Qızılgül olmayaydı... Son nəfəsində “Sovetski”dən REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qızılgül olmayaydı... Son nəfəsində “Sovetski”dən REPORTAJ - FOTOLAR

- Bu avtobus “Sovetski”yə gedir?

- Ay xala, “Sovetski” var indi? Söküblər, yerində xarabalıq qalıb...

- Nə danışırsan, ay oğul, o boyda “Sovetski”ni necə söküblər? Bəs indi mən Qızılgülü necə tapım?

Yaşlı qadın “Sovetski”nin sökülməyi ilə heç cür razılaşa bilmirdi. Əlindəki torbaları dayanacağın tirinə söykəyib gəlib-keçənlərdən bu xəbəri inkar edən bir söz eşitmək ümidilə “Sovetski”nin aqibətini soruşurdu...

Görünür, Bakıya çoxdandır yolu düşməyən qadının şəhərdəki dəyişikliklərdən xəbəri yox idi. Avtobus tərpəndiyindən, xalanın dayanacaqda daha nə qədər qaldığını, hara getdiyini bilmədim. Amma “Sovetski” məsələsi jurnalist kimi mənim də marağımı çəkdi. Elə bu maraqla da üz tutdum bu məkana...

... Həqiqətən də, avtobus sürücüsünün dediyi kimi, “Sovetski” xarabalığı xatırladırdı. Əvvəlki qaynayan məhəllələrdən əsər-əlamət qalmamışdı. Yolun üst tərəfindəki evlərin əksəriyyəti sökülsə də, dağılmış evlərin arasında asılmış paltarlardan və aralıqda uşaqların oynamalarından bilmək olurdu ki, burada hələ də yaşayış var. Amma insan yaşayan həmin evlərə getmək üçün kanalizasiya arxlarının və qalaqlanmış zibil yığınlarının üstündən tullanmalısan...

Beləliklə, bir vaxtlar Bakının ən “blatnoy” məhəllələrindən olan “Sovetski” indi öz şöhrətli keçmişi ilə sağollaşan, can üstündə olan qocaya bənzəyirdi.

“Mirələkbər əmi, nə qulluğun?..”

“Bu “Sovetski” başqa aləm idi, onu burada doğulub yaşamayan adam anlaya bilməz. Uşaq vaxtı məhəllədə oynayanda sevinirdik ki, böyüklərdən kimsə bizi qulluğa göndərsin. Görsək ki, bizə heç nə tapşırılmadı, özümüz gedib soruşurduq ki, Mirələkbər əmi, nə qulluğun..?”

“Sovetski” sakinlərinin birindən eşitdiyim bu fikir beynimdə dolaşa-dolaşa hələ dağılmamış məhəllələri keçib yarısökülmüş evlərə çatdım. Məhəllədə söküntü işləri qeyri-müəyyən müddətə dayandırıldığından sakitlik idi. “Sovetski” bəlkə də tarixində heç vaxt bu qədər sakit olmamışdı. Kimsəsiz evlərin arası ilə bir Allah bəndəsi axtarırdım ki, qarşıma yaşlı bir qadın çıxdı. 55 il yaşadığı məhəlləni birdən-birə bu cür xaraba vəziyyətdə görmək Nəsibə xalaya ağır gəlmişdi. Dediyinə görə, evə görə kompensasiya verilsə də, hələ də əllərindəki pula uyğun ev tapa bilməyiblər. Qadının danışdıqca gözləri dolurdu, görünür, ömrünün sonunda birdən-birə belə tənha qalmaq ona ağır gəlirdi: “38 min manat kompensasiya almışıq. Amma evlər çox bahadır, ala bilmirik, qalmışıq avara. Qonşular hamısı köçüb gediblər. Dəli oluram, siçovullar ayağımın üstündən atılıb o tərəf-bu tərəfə keçir. Çox qorxuram. Bir ev tapsaydıq, yığışıb başımızı soxardıq”.

Məhəllədə əksər sakinlər evlərini tərk etsələr də, yaşayış sahəsi az olduğu üçün verilən pula qane olmayanlar da var idi. Məhəlləni dolaşdıqca onu da öyrəndim ki, bir çox evlərdə qarışıq-dolaşıq vərəsəlik problemləri də var. Bir-birinin içərisində olan kiçik daxmalarda bəzən 10-15 nəfərin qeydiyyatda olması bir yana, məhəllənin söküldüyünü görüb, nə vaxtsa mənzildə yaşamış, illər öncə evi tərk etmiş sakinlər ortaya çıxır, pula iddia edir, alınan kompensasiyanı bölüşdürmək istəyirlər. Elə bu vərəsəlik problemləri ucbatından bəzi sakinlər kompensasiyanı götürüb çıxa bimirlər.

Onlardan biri də Rəhimə Cabbarovadır. Artıq beşinci nəsil bu evdə yaşadıqlarını deyən xanımın sözlərinə görə, 50-ci ildən buradan köçüb getmiş anasının xalası oğlu saxta yolla “kupça” əldə edərək evə verilən kompensasiyaya iddia edir.

Digər bir problem isə ətraf evlər sökülən zaman ona məxsus mənzilin də zərər çəkməsidir: “Evimizin sağını da, solunu da söküblər, ev qalıb ortada. Qonşuların evini sökəndə bizim də evi uçurtdular. Yağış yağanda selin-suyun içində oluruq. Damı da uçulub, hər yerə ləyən düzürəm ki, yağış yerə tökülməsin. MİS-ə şikayət etdim, gəlib baxdılar, heç nə də eləmədilər. Normal pul versələr, köçmək istəyərəm, amma vərəsəlik məsələsi bilmirəm necə olacaq”.

“50 il qabaq kirayədə qalan da pul istəyir...”

Nazilə Quliyeva da təxminən eyni dərddədir. İllər öncə mənzildə kirayədə qalan şəxs MİS tərəfindən qeydiyyata salınıb və evə iddia edir. Ev də deyəndə, cəmi 19 kv.metrdən ibarət kiçik bir mənzildir. Həm də bu boyda yerdə 9 nəfər qeydiyyatdadır. Bütün bunlar azmış kimi, qonşu evlər sökülən zaman buldozer mənzili zədələyib. Elə o vaxtdan da ev sahibinin yaşayışı müşkülə çevrilib: “Evimizdə yaşamaq çox təhlükəlidir. Buldozer evimizi dağıdanda FHN-i çağırdıq, gəlib baxdılar və Yasamal Rayon İcra Hakimiyyətinə müraciət elədilər ki, evi bərpa etsinlər. İcradan da dedilər ki, xüsusi mülkdür, özünüz təmir edin. Mənim də təmirə imkanım çatmır. Gözləyirik görək başımıza nə gələcək...”

Sakinlərdən onu da öyrəndik ki, gələn ilin I kvartalından başlayaraq qalan evlər də söküləcək.

Amma fürsətdən istifadə edib, yarımçıq tikililəri kirayə verib pul qazananlar da var idi. Qapısını döydüyümüz birotaqlı mənzili 150 manata Lənkərandan olan ailəyə kirayə vermişdilər. Rast gəldiyimiz qapıların bəzilərində “Yaşayış var” sözləri yazılmışdı. Bu da onu göstərir ki, sahibsiz bilib içəri girən, divarlar arasında təbii ehtiyaclarını ödəyənlər də var imiş. “Sovetski”nin taleyinə ömrünün son günlərində bunları yaşamaq da yazılıbmış...

Gördüklərimizi görüb məhəllədən çıxmaq istəyirdik ki, qarşımıza tində divara söykənib oturmuş yaşlı kişi çıxdı. Heç olmasa, bir nəfər nostalji hisslərlə yaşayıb məhəllədən ayrılmaq istəməyən sakin tapacağıma ümid etsəm də, xeyli yanıldığımı başa düşdüm. 87 yaşlı Tofiq Muxtarov darısqal mənzillərdən necə bezmişdisə, ürəyini bizə açdı: “Uşaqlıqdan burada yaşayanam. Hər yer sökülüb-tökülür. Bu evlər 200 il bundan əvvəl tikilib. Tikiləndə bizə hələ sement gəlib çatmamışdı, ona görə də palçıqla tikilib. Elə bu gün sökülsə, köçüb gedərəm. Bu nə yaşayışdı, darısqalçılıq, nəmişlik, tör-töküntü...”

Bir vaxtlar Bakının ürəyi olan bu məhəllələr tarixə qovuşur, can üstədi. Biz də “Sovetski”nin son günlərinə şahid olduq. Bundan sonra bu məhəllə elə mahnıda deyildiyi kimi ürəklərdə yaşayacaq. Bu yerdə yadıma avtobusda qarşılaşdığım qadın düşdü. Düşündüm ki, görəsən, Qızılgülü tapa biləcək, ya yox...

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm