Talassemiya daşıyıcıları evlilikdən imtina etdilər - AZƏRBAYCANDA
Bizi izləyin

Qırmızı.az

Talassemiya daşıyıcıları evlilikdən imtina etdilər - AZƏRBAYCANDA

Beş ay ərzindən nikahdan əvvəl tibbi müayinəyə daxil olan 32 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb. Rayon xəstəxanalarının baş həkimlərindən aldığımız məlumata görə, onların bir neçəsi evlilikdən imtina edib.

Bu barədə Publika.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Onun sözlərinə görə, müayinələr aparılandan sonra nəticələr barədə qeydiyyatda olduqları xəstəxanaların hemotoloqları cütlüklərə məlumat verir. Daşıyıcılığın sonrakı nəticələri izah edilir:

“Cütlüklər istəsələr, evlilikdən imtina edə bilərlər. Bizdə olan məlumata görə, artıq bir neçə cütlük evlilikdən imtina edib. Əlbəttə, daşıyıcı olmalarına baxmayaraq, ailə quranlar da var. Daşıyıcılıq aşkarlananların neçəsinin qohum olması barədə isə araşdırma aparılacaq”.

Z.Əlimirzəyeva onu da bildirib ki, ötən ay ərzində 10920 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib, 513 nəfərdə talassemiya daşıyıcılığı, 24 nəfər siflis, 12 nəfərdəsə İİV aşkarlanıb.

İyunun 1-dən bu günə kimi nikaha daxil olmaq istəyən 63 800 nəfər tibbi müayinədən keçib. Həmin şəxslərin 4213 nəfərinin talassemiya daşıyıcılığı, 45 nəfərdə İİV infeksiyası, 161 nəfərdə isə siflis qeydə alınıb:

"İİV infeksiyası ilə bağlı məlumatlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə, siflis virusu aşkarlananların nəticələri isə Dəri-zöhrəvi dispanserinə göndərilib. Çünki infeksiya aşkarlansa belə, bizim apardığımız analiz ilkin rəydir. Onun yenidən yoxlanmasına ehtiyac olur. Bizim müayinəmiz kəmiyyət müayinəsidir, daha sonrakı mərhələdə keyfiyyət müayinəsi aparılır. Adıçəkilən mərkəzlərdə həmin şəxslərin təkrar müayinəsi aparılır”.

Qeyd edək ki, bu il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçmələri məcburiləşdirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm