15 ilə sığmayan arzular – Gənclərimiz nə düşünür?
Bizi izləyin

Qırmızı.az

15 ilə sığmayan arzular – Gənclərimiz nə düşünür?

Gənclik inamdır, enerjidir, sevgidir. Gənclik ideya və arzulardır, ümiddir. Gənclik hür və azadlığın insandakı təbii ifadəsidir. Gənclik, toplumun güclü, dayanmadan irəliləyə biləcək potensialda olan lokomotividir. Kimi gəncliyini gənc kimi yaşayır, kimi gəncliyin verdiyi enerjilə zəhmət çəkir, əzabla yaşayır, amma bütün hallarda gənclik insan ömrünün ən önəmli, ən gözəl dövrüdür...

Bu gün ölkəmizin 28.1 faizini təşkil edən gənclərin bayramıdır. 1997-ci ildən etibarən hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Bunu fürsət bilib, onlarla öz günlərində həmsöhbət olduq.

Gəncliyin məkanı və zamanı olmaz


Xoş əhvali-ruhiyyəsi ilə əsl gəncliyi xatırladan 23 yaşlı Aynur deyir ki, hər gününü son günmüş kimi daha dolğun, daha rəngarəng yaşamağa çalışır:

“Hər gün işə getsəm də, dostlarla görüşə, kitab oxumağa vaxt tapıram, sevdiyim və məni rahatladan bir şeylərlə məşğul oluram. Ölkəmi və şəhərimi çox sevirəm. Gəncliyi gözəl yaşamaq üçün məncə məkanın, zamanın fərqi yoxdur, bu daha çox insanın özü ilə bağlı olan məsələdir. Gənclik bizim içimizdədir”.

Gənc arzular...

Azərbaycan Dillər Universitetinin tələbəsi Röya gəncliyindən razıdır:

“Əlbəttə, gəncliyimdən, ölkəmizdəki gənclər üçün yaradılmış şəraitdən razıyam. Gələcəyimizin parlaq olacağına da inanıram. Amma çox istərdim ki, bir çox ölkələrdə olduğu kimi, bizim də ölkəmizdə tələbələrin dünyagörüşlərini artırması üçün müəyyən işlər görülsün, istirahətlərini gözəl keçirmək üçün gənclərə bəzi güzəştlər edilsin. Məsələn, aviabiletlərin qiymətində, kafe-restoranlardakı qiymətlərlərdə tələbələrə, gənclərə güzəştlər tətbiq olunsun”.

Ömrünün ən gözəl zamanını yaşayan “ADA” universitetinin tələbəsi Nərmin Qəhrəmansoy bəzi problemlərin onun həyatında müəyyən əngəllər yaratdığını deyir:

“Gəncliyimi yaşamağa çalışıram. Təhsilimi artırmaqda davam etmək fikrindəyəm, amma çox istəyərəm bu yolda qarşımıza çıxan bəzi maddi əngəllər olmasın. Universitetlərdə iş təyinatı olsun. Gənclər və tələbələr üçün güzəştlər tətbiq edilsin”.


Gənclər istədikləri yerdə deyil

25 yaşlı sığorta mütəxəssisi Elnur Babayev yaşadığı gənclikdən razı olsa da, narazı olduğu məqamlar da var:
“Gəncliyimi yaşaya bilirəm, təhsil almasaydım və ya bu gün işləməsəydim, bəlkə hər şey fərqli olardı. Gənclər istədikləri yerdə deyil. Gənclik keyfiyyətsiz təhsildən əziyyət çəkir. Bununla yanaşı, gənclər özləri də öyrənmək, inkişaf etmək istəmirlər. Yəni əvvəlcədən özləri üçün düzgün bir məqsəd seçə bilmirlər. İnformasiya texnologiyaları dövründə bilgidən çox əyləncə axtarışındadırlar, təbii ki, əyləncənin də öz yeri var, amma hər şey qədərində olmalıdır”.

Bakı Dövlət Universitetinin tələbəsi Əli isə gəncliyini yaşaya bilməməsinin səbəbini cəmiyyətdə görür:
“Mən gələcəyimi öz hesabıma yaşayıram. Özümün min əzabla qurduğum dünyamda yaşayıram. Cəmiyyət mənə özümü tapmağa mane olub, həmişə tələb və istəklərimin əksinə olub. Ona görə də özümü gec tapmışam. Başqa ölkələrdə 30 yaşına çatmış biri artıq status sahibidir, bizdə isə bu məsələ fərqlidir”.


Ömrü çiçək qədər oldu...



27 yaşlı Gülnar xanım hələ gənc olsa da, ötən illərini təəssüf hissi ilə xatırlayır:


“Gəncliyə doymaq olmur. Gəncliyimi çox çılğın, gözəl yaşamışam, amma məşhur mahnıda deyildiyi kimi, bəzən sevinc, bəzən kədər dolu... Gənclər həyatlarını kiməsə və ya nəyəsə görə deyil, istədikləri kimi yaşasınlar, çünki zamanı tutmaq olmur... Sevgilər də, dostluqlar da bu dövrdə qazanılır. Ömrünüzün ən qısa və ən gözəl dövrünü doya-doya yaşayın.”

Hansı yaşda olmanız fərq etməz, bu gün özünü gənc sayanların bayramıdır.
Hüseyn Cavid demişkən, “Gənclik, əlbəttə, başqa nemətdir, unudulmaz böyük səadətdir”. Səadətinizin daim olması diləyilə, bayramınız mübarək.


Rübabə Mirismayılqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm