz bununla barışacağıq. Ancaq biz göstərdik kim kimdir. Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarda Azərbaycan bayraqları qaldırılır. Onların səngərlərində Azərbaycan əsgəri dayanır, onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük, onların digər silahlı texnikası bizim əlimizdədir”. Bunu ötən ilin bu günü Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

Saat - 21:10 - "Onlar andiçmə yox, yas mərasimi keçirəcəklər"

“Özünə andiçmə mərasimi keçirmişdi. Baxım görüm andiçmə mərasimini harada keçirəcək?! Yas mərasimi keçirəcək! İndi qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa!” Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Qarabağdakı separatçıların lideri barədə danışarkən deyib.

Saat - 21:36 - "Paşinyan "Qarabağ Ermənistan deyil" deməlidir" - PREZİDENT

“Mənim şərtim birdir. Çıxsın bizim torpaqlardan. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”. Bunu Azərbaycanın Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib. “Desin ki, Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Və sonuncu şərt – qrafik versin. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli versin bizə. Onda biz, əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”, - Prezident vurğulayıb.

Saat - 22:00 - Ali Baş Komandan general-mayorları təbrik etdi

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın 4-də Birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib. Onlara tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar. Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürlərini bildirib, Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.

Saat - 22:20 - Prezident xalqa müraciət etdi

2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Dövlətimizin başçısının müraciəti ətraflı BURADA

Saat - 21:40 - Düşmən Mingəçevir və Tərtəri ATƏŞƏ TUTDU

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib, yaralananlar olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Saat - 23:13 - Ermənilər Xızıya RAKET ATDI

Ötən ilin bu günü Ermənistan Silahlı Qüvvələri Xızı rayonu ərazisinə raket zərbələri endirib. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib. O, qeyd edib ki, Xızı və Abşeron bölgəsinə iki 300 km məsafəli orta

Saat - 23:31 - Mingəçevirdə mülki şəxslər yaralandı

"Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə Ermənistan tərəfindən 4 ədəd TOCHKA-U qısa mənzilli balistik raket atılıb". Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində məlumat verib. O bildirib ki, infrastruktura ciddi ziyan dəyməyib. Ancaq mülki şəxslər yaralanıb: "Ermənistanın dövlət terroru və ətraf terroru davam edir".

Saat - 23:49 - Ermənilərin raketlə vurduğu Mingəçevirdən SON GÖRÜNTÜLƏR

Ötən ilin bu günü axşam saatlarında Ermənistan Silahlı Qüvvələri Mingəçevir şəhərinə raket hücumu təşkil edib. Ətraflı videomaterialda:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm