Azərbaycanda pulsuz yeməkxanalar: olsun-olmasın? - MÜNASİBƏT
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda pulsuz yeməkxanalar: olsun-olmasın? - MÜNASİBƏT

Tiflisin pulsuz yeməkxanalarından il ərzində 35 mindən çox insanın istifadə etməsi ilə bağlı xəbəri, yəqin ki, çoxları oxuyub. Xəbərdə deyilirdi ki, şəhər meriyası ötən il ərzində paytaxtdakı 60 yeməkxanaya 26,3 milyon lari (11 milyon dollar) ayırıb.

Bəs Azərbaycanda belə yeməkxanaların açılması nə qədər realdır? Bununla bağlı təşəbbüs hansı qurumdan gəlməlidir?

Publika.az-ın suallarını sosioloq Əhməd Qəşəmoğlu cavablandırıb.

İdeya yaxşı ideyadır, amma...

Ekspertin sözlərinə görə, adətən, belə sosial yeməkxanaların təşkilində təkcə dövlət deyil, ictimai təşkilatlar və dini qurumlar da iştirak edirlər. Xarici təcrübədə dövlət həmkarlar ittifaqları və ya başqa qurumlar vasitəsilə bu işə yardım edir.

Mütəxəssis hesab edir ki, bunun üçün xarici təcrübəni öyrənmək və ondan faydalanmaq lazımdır: “Bizdə bu layihəni ünvanlı sosial yardım alanların kriteriyaları ilə hazırlamaq olar. Ümumiyyətlə, sosial yeməkxanalarla bağlı ideyanı gözdən kənara qoymaq olmaz. Mən İsveçrədə belə yeməkxanaların olduğunu görmüşəm. Dəniz kənarında masalar qurulmuşdu və insanlar səliqə ilə növbəyə dayanıb yaxınlaşır, əllərindəki sənədi göstərib yemək paylarını alırdılar. Ətrafda isə qazanlar düzülmüşdü. Həmin vaxt hava yaxşı olduğuna görə açıq havada idi, yəqin ki, bunu bağlı yerlərdə də təşkil edirlər. Azərbaycanda da nə vaxtsa böhranlı vəziyyət yarana bilər. Çox yaxşı olar ki, müvafiq qurumlar, əhali ilə bağlı işləyən nazirliklər bunu diqqətdə tutsunlar. Düşünürəm, onun bütün mexanizmi indidən hazırlanmalıdır ki, sabah çətinlik olmasın”.

Sosioloq hesab edir ki, əsas məsələ layihə təşkil olunan zaman fırıldağa yol verilməməsinə çalışmaqdır. Çünki adətən, belə layihələri təşkil etməyə başlayanda fırıldaqçılar tapılır və vəsaitin bir hissəsini camaata xərcləyir, qalanını isə özlərinə götürürlər. Belə olanda xeyriyyəçilər də kömək eləməkdən imtina edirlər: “Mən əgər xeyriyyəçiliklə məşğul olan imkanlı şəxs olsam, eşitsəm ki, belə bir yer var və orada pulları düzgün xərcləyirlər, ora mütləq pul keçirərəm. Təcili bu işə başlamaq və dediklərimə nail olmaq lazımdır. Bütün insanların maaşını artırmaq mümkün deyil. Ona görə də işsiz və pensiya ilə yaşayan, imkanı olmayan insanlar üçün belə yerlər təşkil etmək olar. Pensiya ilə dolanan adam pensiyasını alan kimi gedib birinci növbədə dərman alacaq. Vicdanla belə insanları axtarmaq lazımdır. Bir ay ərzində çoxlu tədqiqat aparmalı və mexanizm hazırlamalıyıq”.

“Biz şəxsi təşəbbüslə gedib çadır qura bilmərik...”

Qəşəmoğlu hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu işdə təşəbbüskar olmalı, qabağa düşməlidir. Dini idarələr də yardım etməli, nəzir qutularından yığılan gəlir, o cümlədən, xeyriyyəçilər cəlb olunmalıdır. Əlbəttə ki, xeyriyyəçini buna məcbur etmək olmaz. İşi elə təmiz qurmaq lazımdır ki, onlar özləri gəlib yardım etsinlər. Sosioloqun sözlərinə görə, bəzən şirkət əməkdaşları öz aldıqları maaşdan hər ay 2-3 manat ödəyərək xeyriyyə məqsədlərinə sərf edə bilər. Məsələn, belə bir təcrübə BP şirkətində var. Həmin büdcə ilə sosial layihələr edilir. Əməkhaqqı yüksək olan şirkətlərdə də bunu qurmaq, eyni təcrübəni tətbiq etmək olar.

Məsələ ilə bağlı ƏƏSMN-lə əlaqə saxladıq. Lakin nazirlikdən belə bir layihənin olmadığını dedilər: “Biz mərkəzi icra hakimiyyəti orqanıyıq. Biz şəxsi təşəbbüslə gedib çadır qura bilmərik. Yaxşı olar ki, bunu Bakı Şəhər İcra Hakimiyyətindən soruşasınız...”

Bakı Şəhər İcra Hakimiyyətindən isə onlarda belə bir layihənin olmadığını bildirdilər. Meriyanın Ticarət və Xidmət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Əliabbas Bağırovun Publika.az-a bildirdiyinə görə, əslində, belə layihənin həyata keçirilməsi daha yaxşı olardı: “Şəhərdə ara-sıra belə tədbirlər həyata keçirilir. Adətən bunlar müxtəlif münasibətlərlə əlaqədar - Qurban bayramında və ya hansısa dini ayinlərə uyğun vaxtlarda edilir. Sosial yeməkxana mənasında isə hələ belə bir layihə yoxdur. Amma olsa, daha yaxşı olar. Dünyanın müxtəlif yerlərində, xüsusən də müsəlman ölkələrində belə layihələr var. Biz bu təşəbbüsü qaldırsaq, yəqin ki, yaxşı qarşılanar. Çünki bu, Allah rizası üçün olan bir işdir”.

Azərbaycanda imkansızlar üçün sosial yeməkxanaların yaradılması layihəsi heç dini qurumların da diqqətində olan məsələ deyil.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən bildirdilər ki, bununla bağlı dini icmalar komitəyə hər hansı layihə təqdim etməyiblər.

Xarici təcrübə

Məlumat üçün bildirək ki, ABŞ-da, bir sıra Avropa ölkələrində imkansız insanlar üçün xüsusi yeməkxanalar mövcuddur.

Nyu-Yorkda kasıblar üçün nəzərdə tutulmuş yataqxanalarda səhər yeməyi, nahar, şam yeməyi, yorğan-döşək və geyim verilir. Geyim həm də pulsuz olaraq yuyulub təmizlənir. Bundan əlavə, ay ərzində 300 dəqiqə ödəniş daxil olan mobil telefon verilir.

Parisdə xüsusi avtobus vasitəsilə evsizlər toplanır. Burada, adətən, könüllülər işləyirlər. Onlara buterbrod təklif edilir və şəhərin kənarındakı yataqxanaya aparırlar. Sığınacaqda lazımi yaşayış vasitələrilə təmin olunmuş saxlama kameraları var. Burada qidalanmaya görə sosial kartlar verilir. Həm də bütün güzəştləri almaq üçün heç bir arayış tələb olunmur. Hesab edilir ki, əgər insan kömək üçün sosial xidmətə müraciət edirsə, deməli, həqiqətən də buna möhtacdır.

Berlində imkansızlara pulsuz qidalanma ilə bağlı yardım ictimai təşkilatlar və kilsələrin köməyi ilə gerçəkləşir. Könüllülərin hazırladıqları pulsuz yeməklərin menüsünə mütləq bir qaynar yemək daxil olur.

Berlində, həmçinin, "Sup mətbəxi" deyilən yer var ki, orada hər gün 300-400 kasıb və evsizi yedirirlər. Amma burada gecələmək olmaz. Mətbəx saat 8.00-də açılır, səhər yeməyinə içki, buterbrod və ya sıyıq verir. 12.45-dən 14.30-a qədərsə isti nahar almaq olar. Monastırın ərazisinə sərxoşları buraxmırlar.

Burada, həmçinin, qadınlar və kişilər üçün ayrı hamamlar da var.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm