Bakıda “ölüm qutuları”: Diqqətli olun, öldürər! - FOTOFAKT
Bizi izləyin

Qırmızı.az

Bakıda “ölüm qutuları”: Diqqətli olun, öldürər! - FOTOFAKT

Bir neçə gün öncə Bakının Nəsimi rayonunda transformatordakı yüksək gərginlikli cərəyanın iki gənci vurması ölkə mətbuatında geniş müzakirə olundu. Gənclərin transformator məntəqəsinə girməsinə səbəb kimi bir neçə versiya səsləndi. Zərərçəkmişlərin yaxınları transformator qutusuna oğlanın intihar, qızınsa onu xilas etmək üçün girdiyini iddia etdilər. Hadisənin hansı səbəbdən və hansı vəziyyətdə baş verməsi başqa bir yazının mövzusudur.

Qayıdaq əvvələ, yəni gənclərin içərisində 6 min volt gərginlik olan transformatora necə girmələrinə. Doğrudur, “Azərişıq” ASC rəsmi açıqlama yayaraq elektrik cərəyanı vuran gənclərin öz günahlarının ucbatından xəsarət almalarını, qıfılı qıraraq içəri girdiklərini bildirmişdi. Hadisənin necə baş verdiyini ən yaxşı həmin gənclər bilirlər. Amma bu da faktdır ki, qapısı açıq transformator məntəqələrinə hər yerdə rast gəlinir. Problemin digər tərəfi isə qapısı açıq şitlərlə bağlıdır. Demək olar ki, bütün köhnə binaların dəhlizlərində içərisində bütün binanı elektriklə təmin edən yüksək gərginlikli elektrik xətlərinin keçdiyi açıq qapılı və ya qapısı ümumiyyətlə olmayan şitlərə rast gəlinir. Belə çıxır ki, dəhlizə hər giriş-çıxışda ölümün bir addımlığında oluruq. Üzəri açıq məftillərin bir-birinə toxunaraq qısaqapanma yaratma ehtimalı bir yana, hər gün həmin dəhlizlərdən keçən uşaqların həmin məftillərə ehtiyatsızlıqdan, yaxud da bilərəkdən toxunması ehtimalı var.

Baş vermiş son hadisə məlum problemə yenidən diqqət ayırmaq və kiçik bir araşdırma aparmaq üçün yetərli əsas oldu.

Araşdırmaya redaksiyamıza daxil olan bir şikayətdən başladıq. Şikayət məktubunda Elmar Rəsulov bildirir ki, Nizami rayonu Bəhruz Nuriyev küçəsi 24 və 42 saylı binaların transformator qutusu sakinlər üçün əməlli-başlı təhlükə mənbəyidir. Onun sözlərinə görə, vəziyyət o qədər qorxulu hal alıb ki, sakinlər uşaqlarının binanın həyətində oynamasından narahatdırlar. Çünki blokların birinci mərtəbəsində yerləşən bu qutuların qapıları açıqdır və ora nəzarət edəcək adam da yoxdur. Daha təhlükəlisi isə şəkildən də göründüyü kimi, transformatordan çıxan yüksək gərginlikli xəttin üstünün tam açıq olmasıdır. Şikayətçi Publika.az-a deyib ki, 12 ildir həmin binada yaşayır, heç vaxt transformator qutusunun qapısı bağlı olmayıb.

Həmçinin binaların bloklarında ayrı-ayrı mərtəbələrdə qoyulmuş sayğac və işıqlandırma qutuları da təhlükə mənbəyinə çevrilib. Binaların bloklarında qoyulmuş bu qutuların qapıları açıq olduğundan, elektrik xətləri səliqəsiz şəkildə yerləşdiyindən təhlükəli vəziyyət yaranıb. Apardığımız müşahidələr zamanı çəkdiyimiz şəkillərdən də bu, açıq-aydın görünür. Şitlərin uşaqların əlinin çatdığı hündürlükdə yerləşdirildiyini nəzərə alsaq, təhlükənin nə qədər real və ciddi olduğunu görmək mümkündür.

Açıq qutudakı və şitdəki elektrik naqillərinə adi toxunuş belə onların həyatları bahasına başa gələ bilər.

Energetika sahəsində ekspertlər hesab edirlər ki, əgər insanın sinəsindən 7.5 vat gücündə elektrik cərəyanı keçsə, bu, ölümə səbəb ola bilər. Lakin bu elektrik cərəyanı insanı öldürməsə də, ona ciddi xəsarət yetirər, zədə, yanma, daxili qanaxma da əmələ gətirər. Nəzərə alsaq ki, transformatorlarda on minlərlə volt gərginlik keçir, bu, təhlükənin miqyasını dəfələrlə artırır.

Mütəxəssislərin sözlərinə görə, elektrik enerji xətləri, transformator, yarımstansiyalar və digər elektrik cihazları ilə davranma qaydalarını uşaqlara öyrətmək və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi transformator və şitlərin üzərində "Ehtiyatlı olun: yüksək gərginlik var" sözləri yazılmalıdır.

Statistikaya görə, Bakı şəhərində 3780 transformator məntəqəsi var. Bunların hamısının bağlı və təhlükəsiz olduğunu demək bir qədər çətindir. Bəs qapısı açıq qutular və transformator nə qədər təhlükəlidir? Bu təhlükəyə görə kim məsuliyyət daşıyır?

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə transformator məntəqələrinin və şitlərin qapılarının açıq olması ilə razılaşmır. ASC rəsmisinin Publika.az-a bildirdiyinə görə, ölkədə bütün transformator məntəqələrinin qapıları həmişə bağlı olur. Hətta rayonlarda əksər transformator məntəqələrinin ətrafı hasara alınır və üzərinə xəbərdarlıq lövhələri quraşdırılır: “Elə bilin ki, siz evinizin qapısını bağlayıb getmisiniz, gəlib görürsünüz ki, evinizin qapısı açıqdır. Siz buna nə edə bilərsiniz? Son illər transformatorlarda ölüm halları baş vermir. Baş verən hadisələrdə də insan faktoru rol oynayır, bəzən insanlar özləri dəmir salıb qapını açırlar. Artıq bütün transformatorların hamısı izolyasiya olunub. Hətta bəzi yüksək gərginlikli elektrik yarımstansiyaları mühafizə olunur”.

Bəzən binaların dəhlizlərində elektrik şitlərinin qapılarının açıq olmasına rast gəlindiyini deyən ASC rəsmisinin sözlərinə görə, “Azərişıq”ın yeni quraşdırdığı qutuları açmaq mümkün deyil, problem əsasən köhnə və təmir olunmamış şitlərdə baş verir. Bəzən kənar şəxslər müdaxilə edərək qutuları açır və insanları təhlükə ilə üz-üzə qoyurlar. T. Mustafayev belə hallar olarsa, 199 saylı qəza xidmətinə və ya “qaynar xətt”ə zəng edib xəbər verməyi məsləhət gördü.

Şitlərin açıq qalmasında insan faktorunu danmaq olmaz. Amma qapını kimin açmasından asılı olmayaraq, yuxarıda qeyd etdiyim faciəli nəticələrin olmaması üçün bu qapılara ciddi nəzarət olunmalıdır. Hər halda, bu sahəyə cavabdeh olan heç bir şəxs öz uşağını belə binaya girməyə qoymaz. İmkanı çatsa, elə həmin transformatorun həndəvərində dolanmağa da.

Gülnar Əliyeva

Publika.az paytaxtın müxtəlif ərazilərində çəkilmiş qapısı açıq olan yüksək gərginlikli elektrik xətlərinin keçdiyi şit və transformatorların fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm