Generalın xuliqan qohumu imtahanlara niyə buraxılmayıb? – SƏBƏB
Bizi izləyin

Qırmızı.az

Generalın xuliqan qohumu imtahanlara niyə buraxılmayıb? – SƏBƏB

Yanacaqdoldurma məntəqələrindən birinin mühafizəçisini döyən general qohumu İsa Əzizov təhsil aldığı universitetdə qış imtahan sessiyasına buraxılmayıb.

Qeyd edək ki, məhkəmə İ.Əzizova 30 günlük inzibati həbs cəzası təyin edib. Bununla razılaşmayan idmançı apellyasiya şikayəti verib və bu müddətin ali məktəbdə davamiyyətinə təsir edəcəyini əsas gətirərək cəzadan azad olunmasını istəyib. Lakin hakim onun istəyini təmin etməyib.

İ.Əzizovun tələbəsi olduğu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Marketinq və Kommunikasiya Departamentindən Publika.az-a verilən məlumata görə, İ.Əzizov maliyyə və mühasibat fakültəsinin II kurs tələbəsidir.

Məlumatda bildirilir ki, haqqında həbs qərarı çıxarılan tələbə hələ bu hadisə baş verməzdən əvvəl qış imtahan sessiyasına buraxılmayıb: “Tədrisin təşkili qaydalarına uyğun olaraq tələbə dərsə davam edə bilir və növbəti kursa keçir. Gəlmədiyi dərslərdən “qayıb” yazılır. Davamiyyət limitini keçdiyinə görə avtomatik olaraq imtahana buraxılmır və kəsir yaranır. Tələbə kəsiri olan davamlı fənlərə növbəti semestrdə buraxılmır”.

Universitetdən onu da bildiriblər ki, İsa Əzizovun dərsə davamiyyəti və semestr nəticələri “0” olduğu üçün qış imtahan sessiyasına buraxılmayıb.

Xatırladaq ki, yanvarın 25-də səhər saat 4 radələrində Bakının Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn maşının sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov saxlanılıb. Nəsimi Rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçən prosesdə onların barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. Qərarla razılaşmayan İ.Əzizov apellyasiya şikayəti verib, lakin şikayəti təmin edilməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm