Dilimizi korlayan küçə adları və reklamlar - MONİTORİNQ
Bizi izləyin

Qırmızı.az

Dilimizi korlayan küçə adları və reklamlar - MONİTORİNQ

AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən paytaxtın Nəsimi, Səbail və Nərimanov rayonları ərazisində küçə adları, afişa və reklamların dilinin normaya uyğunluğu barədə monitorinqlərin nəticələrini açıqlanıb.

Üç rayonda 3800-dən çox obyektdə aparılan monitorinqlər zamanı ümumilikdə 1300-ə yaxın norma pozuntusu aşkarlanıb.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən institutun direktor müavini Baba Məhərrəmli bildirib ki, monitorinqlər “Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələblərinə uyğun keçirilib.

“Bu proqram Dilçilik İnstitutu qarşısında mühüm vəzifələr qoyub. Proqramda küçə adları, afişaların monitorinqlərinin aparılması da xüsusi qeyd olunub. Bu il ərzində institutun monitorinq şöbəsi bir neçə istiqamətdə monitorinq aparıb. Bakı şəhərində küçə adları və afişaların dilində anormal hallarla qarşılaşırıq. Bizim də başlıca vəzifəmiz dövlət oqranları ilə birlikdə mübarizə aparmaqdır”.

Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli bildirib ki, monitorinqlərin məqsədi dilin düzgün işlədilməsini təmin etməkdir.

“Bu gün küçədə, metroda reklam və afişaların dilində çoxlu pozuntular aşkarlanır. Bu pozuntuların aradan qaldırılması hər birimizi narahat edən məsələdir, onun aradan qaldırılması üçün birlikdə mübarizə aparmalıyıq. Görülən işlər küçə adlarında problem, demək olar ki, aradan qaldırılıb. Dilin qorunması üçün monitorinq aparmaqla yanaşı, yaxın gələcəkdə vətəndaşlar da bu işə cəlb ediləcək. Dildəki pozuntuların aşkarlanması üçün “Qaynar xətt”in yaradılması bu dilin qorunması üçün görülən vacib tədbirlərdəndir.

“Qaynar xətt”in yaradılması üçün işlər son mərhələdədir. Bununla da bütün respublika əhalisini dilin qorunması üçün mübarizəyə dəvət etmiş olacağıq”.

“Küçə adları, reklam və afişaların dili”nin monitorinqi üzrə qrupun rəhbəri Rasim Heydərov bildirib ki, nöqsanların əksəriyyəti ticarət və ictimai iaşə obyektlərində və digər sahələrdə qeydə alınıb.

“Əsas pozuntular obyekt adlarının əcnəbi dildə və qrafika ilə verilməsi, mətnlərin əcnəbi dildə yazılmasıdır. 2014-cü ilin sentyabrından bu ilin oktyabr ayına qədər aparılan monitorinqlər zamanı ən çox pozuntunu şəhər mərkəzində qeydə alınıb. Pozuntuların rayonlar üzrə bölgüsünə gəldikdə, Nəsimi rayonunda 408, Nərimanovda 429, Səbail rayonunda 462 fakt qeydə alınıb. Məsələn, Nizami küçəsində adlara baxan insan özünü xaricdə hiss edir. Pozuntular arasında adların əcnəbi qrafika ilə yazılması üstünlük təşkil edir. Nərimanov rayonunda aparılan monitorinqlər zamanı əsas pozuntu ticarət müəssisələrinin üzərindədir. Reklam lövhələrində “Şəkər yoxdur, yalnız qanadlar” kimi anlaşılmayan ifadələrə rast gəlinir. İaşə obyektlərinin adlarında normaların pozulması hallarının aradan qaldırılması çətin olur. Yaxşı olar ki, obyekt qeydiyyatdan keçəndə Vergilər Nazirliyində Dilçilik İnstitutunun əməkdaşları olsun və yaxud da bizə bu barədə müraciət edilsin. Çünki sonradan obyekt sahibi adı dəyişmək istəmir. Mülkiyyət bölgüsünə gəldikdə pozuntular daha çox özəl müəssisələrdədir”.

R.Heydərov bildirib ki, küçə adlarındakı nöqsanlar aradan qaldırılsa da, hələ də pozuntulara rast gəlinir. “Nəsimi rayonunda Dilarə Əliyeva küçəsi ilə kəsişmədə “Droqal Döngəsi” adına rast gəlmişik. Bu adın yanında kiçik məlumat verilməsinə ehtiyac var. Zeynalov, Nizami, Füzuli, Vidadi, Xaqani, Nəsimi, Ordubadi kimi küçə adlarında soyadın verilməməsi problemdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm