Aynur Camalqızı: “Azərbaycanda vəzifədə olan qadınların sayı durmadan artır” - FOTOLAR - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Aynur Camalqızı: “Azərbaycanda vəzifədə olan qadınların sayı durmadan artır” - FOTOLAR - YENİLƏNİB

“Azərbaycanda vəzifədə olan və ictimai işlərdə iştirak edən qadınların sayı durmadan artır. Ölkənin 85 rayonu üzrə icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bu yaxınlarda İradə Gülməmmədova Abşeron İcra Hakimiyyətinin başçısı təyin edildi. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən artaraq 35 faizə qalxıb”.

Publika.az xəbər verir ki, bunu Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı Mərkəzin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində keçirilən tədbirdə bildirib.

Bu günlərdə yekunlaşan Milli Məclisə 5-ci çağırış seçkilərindən danışan Aynur Camalqızı qeyd edib ki, bu sahədə də irəliləyiş olub və 125 millət vəkilindən 21-i qadındır:

“Ötən Parlament seçkilərində qadınların sayı 20 olmuşdu. Ümumiyyətlə, qadın namizədlər bu seçkidə xüsusi fəallıq göstərirlər. Qadınlar faiz etibarilə çoxluq təşkil etməsələr də, seçkiqabağı təbliğat işlərini çox aktiv qurdular, bu aktivlik sayəsində də qadınların seçkidə fəal iştirakı diqqətdən kənar qala bilməzdi”, - deyə A. Camalqızı bildirib.

A.Camalqızının fikrincə, qadın öz mətbəxindən bayıra çıxmaq istəmirsə, o qadın güclü ola bilməz: "Qadınlar əslində kişilərlə bərabər, çiyin-çiyinə çalışmalıdırlar. Əgər qadınların bu baxımdan problemləri varsa, bu ilk növbədə onların təhsilsizliyindən irəli gəlir".

Prezident Administrasiyasının nümayəndəsi Vüqar Səlimov çıxış edərək bildirib ki, cəmiyyətin bütün sahələrində qadınların rolunun artırılması, cəmiyyətin mədəni-mənəvi həyatında mövqeyinin möhkəmləndirilməsi vacibdir. O, ABŞ-dan da əvvəl Şərqdə ilk dəfə Azərbaycanda qadına seçmək-seçilmək hüququ verilməsinə diqqəti çəkərək bunun heç də təsadüfi olmadığını bildirib. V. Səlimov qeyd edib ki, prezidentin sərəncamı ilə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yaradılıb. Bu, qadınların təşkilatlanması, ictimai həyatda sistemli şəkildə iştirakı üçün vacib hadisə idi. O qeyd edib ki, qadınların hüquqlarının təmin olunması məqsədilə Azərbaycan bir sıra mühüm konvensiyalara qoşulub. “Ötən illərlə müqayisədə son illər vəzifədə və ictimai işlərdə işləyən qadınların xüsusi çəkisi artıb. Bələdiyyə seçkilərində də eyni nəticəni görmək olar. Qadınların təkcə dövlət qulluğunda və ya seçkili vəzifələrdə iştirakı artmayıb. Azərbaycanda qadınlar elmin inkişafında da mühüm rola malikdir. Belə ki, Azərbaycanda bütün elmi işçilərin 53,6 faizini qadınlar təşkil edir”.

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxış edərək bildirib ki, ölkəmizdə gender məsələsi yüksək səviyyəyə çatıb. “2000-ci ildə qadın namizədlərə dəstək seçki bloku yaradılmışdı. O zaman 1000-dən çox qadın namizəd qeydə alınmışdı. Bizdən qadın parlamentarilərin sayının niyə az olmasını soruşurlar. Mən həmişə buna cavab olaraq bildirirəm ki, əgər namziədlərin arasında 30% qadın yoxdursa, nəyə görə seçilənlərin 30%-i qadın olmalıdır? Azərbaycan qadını üçün ən gözəl xüsusiyyət ana olmaq, gözəl övladlar yetişdirməkdir. Bizdə qadın hər iki vəzifəni, yəni həm ana olmaq, həm də karyera qurmaq vəzifəsini layiqincə yerinə yetirirsə, ona həmişə yol açmalı, dəstək olmalıyıq”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda qanunvericilikdə və real həyatda gender bərabərliyi qorunur. O qeyd edib ki, Azərbaycan qadını həmişə ruhən azad olub. Bu, bizim genetik kodlarımızdan gələn üstünlüyümüzdür: “İnkvizisiya dövründə qadınları odda yandırıblar. Bizim tariximizdə belə hal olmayıb. Götürək elə Tomrisi, digər qəhrəmanları. Əgər hazırda Azərbaycan qadını icra strukturlarında, məhkəmə sistemində, jurnalistika və digər sahələrdə fəal iştirak edirsə, bu, qadınların dövlət siyasətində əhəmiyyətindən irəli gəlir. Meydan hərəkatında da qadınlarımız kişilərlə bərabər iştirak edirdilər. 20 Yanvar faciəsində əliyalın bizimlə bərabər mübarizə aparıblar, müharibədə, döyüşlərdə kişilərlə bərabər iştirak edirlər. Amma qadının ən böyük üstünlüyü ana olmasıdır. Qadınların indi ən böyük problemi erkən nikah problemidir”.

Hüquq müdafiəçisi Çingiz Qənizadə isə bildirib ki, qadınlara ilk dəfə status verən, seçib-seçilmək hüququnu tanıyan dövlətik və bu ənənəni də yaşatmalıyıq: “Qadınların siyasi aktivliyi şəhərdə daha çoxdur. Amma təəssüf ki, kənd yerlərində bu aktivliyi müşahidə edə bilmirik. Bu daha çox mövhumatçılıqla bağlıdır. Gələcəkdə bu baxımdan maariflənməyə ehtiyac var. Məişət zorakılığı da qadınların irəli getməsinə imkan vermir. Qadınlar bilməlidirlər ki, belə hallar olduqda hara müraciət etsinlər. Qanunvericilikdə bəzi boşluqlar var. Vətəndaş nikahı hər kəsin öz işidir. Amma bu münasibətlərdən dünyaya gələn uşaqların hüquqları tam təmin olunmur. Vətəndaş nikahı ilə bağlı qanunvericilikdə dəyişiklik olmalıdır”.

Politoloq Elman Nəsirli belə tədbirlərin keçirilməsinin əhəmiyyətinə diqqət çəkərək bildirib ki, qadın və kişilərin gender bərabərliyi məsələsinin gündəmə gətirilməsi vacibdir:

“Bu gün bəzi ölkələrdə, o cümlədən Almaniya, Norveçdə gender məktəbləri var. Orada uşaqlara cinsi ayrı-seçkilik qoymaq tamamilə yasaqdır. Bu qeyri-ənənəvi yanaşmadır. Həmin məktəblərdə uşaqlara paltar seçimində azadlıq verilir. Həmin məktəblərə tərbiyəçilər bildirirlər ki, uşaq dünyaya vətəndaş kimi gəlir, sonradan cinsi formalaşır. Bu şəxsiyyətin itirilməsinə gətirib çıxarır. Bu baxımdan belə tədbirlərin keçirilməsi, gender məsələlərinin gündəmə gətirilməsi vacibdir. Hər kəs bilməlidir ki, qadın və kişi bərabər olmur, onların hüquqları bərabər olur”

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov bildirib ki, Azərbaycanda qadınlara ağır işləri tapşırmırlar, qadınları sevirlər. O, qeyd edib ki, biz qadınları cəmiyyət üçün mübariz insanlar kimi yetişdirməliyik. Avropada heç vaxt qadına “ikinci ol” demək olmaz. Qadınlar kişilərin rolunu özləri azaltmalıdırlar.

“Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Milli Məclisdə qadınlarla kişilərlə bərabər kvota verilməsinin əleyhinə olduğunu bildirib: “Bizə dövlət mənafeyini qoruya biləcək qadınlar lazımdır. Siyasətdə olan qadın daha yaxşı övlad yetişdirir. Ana müdrik olanda, təkmil olanda tərbiyə etdiyi övladlar da layiqli vətəndaş olur. Qadınlar bərabərliyi öz aralarında göstərməlidirlər”.

Müğənni Gülyanaq Məmmədova da tədbirdə çıxış edərək müəllim kimi həmişə sağlam tələbələr yetişdirməyə çalışdığını deyir: “Hansı ölkələrdə oluruqsa, ölkəmizin musiqi mədəniyyətini çatdırmaq üçün çalışırıq. Qadın anadırsa, gözəl övladlar tərbiyə edirsə, inanıram ki, o qadın ən güclü qadındır. Əslində qadın istər ailədə, istər vəzifəsində öz sözünü deməyi bacarmalıdır”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət müasir dövrdə qadınların problemlərinə diqqət çəkərək bildirib ki, mütləq qadınlar çox olmalıdır, qadınlar bu vəzifələri icra etməlidir demək düzgün deyil. Qadınlara ailənin içində azadlıq verilməlidir, istədiyi təşkilatda işləyə bilməsinə imkan verilməlidir: “Əgər kişi qadına güvənirsə, özünə güvənirsə, ona ailədə problemlər yaratmamalıdır, qadını məhdudlaşdırmamalıdır. Avropada ailə institutu yoxdur, qadın, kişi qocalır, itlə, pişiklə yaşayır. Azərbaycanda ailə institutu var, biz bunu qorumaq üçün əlimizdən gələni etməliyik. Sosial şəbəkələrdə gənc xanımlar yazırlar ki, ərim üstümə qışqırdı, boşanacağam. Bu 20 il sonranın faciələrinin başlanğıcıdır.Türk qadını əri ilə birlikdə at belində olub, döyüşə gedib, onun belə problemləri olmayıb. Cəmiyyətimizi milli kökündən ayırmaq üçün çox cəhdlər edirlər. Məsələn, Amerikanın şükran bayramından bizə nə dəxli var? Bizim ailə quruluşunu qorumaq üçün qadının gücündən istifadə etməliyik. Milli köklərdən uzaq düşməməliyik. Biz qadınlarımızı parlamentdə millət vəkili kimi, nazir kimi də görmək istəyirik. Amma qadınların ailədki rolu möhkəmləndirilməlidir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı qeyd edib ki, Azərbaycanda demək olar ki, bütün bələdiyyələrdə qadınların çalışması çox yaxşı haldır:

“Azərbaycanda 1700 bələdiyyənin hər birində qadın üzvlər var. Əksəriyyətində müavin, bəzilərində sədrlər qadınlardır. Azərbaycan ailəsində ananın ailə institutunun formalaşmasında rolu var. Bizim əsas qazancımız ibtidai sinif rəhbərlərinin qadın olamasıdır. Onlar bizə analıq ediblər”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin eksperti Sədaqət Paşayeva deyib ki, bizim bir sıra problemlərimiz ondan qaynaqlanır ki, qız və oğlan uşağı doğulanda onlara bərabər yanaşmırıq. Ailənin, cəmiyyətin inkişafında bərabər imkanlar vacibdir. Buna görə mütləq belə dinləmələr aparılmalıdır. Hələ də məişət zorakılığı cinayət əməli kimi tanınmır. Ailəyə iki nəfərin ittifaqı kimi baxmamalıyıq, ailədə insanlar öz məsuliyyətini və hüququnu dərk etməsə, böyük problemlər yaşana bilər.

Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli çıxış edərək bildirib ki, ana olmayıb da gözəl idarəçi olan xanımlar var, məsələn Angela Merkel kimi. Bir dəfə bir müsahibim mənə qadın siyasətçilərlə bağlı gözəl bir fikir bildirmişdi: “Qadının siyasətdə olması parfüm qoxulu siyasətdir. Sən qadın siyasətçini dinləmək istəməsən belə onu dinləyirsən”. Üzümü kişilərə tutub demək istəyirəm ki, çalışın qadınlara qarşı qısqanc olmayın. Qadınlara qəlblərinizdə yer verdiyiniz kimi meydanlarda da yer verin”.

Qeyd edək ki, Qadın Konsensus Mərkəzinin “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində 5 ictimai dinləmə-seminarın keçirilməsi nəzərdə tutulub. İctimai dinləmələrdə qadın mövzusu ilə məşğul olan ekspertlər, ictimai fəal insanlar, müvafiq Qeyri-hökumət təşkilatlarının nümayəndələri, bəzi dövlət qurumlarının təmsilçiləri iştirak edirlər. Bundan başqa, layihədə nəzərdə tutulduğu kimi, “Facebook” sosial şəbəkəsində “Qadınlara ədalət” adlı səhifə yaradılıb və səhifə aktiv şəkildə gender və qadın problemləri mövzusuna toxunaraq müzakirələr açır.

5 mövzu üzrə, ayda bir dəfə olmaqla ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub. Bu mövzular “Məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə”, “Qadınların siyasi iştirakçılığı”, “Sahibkar qadınlar”, “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması və gender bərabərliyi”, “Qadın mövzusu KİV və sosial mediada” sahələrini əhatə edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm