Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək istəyir - Şərh
Bizi izləyin

Qarabağ

Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək istəyir - Şərh

“Ötən gün Azərbaycan ərazisində yerləşən erməni terrorçular çox məkrli təxribata əl atdılar. Onlar 10 noyabr sazişinə uyğun olaraq torpaqlarımızdan çıxarılmalı idi, ancaq bu missiyanı sülhməramlılar hələ də yerinə yetirməyib və orada olan terrorçular torpaqlarımızda təxribat törədir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, terrorçu dəstələrin bu cür təxribatları bölgədə gərginliyin artmasına xidmət edir: “Azərbaycanla Ermənistan arasında sülh prosesi müəyyən qədər intensivləşmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı bəzi mesajlar verirdi. O, Moskvada Putinlə görüşdükdən sonra mətbuatda belə xəbərlər yer almışdı ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin sürətlənməsi üçün gizli danışıqlar gedib. Bu danışıqların təfərrüatı haqqında mətbuata məlumat verilməyib. Bu prosesə əngəl törədən müəyyən güclər özünü göstərməyə başladı. Bunların arasında Qarabağda olan revanşist, terrorçu qüvvələr də var. Həmin terrorçu dəstələr Kəlbəcərə doğru gedən maşına atəş açdılar. Ötən gün isə separatçı qüvvələrin ordumuza atəşi nəticəsində 1 əsgərimiz şəhid oldu. Onların bu cür hərəkətləri bölgədə olan sabitliyi pozmaq üçün atılmış addımdır”.

Q.Hüseynli vurğulayıb ki, Rusiya sülhməramlıları vəzifəsini yerinə yetirə bilmir: “Ermənistan hakimiyyəti danışıqlara can atdığını nümayiş etdirsə də, Qarabağ klanı hər vasitə ilə buna mane olmaq istəyir. Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin arasında 15 minə qədər terrorçu dəstələr var. Yəni burada vəziyyət kifayət qədər qarışıqdır. Həmin terrorçu dəstələr yeni yaranmış reallığı qəbul etmir və bölgədə sülhün yaranmasının qarşısını almaq istəyir. Rusiya sülhməramlıları isə hələ də orada yerləşən terrorçu dəstələri tərk-silah etməyib. Onlar 10 noyabr sazişinə əsasən, Azərbaycan torpaqlarında yerləşən separatçı rejimi həmin ərazilərdən çıxarmalıdır, ancaq bunu etməyib. Guya Minsk qrupu sülh sazişi ilə bağlı ciddi işlər aparır. Azərbaycan tərəfi ötən gün törədilmiş təxribatlarla bağlı öz xəbərdarlığını edib. Separatçı rejim bu cür addımlar atmağa davam edərsə, anti-terror əməliyyatı keçirilə bilər. Sülh yaranması prosesinin diplomatik müstəvidə həll yolları tükənməyib. Azərbaycan Respublikası bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır. Ermənistandan bəzi qüvvələr və Qarabağda yerləşən revanşist dəstələr bölgədə sabitliyi pozmağa çalışır və belə olduğu halda isə anti-terror əməliyyatları gündəmə gəlir”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm