
Son günlər "BakıKart”dan istifadə edənlər yüklədikləri pulların birdən silindiyindən şikayət edirlər.
BAKU.WS-ə edilən şikayətçilər bildirirlər ki, dəfələrlə karta
pul yükləyiblər və həmin məbləğdən lazım qədər istifadə etməmiş
pullar silinib. Paytaxt sakini Cavid Babayev bildirib ki, bir neçə
dəfə "BakıKart”a 1 manat yükləyib. Lakin 3 dəfə gedəndən sonra
həmin kartda pul qalmayıb.
"Belə hallar bir neçə dəfə təkrarlanıb. Kart 2-3 manatımı belə
"yeyib”. Hər dəfə qəpik-qəpik itirmişəm”, - deyə Cavid Babayev
bildirib.
Bəzi sərnişinlər isə əksinə karta gediş yüklənərkən artıq məbləğ
vurulduğunu bildirilər. Bəzən 1 manat yükləyərkən karta 1-2 manat
əlavə yüklənib.
"BakıKart”dan bildiriblər ki, həqiqətən də sistemdə problem
yaşanır. Bəzən artıq pul yüklənir, bəzən isə məbləğdən əsassız yerə
çıxılır.
"Belə olanda mütləq bizim müştəri xidmətlərinə müraciət etsinlər.
Metronun "28 may” stansiyasının girişində müştəri xidmətinə gedib
kartı təqdim etsinlər və itən pullarını yenidən geri qaytarsınlar”,
- deyə şirkətdən bildirdilər.