ADU-da “Nizami Gəncəvi mədəni irsi”nə həsr olunmuş sərgi keçirilib
Bizi izləyin

Qırmızı.az

ADU-da “Nizami Gəncəvi mədəni irsi”nə həsr olunmuş sərgi keçirilib

Martın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) “Nizami Gəncəvi mədəni irsi”nin təbliğinə həsr olunmuş növbəti əl işləri sərgisi keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən Publika.Az-a verilən məlumata görə, İRK-nın Türk Dünyası Folklor Mərkəzinin təşkilatçiliğı ilə keçirilən sərgidə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə adına İncəsənət Kollecının Tərbiyə işləri üzrə prorektoru Həşim Paşayev, ADU- nun İnformasiya Resurs Kompleksinin (İRK) direktoru Şəhla Xudiyeva, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto, universitetin dil mərkəzlərinin rəhbərləri və müəllim-tələbə heyəti iştirak edib.

Sərgidə rəssamların, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə adına İncəsənət Kollecinin və ADU tələbələrinin, həmçinin Nizami Gəncəvi yaradıcılığını sevənlərin əl işləri nümayiş olunub. Təqdim olunan əl işləri arasında Nizami Gəncəvinin “Yeddi Gözəl”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” və sair əsərlərinin obrazlarının qəhrəmanlıq sujetlərini əks etdirən təsviri incəsənət nümunələri sərgilənib. Sərgi iştirakçıları, eyni zamanda müxtəlif üslubların əks olunduğu (kətan, barelyef), incəsənət və sənətkarlıq nümunələri (şüşə və xalça müxtəlif dövrlərin naxış üslub, vitraj) və fotoşəkillərlə tanış olublar.

Sərgini giriş sözü ilə açan İRK-nın direktoru Şəhla Xudiyeva qonaqlara minnətdarlığını bildirərək qeyd edib ki, ADU-da mütəmadi olaraq belə tədbirlər həyata keçirilir. Hər il Nizami Gəncəvinin yaradıcılığının təbliğinə həsr olunmuş əl işləri sərgisinin keçirildiyini deyən İRK-nın direktoru tədbirlərin reallaşmasında verdiyi dəstəyə görə ADU-nun rektoru Səməd Seyidova təşəkkürünü bildirib.

ADU-nun rektoru Səməd Seyidov isə çıxışında sərgidə əl işləri nümayiş olunanları təbrik edib. Rektor, professor Səməd Seyidov belə tədbirlərini həyata keçirilməsinin Nizami irsinin təbliğində vacib əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. S. Seyidov Nizami Gəncəvinin yaradıcılığının təbliğinə həsr olunmuş əl işləri sərgisinin ADU-da keçirilməsinin ənənəyə çevrildiyini bildirib. Rektor S. Seyidov sərginin yüksək səviyyyədə təşkil olunduğunu və İRK-nin aktiv fəaliyyət göstərdiyini vurğulayıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov öz növbəsində dəvətə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. A. İbrahimov qeyd edib ki, Nizami Gəncəvi məhəbbət şairi kimi tanınıb və onun yaradıcılığında əsasən lirik əsərlər üstünlük təşkil edir. Xalq rəssamı Ağaəli İbrahimov söylədi ki, gənc nəsl onun irsini öyrənməli və yaradıcılığının təbliğatçısına çevrilməlidir. Sonra çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə adına İncəsənət Kollecının Tərbiyə işləri üzrə prorektoru Həşim Paşayev təmsil etdiyi təhsil müəssisəsi haqqında məlumat verib. İncəsənət kollecinin bir sıra tanınmış rəssamlar yetişdirdiyini deyib.

İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto isə çıxış edərək sərgidə iştirakından məmnunluğunu ifadə edib. Diplomat bildirib ki, öz tarixinə, keçmişinə və görkəmli şəxslərinə qiymət verən xalq müdrik xalqdır. O, Azərbaycan xalqının bu xalqlardan biri olduğunu da sözlərinə əlavə edib.

Sonda sərgidə nümayiş olunan əl işlərinə baxış keçirilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm