Bu ərazilərdə sürüşmə aktivləşib - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu ərazilərdə sürüşmə aktivləşib - SİYAHI

Ötən ilin dekabrında bir sıra sürüşmə sahələrində aktivlik müşahidə edilib.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Ə.Piriyev bildirib ki, Şamaxı yolunda aktivlik müşahidə olunmasa da, çatlarda genişlənmə var. İsmayıllı-Muğanlı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində yolboyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmə sahələrində mövcud çatlar genişlənib.

“Yolun 23-24 km-də quraşdırılmış topoqrafik reperlərdə 0,2-0,9 sm hərəkət müşahidə olunub, İsmayıllı rayonundakı Xankəndi sürüşmə sahəsində də aktivlik qeydə alınıb. Ağsu rayonunda sürüşmə sahələrində sabitlik müşahidə edilir. Bakı-Ağsu avtomobil yolunun 132-156-cı kilometrliyindəki sürüşmə sahəsində də proses aktivləşib və uçqun-töküntü hadisəsi qeydə alınıb. Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində uçqun prosesinin daha geniş ərazini əhatə etməsi müşahidə olunub. Lənkəran rayonunda Horavenç sürüşmə sahəsindəki kütlənin üzərində iki mövcud çatda, Lerikdəki Veri-Əliabad sürüşmə sahəsinin kütləsi üzərindəki mövcud çatlarda, Cəlilabad rayonunun Sadatlı sürüşmə sahəsində aktivlik qeydə alınıb”.

Eyni zamanda, Gədəbəydəki Pirdağ, Şahdağ sürüşmə sahəsində də ay ərzində aktivlik müşahidə olunub.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə sahəsinə gəldikdə Ə.Piriyev ərazidə bərpa-gücləndirmə işləri aparılması səbəbindən prosesin dinamikası üzərində monitorinq işlərinin müvəqqəti dayandırıldığını deyib: “Abşeron rayonunda sürüşmə sahələrində aktivlik müşahidə edilib. Masazır sürüşmə sahəsindəki mövcud çatlarda cüzi - topoqrafik reperlərdə 1-2 mm genişlənmələr qeydə alınıb. Səbail, Bayıl, Xətai, Badamdar, Nərimanov sürüşmə sahələrində aktivlik müşahidə edilməyib. Əhmədli-Günəşli, Zığ-1 və Qaraçuxur sürüşmə sahələrində aktivlik müşahidə olunub”.

Baş geoloq onu da bildirib ki, dekabarın 31-dən yağan güclü qar, şaxtalı hava hazırda sürüşmə sahələrini bərkidib. Lakin növbəti aylarda qarın əriməsi və yağan yağışlar sürüşmə sahələrini aktivləşdirəcək

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm