Ölümə gedən musiqili yol - Qulaqlıqla gələn əcəl
Bizi izləyin

Qırmızı.az

Ölümə gedən musiqili yol - Qulaqlıqla gələn əcəl

Bu dəb nə köhnədir, nə yeni. İstifadə forması yenilənir, əşyanın əsas funksiyası köhnəlir. Qulaqlıq (nauşnik) dəbindən danışıram. Metroda, avtobusda, yolda, küçədə, ya da sinif otağının arxa partasında oturanlarda gördüyümüz oxşar mənzərələrdən biri qulaqlıqdan istifadə olunmasıdır. Qulaqlıq bəziləri üçün ümumi məkanlarda olan səs-küyə qarşı ən yaxşı qorunma üsulu, bəzilərinə görə darıxmaqdan yaxa qurtarmaq, bəzilərinə görə isə hər şey. Elə biz də qulaqlıq və bu kimi əşyaları aludəçiliyə çevirənləri araşdıracağıq.

Qulaqlığın əsas funksiyası ətrafa mane olmadan telefonla danışmaq və ya musiqi dinləməkdir. Bəs hər kəs buna əməl edirmi? Ümumiyyətlə, qulaqlıqdan hansı məqamda və gün ərzində nə qədər istifadə etmək lazımdır?

Otolorinqoloq Tünzalə Əhmədova Publika.az-a deyir ki, qulaqlıq vasitəsi ilə yüksəksəsli musiqi dinləmək iç qulaqdakı qulaq sinirlərinə təsir edir və nəticədə, müxtəlif fəsadlar yaradır.
“Qulaqlıqların qulaqda müxtəlif otit (xarici qulağın iltihabı), furunkul, göbələk kimi xəstəliklər yaratma ehtimalı var. Bu xəstəliklərin, o cümlədən karlaşmanın qarşısını almaq üçün ondan bacardıqca az istifadə olunmalıdır”.

Gözümüzün, qulağımızın acıq tutulmasının tələb olunduğu bir zamanda qulaqlarını ətraf aləmə bağlayanlar, görəsən, musiqi sədaları altında dünya-aləmdən xəbərsiz, əksər hallarda öz ölümləri ilə nəticələnən qəzalara səbəb olan, bilə-bilə sağalamlıqlarına zərər vuran gənclər nə düşünür?

Qulaqlıq aludəçisi Aynur Qurbanova: “Sırf ətrafımdakıları eşitməyim deyə qulaqlıqdan istifadə edirəm, musiqini yüksək səslə dinləyirəm. İstifadə etdiyim illər ərzində qulağımın karlaşdığını hiss edirəm” – deyir.

Gələcəyinə laqeyd yanaşan Samir Məmmədov isə sağlamlığını təhlükə altına atdığından xəbərdardır:

“Bilirəm ki, çox istifadə etməyim sağlamlığıma ziyandır. Deyirlər, gələcəkdə qulaqlarım eşitməyə bilər, amma indi mənə belə rahatdır. Gələcəkdə nə olacağı hələ mənə maraqlı deyil”.

İstifadəçilərin bu haqda fikirləri müxtəlif olsa da, ifrat dərəcədə qulaqlıqdan istifadənin ziyanı demək olar, hər kəs üçün eynidir. Biz də məhz bu məsələni insanımıza çatdırmağı borc bilirik.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, insanlar, xüsusən, gənclər və yeniyetmələr hər şeyin ziyanlı tərəflərini ölçməyi bacarmalıdır. O bildirir ki, gənclərin canlı ünsiyyətdən qaçaraq qurduqları xəyal dünyasında, virtual aləmdə yaşaması onların şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir:

“Onlar qulaqlıq və bu kimi vasitələrdən uzun zaman istifadənin sağlamlıqlarına ziyan vurduğunu bilirlər. Avtobusa minərkən mahnıya qulaq asır, mənzil başına necə çatdıqlarından xəbərləri belə olmur. Bax bu cür rahatlığa öyrəşdiklərindən ondan qopmağa çalışsalar da, bacarmırlar. Mən sənə komfort verəcəm, ancaq səhhətində, psixologiyanda problem yaradacam” - deyən psixoloq Elnur Rüstəmov bunu kapitalizmin yaşatmış olduğu fəsad kimi dəyərləndirib.

Mövzuya münasibət bildirən sosioloq Mehriban Nəsibova fikirlərini konkret faktla əsaslandırdı:

“Bir müddət öncə rayonların birində, bir gənc oğlan dəmir yolunu qulaqlıqla keçmək istədiyi zaman qatar ayaqlarının üstündən keçmişdi. Sonra gəncin ayaqlarının ikisi də amputasiya olunmuşdu”.

Qulaqlığın normadan çox, yaxud lazımsız istifadəsindən yaranan fəsadlarının gənclərə izah edilməsini vacib sayan sosioloq problemin həllini düzgün maarifləndirmədə görür.

O qeyd edir ki, belə halların aradan qaldırılması üçün mütəmadi treninqlər, təlimlər keçirilməlidir . Beynəlxalq təcrübədə telefondan istifadə edərək yolu keçən piyadalara qarşı cərimələrin tətəbiqi də mövcuddur. Məsələn qonşu Rusiyada telefonla danışa-danışa yolu keçən piyadalara 500 rubldan 800 rubla qədər cərimə tətbiq edilməsi təklif olunur.

Elə bizdə də bu təklifi dəstəkləyənlər az deyil. Avtomobil yolunu əllərində telefon, qulağında qulaqlıqla keçən piyadalara cərimələrin tətbiq olunması məsələsinə münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bunu olduqca vacib sayıb:

“Bəli, tədbir görülməlidir, lakin hələ belə xətalara yol verən piyadalara müvafiq qaydada məsuliyyət tətbiq edilməyib. Bu gün “Yol hərəkəti haqqında” qanunun icrasına nəzarətin gücləndirildiyi bir dövrdə çox güman ki, piyadalar haqqında belə bir qayda tətbiq edilə bilər”.

Texnologiyalar insan həyatını asanlaşdırmaq, əlaqələri və işləri tezləşdirmək məqsədilə yaradılır. Qulaqlıq və bu kimi əşyalardan yersiz istifadə etməklə insanlar sosial aləmdən təcrid olunur, cəmiyyətə qarşı laqeydlik və duyarsızlıq kimi mənfi xüsusiyyətlər sərgiləyirlər. İnsan zəkasının məhsulu olan texnologiya vasitələri, o cümlədən qulaqlıqdan şüurlu şəkildə istifadə olunmalıdır.

Bəlkə qulağımıza tıxanan bu əşyalar olmasaydı, sözümüz də dilimizə tıxanmazdı. Axı biz çox zaman qulaqlıqsız da qulaqlarımızı bağlamağı bacarırıq.

Rübabə Mirismayılqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm