8 saat yaralı halda mühasirədə qaldıq və... - Qazimizin xatirələri
Bizi izləyin

Qarabağ

8 saat yaralı halda mühasirədə qaldıq və... - Qazimizin xatirələri

O, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Döyüş yoluna Ağcabədidən başlayıb. Füzulidə, Cəbrayılda döyüşüb. Cəbrayılda yaralanıb. Qələbəni isə xəstəxanadan çıxıb hərbi hissəyə yola düşəndə eşidib.

44 günlük Vətən müharibəsinin qazisi Nahid Abdullayev Publika.az-a müsahibəsində bir il əvvəlki döyüş xatirələrini yenidən vərəqləyib.

Qazimizlə söhbətimizi təqdim edirik:

- Nahid bəy, döyüş yolunuz haradan başladı?

- Biz 44 günlük Vətən müharibəsinə Qusardakı N saylı hərbi hissənin tərkibindən başlamışdıq. Bizim döyüş yolumuz arxa cəbhədən başladı. İlk olaraq Ağcabədinin Hindarx deyilən yerinə yollandıq. Orada bir müddət gözləməli olduq. Daha dəqiq desək, hansı istiqamətə gedəcəyimizlə bağlı əmr gözləyirdik. Sonra əmr gəldi və bizim Füzuli istiqamətində hərəkətimiz başladı.

- Ölümlə üz-üzə gəldiyiniz məqamlar oldumu?

- Ölümlə üz-üzə qaldığımız ilk hadisəmiz, xatirəmiz də elə Füzuli istiqamətində oldu. Mən özüm artilleriya nəfəri idim. Minaatan taborda minaatan silahlarla döyüşmüşük. Düşmən minaatanları üstümüzə yağış kimi yağırdı. Həqiqətən çox ağır döyüşlər idi. Hər an ölümlə üz-üzə idik. Hər gün şəhidlər verirdik. Xeyli sayda yaralılarımız olurdu. Həmin istiqamətdə vəziyyət çox çətin idi. Bütün bunlara baxmayaraq, düşmənin müqavimətini qırdıq.

- Düşmənin 30 il ərzində qurduğu istehkamlar sizə hansı maneələri yaratdı?

- Ona görə Füzuli istiqamətində ağır döyüşlər getdi ki, ilk yarma, giriş həmin istiqamətdən oldu. Düşmənin "Ohanyan səddi"nin bir hissəsi də burada idi. Düşmən 30 il idi ki, həmin torpaqlarda möhkəmlənmişdi. Ona görə də ərazini, onun koordinatlarını çox yaxşı mənimsəmişdilər. Ovuc içi kimi bilirdilər. Biz isə onların mövqelərini onlar qədər dəqiq bilmirdik. Söhbət döyüşün ilk günlərindən, ilk saatlarından gedir. Eyni zamanda düşmənin mühəndis istehkamları çox güclü idi. Yerin relyefinin özü də təbii istehkam idi. Ona görə də ilk yarmada, həmlədə itkilərimiz çox oldu. Məhz buna görə də ən ağır döyüşlərdən biri Füzulidə oldu.

- Bəs müharibənin bitməsi xəbərini harada eşitdiniz?

- Müharibənin bitməsi xəbərini eşidəndə artıq mən yaralanmışdım. Daha dəqiq desəm, yaralanandan sonra xəstəxanaya yerləşdirilmişdim. Sonra xəstəxanadan çıxıb arxadakı hərbi hissəyə gəldik. Həmin hərbi hissə Füzulidə idi. Yaralıları orada saxlayırdılar. Elə Ermənistanın kapitulyasiyasını, müharibənin bitməsi xəbərini də orada eşitdim. Orada yoldaşlarım söylədilər ki, Şuşanı artıq almışıq və bununla da müharibə bitib.

- Mühasirəyə düşdüyünüz anlar oldumu? Oldusa, mühasirəni necə yara bildiniz?

- Bəli, döyüşlərin birində düşmən bizi mühasirəyə saldı. Bu hadisə Cəbrayıl istiqamətində baş vermişdi. Çox ağır durum yaranmışdı. Bizə kömək və təxliyə qrupları yardıma gələ bilmirdi. Biz tərəfdən hərəkət olan kimi əlverişli mövqelərdə yerləşmiş düşmən zirehli maşınlarımızı, tanklarımızı da vururdu. Atəş altında idik. Mən də həmin döyüşdə yaralandım. Oktyabrın ilk günləri idi. 8 saat döyüş meydanında, yaralı halda qaldım. Çünki mühasirədə idik və yaralıları çıxarmaq mümkün deyildi. Elə mühasirədən də özümüz çıxdıq. Bir dəfə neytral əraziyə düşdük. Yaralı halda 8 saat orada qalandan sonra Allaha şükürlər olsun ki, mühasirəni yardıq və oradan çıxa bildik. Hətta mənimlə eyni anda üç-dörd nəfər yaralı da var idi. Yəni tək yaralı mən deyildim. Güllələr, mərmilər başımızın üstündən yağış kimi yağırdı. Həmin gün başqa istiqamətdə bizim 82 mm minaatan batareyasının komandiri kapitan Nəcəfov şəhid oldu.

- Azərbaycan əsgəri ilə erməni əsgərinin döyüş ruhu arasında nə kimi fərqlər var idi?

- Biz 30 il idi ki, müharibə görməmişdik. 30 ildən sonra güllə, top səsləri eşitdik. Biz müharibənin, güllə səslərinin ab-havasına düşdük və həmin gərginlikdən anındaca çıxmağı bacardıq. Hamımız bütün döyüşlərə gülə-gülə getdik. Bilirdik ki, onsuz da buradan geri dönüş yoxdur. Ya şəhid, ya da yaralanıb qazi olacaqdıq. Bütün döyüşlərə də elə bu amallarla qatılmışdıq. Biz düşmənin üzərinə şığıyırdıq, düşmən isə öz postlarını qoyub qaçırdı. Doğrudur, onların da bizə müqavimət göstərən bəzi bölmələri var idi. Bayaq da dedim, onlar Füzuli istiqamətində bizə çox böyük müqavimət göstərə bilmişdilər. Bunun da səbəbi var idi. Onların istehkamları çox güclü idi. Səngərləri də texniki baxımdan 30 il ərzində gücləndirmişdilər. Amma bütün bunlara baxmayaraq, düşmən Azərbaycan əsgərinin gücünü gördü. Azərbaycan Ordusunun dəmir yumruğunun nəyə qadir olduğunu hiss etdilər. Həqiqətən də əsgərlərimiz, zabitlərimiz böyük ruh yüksəkliyi ilə döyüşlərə atıldılar. Düşmənin dərsini layiqincə verdilər. Bunun nəticəsində biz 30 il ərzində düşmən tapdağında olan torpaqlarımızı azad etdik. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzulayıram. Uca Yaradan əsgərlərimizi qorusun.

- Ən yaddaqalan döyüş xatirələrinizi soruşmaq istərdik...

- Əslində bu barədə uzun danışa bilərəm. O qədər çox nüanslar var ki... Şəhidlərimiz, yaralılarımız... Ermənilərin snayper atəşlərindən keçərək neçə-neçə yaralı yoldaşımızı döyüş meydanından çıxardıq. Yaralıları çıxararkən yanımıza minaatan mərmiləri düşürdü. Buna baxmayaraq, onları çıxarmağa davam edirdik. Füzuli və Cəbrayıl istiqamətində döyüş yolu keçdim. Cəbrayıl istiqamətində mühasirəyə düşəndə bir də baxdım ki, düşmən sol tərəfdəki təpələrdə mövqelənib. Aramızdakı məsafə isə cəmi 100-150 metr idi. Tam açıq hədəfdə idik. Bizi gülləbaran elədilər. Yanımdan neçə dənə güllə keçdi. Biri təsadüfən ayağımdan, dizdən yuxarı hissədən tutdu. Allah şəhid olmağa imkan vermədi, sağ qaldım. Bəlkə də bəxtim gətirdi. Müharibədən sonra ölkə başçısının sərəncamları ilə Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olundum.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm